İTİRİLMİŞ TORPAQ

Dərc etdi 29 Декабрь 2013 rubrika Romanlar. Şərhlər: 0

Itirilmis torpaqVüqar Dəmirbəyli

İTİRİLMİŞ TORPAQ

Roman

Toğan bəy

 

Miladla on beşinci əsrin ortalarında Türküstan — Xəzərin şərq sahillərindən Çinə qədər uzanan ərazi  — pərən-pərən yaşayan qəbilələrin ixtiyarında qalmaqda idi. Böyük Türk Xaqanlığı dağılandan sonra qismən Ərəb xilafətinin, sonra monqolların, daha sonra Teymurləngin tabeliyində olan bu qəbilələr başqa bir qüdrətli səltənətin meydana gəlmədiyindən daha birləşə bilmirdilər. Türküstan uzun müddətli müharibə və çəkişmələrdən sonra avazıyıb nisbətən sakit, dinc bir həyat yaşamaqda idi. Buradakı qəbilələr aralarında ittifaqlar yaradıb özlərinə bir xanı başçı seçir, onun başçılığı altında öz həyatlarına bir sahman verməyə çalışırdılar.

Təkə, çovdur, salar kimi qüdrətli boyları tabe etmiş Durmuş xan özü  yomud  boyundan idi. Bu boyları bir yerdə və itaətdə saxlamağın nə qədər çətin olduğunu qoca xanın özündən yaxşı heç kim bilmirdi. Bir də gördün bir boy o birinə nəsə boş bir şeyin ütündə düşmən oldu, bir-biriylə qanlı düşdülər. Ondan sonra gəl bunları ayır, iki tərəfi bir-biriynən barışdırana kimi nə qədər adamı qılıncdan keçirirdilər. Bir də gördün ki, bir boy ayağa qalxdı, ona tabe olmaqdan imtina elədi, o biri boyları da təhrik eləməyə başladı ki, onlar da xana qarşı çıxsınlar. Belə olanda Durmuş xan həmişə tədbirlə hərəkət eləməyə çalışardı; ən əsası o idi ki, boyları bir-birindən aralı saxlayaydın, ona qarşı birləşməyə qoymayaydın. Bir də gərək elə siyasət yeridəydin ki, lazım gələndə bir güclü boya qarşı başqa bir güclü boyu qoya biləydin, xanın qəbiləsinə rəqib ola biləcək qəbiləni isə ta gücdən düşənədək başqa qəbiləylə qırğına təhrikləyəydin. Amma gərək o biri yandan da bunlara imkan verməyəydin ki, davanı uzatsınlar, yoxa ölkədə qarma-qarışıqlıq yarana bilərdi. Bunun nəticəsində başqa boylar da xana tabe olmaqdan boyun qaçıra bilərdilər. Bir də gərək bir qəbilənin o biri qəbiləyə qalib gəlib güclənməsinə də imkan verməyəydin. Belə olanda onların heç biri həqiqi olaraq möhkəmlənə bilmir, ikisi də xandan asılı vəziyyətdə qalırdular. Oxu »

İTİRİLMİŞ TORPAQ (DAVAMI)

Dərc etdi 29 Декабрь 2013 rubrika Romanlar. Şərhlər: 0

Deli AliVüqar Dəmirbəyli

İTİRİLMİŞ TORPAQ (DAVAMI)

Roman

Dəli Alının yuxusu

Alı yuxudan elə bil səksənib ayıldı. Tez əlini böyründə divardan asdığı beşaçılana atdı, balışının altına qoyduğu patrondaşını çəkib çıxardı. Cəmisi bir neçə saniyə taxtın üstündə oturub özünü cəmlədi,  sonra cəld ayağa sıçrayıb qırğı kimi pəncərəyə şığıdı, diqqətlə həyətə boylandı.

Arvadı Böyükxanım da tez oyanıb, taxtdan endi, yavaşca mətbəxə keçib, çay qoymaq istədi. Alının belə qəfil gecə yarısı oyanıb otaqda gərdiş eləməsi arvadı təəccübləndirmirdi. Böyükxanım Alının ikinci arvadıydı. Onunla yaşadığı bu neçə ildə Dəlinin davranışına, çılğın xasiyyətinə, gözlənilməz hərəkətlərinə öyrəşmişdi. Alı həmişə sayıq yatar, hər şıqqıltıya oyanıb əlini tüfəngə atardı. İndi də Mahya ondan heç nə soruşmaq fikrində deyildi, amma Alının özü birdən dilləndi:

— Arvad, yaman pis yuxu gördüm, ona görə ayıldım.

— Ə Alı, nədi, nə yuxu görübsən?

Alı hönkürdü:

— A-az, məni vuracaqlar… Oxu »

MÜHACİRƏT

Dərc etdi 29 Декабрь 2013 rubrika Romanlar. Şərhlər: 0

MühaciretVüqar Dəmirbəyli

MÜHACİRƏT

Roman

Müahcirətdən əvvəl

Bu gün Azərbaycanda kimdən Almaniya haqqında soruş-sanız, o sizə bu ölkənin mədəniyyətinə, tarixinə yaxşı bələd olduğunu və hətta onu sevdiyini deyəcək. Azərbaycanlılar həm də əmindirlər ki, almanlar bütün dünyada ən ağıllı, istedadlı və işgüzar insanlardır. Bütün dünyada futbolu hamıdan yaxşı oynayan da, ən keyfiyyıətli avtomobilləri və başqa malları istehsal edən də onlardır. Bizim insanlar həm də deyirlər ki, Almaniya olduqca demokratik və ədalətli bir ölkədir.

“Mühacirət” romanınıda mən öz tərcümeyi-halımı yazmağı qarşıya məqsəd qoymamışam. Bu 80-90-cı illər Azərbaycan ədəbi gəncliyinin faciəvi taleyi və Almaniyaya gedən bir gənc yazıçının mühacirətdəki həyatı və mübarizəsi haqqındadır.

                                                                                                                                                                                                                                              ***

“Mən, Ayaz Səfərov, təxəllüsüm Bozdağlı, Almaniyaya mühacirət etmək qərarına necə gəldim? Keçmiş Sovet İttifaqının bir çox vətəndaşları kimi, mən də o vaxtlar köçüb ya Avropa ölkələrindən birində, ya Amerika Birləşmiş Ştatlarında va da ki, Kanadada yaşamağı tez-tez arzulayırdm. Hər şeydən əvvəl mən inanırdım ki, bu ölkələrdə yazıçı kimi tez bir vaxtda məşhurlaşa bilərəm. Bir yandan da Azərbaycanı, onun tarixini və mədəniyyətini daha yaxşı tanıtmaq istəyi məndə hələ yeniyetməlik vaxtından çox güclü idi. Mən mühacitət zamanı həm də bu arzumu yerinə yetməsinin mümkün olduğunu düşünürdüm.

Qarabağ münaqişəsi bu arzunu məndə daha da gücləndirdi. Lap əvvəldən Moskva mətbuatı və televiziyası bu münaqişəni və onun səbəblərini tamamilə bizim əleyhimizə olan bir mövqedən əks etdirir və Azərbaycana min cür iftira yağdırırdı. Mən əmin idim ki, daxildə, Azərbaycan dilli mətbuatda ölkəmizin mövqeyini müdafiə etmək azdır, rus dilli mətbuatda da bunu etmək lazımdır, həm də təkcə respublika daxilidə deyil, o cümlədən Rusiyanın ozündə, birinci növbədə isə Moskvada. Oxu »

DAĞLARDA

Dərc etdi 26 Декабрь 2013 rubrika Hekayələr. Şərhlər: 0

Murov

Vüqar Dəmirbəyli

DAĞLARDA

Hekayə

,,Dağlarda» hekayəsində mən Azərbaycan əyalətlərindən birində yetmişinci illərin yaylaq hə-yatını və məişət tərzini təsvir etməyə çalışmışam. Bəzi hallarda qeyri-Azərbaycan dilli kəlmə-lərin işlədilməsi, məsələn, anaya “mama» deyə müraciət edilməsini göstərməyim də təsadüfi deyil, yəni bu özü də bir növ reallığı əks etdirir. Bəzi epizodlarda isə insanın xüsusilə uşaqlıqda qarşılaşdığı, indi çox yerdə qəbul olunsa da, Azərbaycanda hələ də üstündən sükutla keçilən cinsi yetkinləşmə və özünüdərketmə məsələlərinə, qısa da olsa toxunmuşam. Mən həmin bu yeri yazandan sonra dəfələrlə onu saxlayımmı, yoxsa çıxarımmı deyə özüm-özümlə mübarizə aparmışam. Azərbaycan əxlaq normaları çox sərtdir, onlar insandan ideal olmağı tələb edirlər, amma bütün bunlardan kənarda həqiqi bir insan həyatı vardır ki, onun da öz axarı olur.

                                                                                                                                                                                                                                         ***

Lap kiçik yaşlarımdan anam mənə dağlardan çox danışardı: necə uzun illər boyu, kənddən bizim qəsəbəyə, atama ərə gəlməzdən əvvəl, hər il yayın başlanmasıyla ailəliklə dağlara qalxmalarını, üç ay alaçıq, ya biz tərəfdə deyilən kimi, dəyə qurub orada yaşamalarını dəfələrlə nağıl etmişdi.

   — Nə deyim axı bu qəsəbəyə, — söylənərdi anam. — Bura gələli dağ da, daş da yadımızdan çıxdı.

Qəsəbəmiz tam düzənlik bir yerdə yerləşmişdi. Qışda bura qar düşməzdi, nə qədər biz, xüsusən də uşaqlar, həsrətində olsaq da, yayı isə əsil cəhənnəm istisi olardı, bütün qəsəbə ilin bu vaxtında sanki bir təndirə dönərdi. Yaşlı adamların dili ilə desək, “elə bil göydən od yağardı”, nəfəs çəkmək olmazdı. Bir parça buludun qəhətə çıxdığı səmada tənbəl-tənbəl diyirlənən günəşin istisi bir yandan, onun az qala yandırıb külə çevirmək istədiyi, sanki qızıb kürəyə dönəcək yerdən qalxan bürkü də bir yandan adamların yaşayışını lap cəhənnəmə döndərərdi. Axşamlar isə günəş batsa da, yerdən qalxan bürkü daha da güclənir, hava boğanağa çevrilirdi. Bir də ki, mığmığalar. Atam nə qədər pəncərələrə tor çəksə də, yenə bir üsulla oradan içəriyə yol tapa bilir, bütün gecəni səhərə qədər bizi daraşa çəkirdilər. Pəncərəni bağlamaq istəyəndə də evin iç divarları gündüzlər çox qızmış olduğundan içəridə hərarət daha da yüksəlir, adam qan-tərə batır, yatmaq olmurdu. Oxu »

FİLMƏ BAXIŞ

Dərc etdi 26 Декабрь 2013 rubrika Hekayələr. Şərhlər: 0

images (5)Vüqar Dəmirbəyli

FİLMƏ BAXIŞ

Hekayə

Köhnə, yarıuçulmuş məktəbdə oxuyan bütün oğlanların ən sevimli və mühüm məşğuliyyəti kinoya gedib yeni filmə baxmaq, sonra da hər növbəti filmi uzun-uzadı müzakirə etmək idi. Bu amma hər dəfə hamıya nəsib olmurdu. Buna görə də filmi görənlər onun məzmununu bütün təfəərüatları ilə bir neçə gün dalbadal o birilərə danışırdılar — ta ki, hamı həmin filmdə söhbətin nədən getdiyini, görməsə də, az qala əzbərdən öyrənənə kimi.

Çətinlik aşağı sinif uçaqlarının pulsizluğunda idi. Əslində heç yuxarı siniflərdə oxuyanların da cibində hər saat pul olmurdu, pulsuz da səni kinoya buraxan kim idi axı? Amma üçüncü sinif şagirdlərinin içərisində birisi var idi ki, bütün filmlərə baxa bilirdi. Bu qoçaq həm də onların sinifkomu idi. Yaxşı bəs bu necə olurdu ki, bu sinifkom istədiyi vaxt istədiyi filmə rahatca tamaşa edirdi? Sadəcə onun nənəsi kino göstərilən yerdə işləyirdi, özü də bilet satırdı. Odur ki, öz sevimli nəvəsinə pulsuz seanslar təşkil etmək onun üçün su içmək kimi asan bir şey idi. Bu oğlana sinifdə hamının paxıllığı tuturdu – bəs necə, uşaqlar bir yana, heç böyüklər də istədikləri vaxt kinoya gedə bilmirdilər. O biri uşaqlar üçün kinoya getmək əsl bayram idi, amma bundan ötrü hər dəfə valideynlərini dilə tutmaq, yalvar-yaxar edib bilet pulu qoparmaq lazım gəlirdi. Valideynləri çox vaxt bu yalvarışlara məhəl qoymur, onlara kinoya getməkdənsə faydalı bir işlə məşğul olmağı tövsiyə edirdilər. Biletsatan arvadın nəvəsindən başqa o biri uşaqlar ildə ancaq bir-iki dəfə kino zalına düşə bilirdilər. Bu isə onları qətiyyən qane etmirdi – axı filmləri hər gün göstərirdilər, özü də bir neçə dəfə. Düzdü, məktəbdə yüngül qəlyanaltı etmək üçün evdən verilən pullara qənaət edib kinoya getmək olardı. Ancaq bu qədər vaxtı ac alıb, məktəbin bufetindən aldıqları dadlı yeməkləri gəvələyən uşaqlara tamaşa eləmək də asan deyildi və böyük səy tələb edirdi. Çoxları özlərinə söz verirdilər ki, bir neçə gen heç nə almayıb kinoya getmək üçün pul yığacaqlar. Amma axırda dözə bilməyib yenə pulu xərcləyirdilər. Oxu »

SÜDDAŞIYAN

Dərc etdi 26 Декабрь 2013 rubrika Hekayələr. Şərhlər: 0

imagesVüqar Dəmirbəyli

SÜDDAŞIYAN

Hekayə

Kiçik əyalət şəhərciyindəki xəstəxananın hesabdarı bir gün evə çox yorğun gəldi. Heç şam yeməyinə də halı yoxdu, yatmaq istəyirdi. Son vaxtlar işdən evə yorğun-arğın gəlib yemək yeyən kimi yatağa girirdi. Nə artıq böyüyüb boya-başa çatmış uşaqlarına, nə də deyingən arvadına fikir verməyərək yuxuya dalmaq hesabdarın ən böyük ehtiyacı idi. Bu axşam da elə yenicə mürgüləməyə başlamışdı ki,  yadına haradansa yeniyetməlik çağları düşdü…

Atası süd kombinatında işləyirdi, özü də hər gün, nahara bir neçə saat qalmış köhnə arabasında süd gətirirdi. Arabanı qoca bir at çəkərdi; atın bədəni yaralarla dolu olar, bunların da üstünə milçəklər daranardı. Yazıq yabı elə bil ki, taleyi ilə barışdığından heç milçəkləri qovmağa cəhd də etməzdi. Yabı hər gün süd dolu metal bidonları qəsəbənin bu başından o başına daşımağa da öyrəncəli olmuşdu. Bidonlar ağzınadək süd ilə dolu olurdu, belə ki, araba həmişə yağışdan sonra zığ-zımrığı dizə çıxan əyri-üyrü yollarda silkələndkcə süd də qapağın altında çalxalanır, bidonun kənarlarında axmağa başlayırdı. Atası tək işləyirdi, südü xəstəxanaya, uşaq bağçasına və başqa yerlərə paylaımazdan əvvəl arabanı evə sürər, hər bidondan bir vedrə götürüb yerinə su doldurardı. Anası isə həmin süddən qatıq tutub, şor, kəsmik düzəldər, bu da yavanlıqlarını görərdi. Atası söyləyərdi ki, onun gətirdiyi xalis süd deyil, çünki dediyinə görə hələ kombinatda buna su qatırdılar. Uşaq bağçasının, xəstəxananın və şuluq uşaqlar üçün olan internat məktəbinin işçiləri də bu duru südü su ilə qarışdırır, amma bundan qabaq “təmiz süddən” öz paylarını götürməyi də unutmurdular. Hesabdarın yadında qalan o idi ki, axırda hamı razı qalırdı: həm kombinatın “sahibləri”, həm onların öz ailəsi, həm bu “artıq südü” evlərinə aparan xəstəxana, uşaq bağçası və internat məktəbinin işçiləri, eləcə də bu havayı “nemətin” sonda çatdığı xəstələr, bağça və internat uşaqları. Oxu »

PAMBIQ PLANTASİYALARINDA

Dərc etdi 19 Декабрь 2013 rubrika Hekayələr. Şərhlər: 0
Pambiqci qadinlar

Şəklin mənbəyi: Deutsche Welle

  Vüqar Dəmirbəyli

PAMBIQ PLANTASİYALARINDA

Hekayə

«Pambıq plantasiyalarında” mənim ən məşhur əsərimdir. Həm rusdilli, həm almandilli məkanda bu əsər az-çox tanınır. Azərbaycan əhalisinin pambıq yığımı illərində başına gətirilən müsibət rus oxucularına belə dərindən təsir edir, onları qeyzləndirir:

http://lit.lib.ru/a/aslanow_w/

Mən bu hekayəni Almaniyada Berlindən Münhenə, Halledən Limburqa kimi kitabxanalarda, universitetlərdə, məktəblərdə, mədəniyyət mərkəzlərində təqdim etmişəm. Bu hekayə haqqında dəfələrlə alman qəzetlərində məqalələr yazılıb.

2004-cü ildə Bavariya radiosu bu hekayənin audio-kitabıni buraxıb.

2007-ci ildə Berlində yerləşən «Wostok» nəşriyyatı mənim bir neçə başqa hekayəmlə bir yerdə onu «Auf den Baumwollfeldern» («Pambıq plantasiyalarında») adi altında çap edib:

http://www.buch.de/buch/14974/461_auf_den_baumwollfeldern__wostok_literatur.html

***

Evimiz qəsəbənin lap kənarında yerləşsə də, əvvəllər bizimlə pambıq tarlası arasında  belədən — belə uzanıb gedən bomboş sahələr də var idi. Amma günlərin bir günü kimsə bu boş sahələrdə də pambıq əkmək fikrinə düşdü. Həm də bu kim olsa yaxşı idi — yerli  hakim! Bu yerli hakimi buraya yollayan isə ölkə rəhbərinin özü idi. Ölkə rəhbəri  deyəndə, o da sərbəst deyildi, onu kimi neçəsini əlində saxlayan dövlət başçısından asılı idi. Beləcə, yerli başbilən bircə günün içində bu boş sahələri şum altına verib pambıq üçün  əkin sahəsinə çevirdi.

Atam bunu biləndə bulud kimi tutulsa da, bir söz demədi. Anamsa gileyləndi ki, pambıq tarlası indi az qala gəlib bağçamıza dirəndiyindən bundan belə ağ toz dərman səpən təyyarələrin əlindən zinhara gələcəyik.

Aradan bir qədər keçmişdi ki, bu dərmansəpən kiçik təyyarələr evimizin az qala lap üstündəcə cövlan eləməyə başladılar, həm də elə uğultu, gurultu saldılar ki, baş-qulağımız dəng oldu, səpdikləri ağımtıl toz dərman isə uzun zolaqlarla havada sallanıb qaldı, özü də bu təyyarələr uçub gedəndən sonra da xeyli vaxt çəkilmədi.

Mən əvvəllər də evimizdən aralı, qıraq yerlərdə təyyarələrin səpdiyi, tüstüyə bənzəyən ağımtıl tozu görmüşdüm, amma ağlıma da gəlməmişdi ki, bunun belə kəsif qoxusu, öyüməyə səbəb ola biləcək zəhər kimi acılığı ola bilər.

Dərmansəpən təyyarələrin buraxıb getdiyi «ağ tüstü» tarla üzərində yayılıb xeyli qalandan sonra tədricən harasa çöküb yoxa çıxırdı. Amma azacıq yel əsən kimi yenidən qalxıb yayılır, yaxınlıqdakı evlərə, bağ-bağçaya qonurdu. İndi bağçamızdakı mer-meyvə də bundan yana nazik ağımtıl örtüyə bürünürdü, özü də nə qədər yuyub — təmizləsən də tam çəkilib getmirdi. O qəribə toz dərmanın qoxusu havaya da çökdüyündən nəhəng «çəyirtkələr» uçub gedəndən sonra da bir müddət bağ-bağçada gəzib-dolaşmaq, ya da eyvanda oturmaq mümkün olmurdu, hətta bəzən nəfəs almaq belə çətinləşirdi. Oxu »

ƏBƏDİ MÖVSÜMÇÜLƏR

Dərc etdi 19 Сентябрь 2013 rubrika Hekayələr. Şərhlər: 0

YoldaVüqar Dəmirbəyli

ƏBƏDİ MÖVSÜMÇÜLƏR

Hekayə

Hamı — valideynlər, qohum-əqrəba, bəzən hətta qıraq adamlar da — and-aman eləyirdi ki, mütləq oxumaq, daha doğrusu, ali məktəblərdən birinə qəbul olmaq lazımdır. Qurtaranda barı adam olub bir yana çıxa biləsən. Bu qənaətdən sonra daha ayrı yol qalmırdı, kimin məhz haraya qəbul olmaq məsələsi, demək olar ki, lap uşaqlıqdan həll olunurdu. Bundan ötrü ibtidai siniflərdən başlayaraq yaxşı oxumaq, dərsləri yadda saxlamaq, qəbul ərəfəsində lüzumsuz çətinliyə düşməmək üçün yay tətili günlərində keçilənləri təkrarlamaq lazımdı.

Şübhəsiz, elələri vardı ki, bəri başdan onlardan heç kimin, heç valideynlərinin də gözü su içmirdi. Çünki onlar bütün günü küçələrdə boş-bekar dolaşır, vaxtlarını hər cür oyun, əyləncə ilə keçirir, bəzən qumara belə qurşanır, evə gecdən-gec qayıdırdılar. Belədə aydındı ki, onların dərslərlə məşğul olmağa vaxtı qalmırdı. Camaatın «avara» dediyi bu qoçaqlar bir neçə sinfi başa vurandan sonra oxumağın daşını tamam atır, çox vaxt peşə məktəbinə-filana, ya da elə axşam məktəbinə keçirdilər. Axşam məktəblərinə qalanda isə orada gündüz məktəblərindən çıxıb getmiş yeniyetmə-lərlə yanaşı xeyli yaşlı adam da külüng çalırdı, aralarında mağaza satıcıları, yaxud haranınsa fəhlələri də olardı, çünki daha yaxşı işə keçmək üçün onlardan da nəsə bir məktəb bitirmək barədə kağız tələb edərdilər.

Ancaq belə avara-sərgərdan gəzənlər azdı. Çoxları təhsilə meylli idi, ətrafdakılar da onları inandırırdılar ki, cani-dildən çalışsalar, mütləq qəbul olacaqlar. Oxu »

YOLSUZLUQ

Dərc etdi 21 Март 2013 rubrika Hekayələr. Şərhlər: 0
YolsuzluqVüqar Dəmirbəyli
 
YOLSUZLUQ

Allahı görmək, duymaq istədim, baxmayaraq ki, onu necə, harda axtaracağımı bilmirdim. Amma gör nə zamandan bəri adamlar onun varlığına inanmışdılar, onu tapmağa, görməyə, duymağa çalışmışdılar.

Vaxt ötdü, biz dindən imtina elədik, Allahı ibtidai insanın uydurması adlandırdıq, həqiqəti elmdə, məntiqdə axtardıq və uzun zaman inandıq ki, nəsə tapmışıq. Amma bir gün gəldi anlamağa başladıq ki, əvvəlki insanlar bizdən xoşbəxt imişlıər. Onlar nəsə tapmışdılarmı, ya yoxmu – demək çətindir, amma biz, dünən yaratdığımızı bu gün yıxa-yıxa, nəhayət dərk etdik ki, heç nəyə gəlib çata bilməyəcəyik.  Oxu »

QAŞIQ OĞRUSU

Dərc etdi 21 Март 2013 rubrika Hekayələr. Şərhlər: 0

jahre-gastarbeiter-deutschlandVüqar Dəmirbəyli

QAŞIQ OĞRUSU

Hekayə

Mən Ədnanla Almaniyanın qədim şəhəri, yaxud almanların öz ibarəsiylə desək, qədim kelt şəhəri olan Vetzlarda tanış olmuşdim. O çox bamazə, zarafatcıl və şən bir adamdı; qısa boyu, olduqca çevik və hərəkətli vücudu vardı. Ədnanın yaşı artıq əllini haqlamışdı, uzun müddətdən bəri Almaniyada yaşayırdı, özü də buradakı türklərdən həm davranışı, həm də həyat tərzinə görə fərqlənirdi. O nə həmin dindar camaatın etdiyi sayaq məcidlərıə, yaxud, türklərin dediyi kimi, camilərə gedər, nə də namaz qılıb oruc tutardı. Ədnan zahiri görkəmiylə də onlardan çox fərqlənərdi: o əsil bir alman kimi geyinər, hətta yay gələndə əyninə çox qısa kəsib gödəltdiyi, saçaqları sallanan, dizdən xeyli yuxarı bir cins, ya da buna oxşar bir şey də taxardı. Bir neçə dəfə onunla bərabər gördüyüm arvadı da əsil avropalı bir xanıma bənzəyirdi: o sarı rəngə boyadılmış saçları və geydiyi paltarların o qədər də gizlətmədiyi, hər zaman mütənasib saxlamağa səy etdiyi də gözə çarpan yaraşıqlı əndamı olan bir qadın idi. Bəziləri deyə bilər ki, bu cür insanlara elə Türkiyənin özündə də indi rast gəlmək mümkündür, xüsusən də onun böyük şəhərlərində. Burası doğrudur, amma Almaniyada belələrinə az-az rast gəlinir. Oxu »