PROKUROR

Dərc etdi 27 Январь 2017 rubrika Romanlar. Şərhlər: 0

Prokuror shekilVüqar Dəmirbəyli

PROKUROR

Roman

Üç nəfərin elçiliyi

Nə vaxtsa vara-dövlətə, hakimiyyətə, şöhrətə çatmaq! Bu iunsanın yəqin ki, ən böyük, ən ümdə arzusudur, olduqca çoxlarına bu nəsib olmasa da. Amma insan nə qədər kasıb, binəva, yoxsul, ac-yalavac və miskin bir həyat keçirsə də, lap cəmiyyətin sonuncu adamlar hesab elədiyi kəslərin sırasında olsa da, onu ömrü boyu təqib eləyən bu arzusundan qurtara bilmir: sayılıb-seçilən adamlar arasında olmaq, istədiyi nemətlərdən tammaq, istədiyini yeyib, istədiyini geymək! Bir də istədiyi mala, mülkə, əşyalara sahib olmaq, yaxınlarını, sevdiyi, yaxud ona nə vaxtsa yaxşılığı keçmiş insanları mükafatlandırıb, düşmən saydıqlarını cəzalandırmaq arzusunu həyata keçirməyə imkan verəcək hakimiyyətə çatmaq!

Qəsəbədə də belə bir arzuya yetişmək, yəni ki, sənə verilmiş taledən qaçaraq, nəsibini, ağır, heç nə vəd eləməyən bir həyatı yox, başqa — gözəl, tox, varlı bir həyatı yaşamaq yəqin ki, hər kəsin arzusu idi.

Burada dul bir qadının oğlu, yetim böyümüş Ələsgərdən çox danışardılar. Deyərdilər ki, o belə yetimlıiklə böyüyüb yamaqlı şalvar geyinə-geyinə Bakıda universitetin hüquq fakültəsini bitirdi, sonra da prokuror oldu. Ələsgəri televizorda göstərəndə bütün qəsəbə əhli sevinc duyar, fərəhlə onu hansısa bir verilişdə gördüklərindən danışardılar.

Ələsgər təhsilini başa vurmamış Stalin vəfat etdi. Hamı kədər və qorxu içərisində idi, heç kim ölkədə bundan sonra nə baş verəcəyini bilmirdi, bəziləri hətta deyirdilər ki, Amerika ilə müharibə başlayacaq. Bir ildən sonra Xruşşov gələndə çoxunun ondan gözü su içmədi; deyirdilər ki, bu adam guya əvvəllər donuzotaran olub. Bir az keçməmiş bu donuzotaran başladı Stalinin güllələdiyi, ya Sibirə göndərdiyi adamların işlərini araşdırmağa, bu işləri yerlərdə icra edənləri isə təqib etməyə. Stalin ölkəyə rəhbərlik edəndə belə bir qayda qoymuşdu ki, ali təhsili başa vurandan sonra ancaq kasıb ailədən olanlara yaxşı təyinat versinlər. Xruşşov da xalqa özünü yaxşı göstərmək üçün burada heç nəyi dəyişmədi, əksinə sadə ailələrdən çıxmış gənclərə dövlət dəstəyini daha da gücləndirdi. Ələsgəri də buna görə universiteti bitirən kimi bir rayona müstəntiq göndərdilər. İş çox idi; indi Stalinin təmizləmə siyasətinin qurbanı olmuş ailələrə qarşı cəza tədbirlərini həyata keçirənlərin özlərini tapıb üzə çıxarmaq və cəzalandırmaq lazım idi.

Ələsgər hələ universiteti bitirməmiş qonşu rayondan bir qızla evlənmişdi; bu qız da onun kimi sadə, kasıb bir ailədən idi. Bakıda bir həyətdə kiçik bir otaqda kirayədə qalırdılar. İsmayıllıya müstəntiq gedəndən sonra orada onlara çoxotaqlı mənzil ayırdılar. Sonra da qoydular prokurorun köməkçisi, bir az da keçmiş onu başqa bir rayona prokuror göndərdilər. Beləcə universiteti bitirəndən dörd il sonra Ələsgər oldu bir rayonun prokuroru.




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 5 + 8 ?
Please leave these two fields as-is: