UYĞUNLAŞMA

Dərc etdi 27 Январь 2015 rubrika Hekayələr. Şərhlər: 0

LügerVüqar Dəmirbəyli

UYĞUNLAŞMA

Hekayə

Cabir artıq bu cür yaşamaqdan bıqmışdı. Hər yerdə, hər tərəfdə, hər şeydə o başqalarının ondan üstün olduğunu qəbul etməli, həmişə kənara çəkilib təşəbbüsü başqalarına verməli idi.

Cabir Bakıya Yevlağın Yolqulular kəndindən gəlmişdi və universitetin biologiya fakültəsinin ikincü kursunda oxuyurdu. Onunla oxuyan yaraşıqlı qızlar çox idi, amma zalım qızları ağızlarını açan kimi birinci bunu soruşurdular:

— Atan harda işləyir?

İndi Cabir neyniyəydi ki, onun atası idarə müdiri döyüldü, kolxoz sədri döyüldü. Atası o gözünü açandan kolxozun böyük bir naxırı varıydı, onu otarırdı. Amma kənddə bu gözəl iş sayılırdı. Həm də Cabirin atası halallığınnan, zəhmətkeşliyinnən bütün Aran elində özünə ad qazanmışdı. Atası gələndə kənddə hamı çəkilib ona yol verirdi. Kişi rayonun ən qabaqcıl naxırçılarından idi: naxırdakı mal-qaranın, ondan alınan südün qədərini getdikcə artırardı. Rayon qəzeti haqqında tez-tez məqalələr yazar, kişinin də, naxırının da şəklini dərc eləyərdi. Yaxşı işlədiyinə görə hökumət kişinin özünə də neçə baş mal-qara vermişdi. Kişi öz mal-qarasını da bu naxırda otarar, onun sayını da getdikcə artırardı. Neçə-neçə cöngə yetişdirər, vaxtı gələndə onlardan birini xeyir-şər iş görənlərə satar, sağmal inəkləri bol süd verər, evlərində də südün-qatığın əlindən tərpənmək olmazdı. İki aydan-üç aydan bir kişi tərifnamə ilə yanaşı həm də pul mükafatı alardı. Beləcə, Allah bərəkət versin, ailənin dolanışığında heç bir sarıdan korluq çəkməzdilər. Cabiri də elə bu mal-qaradan gələn pulla oxudurdular.

Cabirgilin qrupunda iyirmi qız var idi, beş oğlan. Bu oğlanlardan da biri çolaq idi, özü də Cabir kimi sadə bir ailədən idi. Biri də Özbəkistandan gəlib onlarla oxuyurdu, o da bir kimsəni maraqlandırmazdı. Qaldı o biri oğlanlardan birinin atası rayonlardan birində kolxoz sədri idi, o birininki isə APİ-də, yəni Pedaqoji institutda müəllim. Bu iki gədənin üstündə isə qızlar arasında qırğın gedirdi: o deyirdi məni alacaq, bu deyirdi məni alacaq.

Qızlar həmişə auditoriyada oğlanlardan qabaq yığışırdılar. İş-gücləri də ya boyalanmaq, pudralanmaq olardı, ya da ərə gedən tanış qızlardan kimə nə gətirdiklərini müzakirə eləmək.

— Az, üzüyün qaşındakı brilyant noxud boydaydı.

— Bu kamplektdi, onun sırğası da var, sepi də. Hamısında da, sən demiş, noxud boyda brilyant.

Amma həmişə hamını tərifləməzdilər. Bəzilərinin dalınca da danışardılar:

— Az, buna heç brilyant da gətirmədilər. Üzüklər səkkiz qramlıq, sep də napnazik, siçan quyruğu kimi…

— O da adam tapdı getməyə.

— Nolub, oğlanın dədəsi “Şəfəq” kinoteatrının müdürüdü.

— “Şəfəq” kinoteatrı hansıdı, az, mən heç tanımıram oranı.

— Az, o Lenin prospektindəki kinoteatrdı, dana, vağzala yaxın.

— Hə, bildim… Ora nədi, a, balaca yerdi.

Bu qızlar elitar gənclərə yaxın getməzdilər, onlardan qorxardılar. Bununla belə hüquq fakültəsində oxuyan oğlanlar üçün ova çıxmağı özlərinə rəva görərdilər. Hamısı istəyərdi ki, nə isə bir bəhanə tapıb hüquqdan bir oğlanla tanış olsun. Orada oxuyanların çoxu sadə ailədən olsalar da, qızlar onların gələcəkdə sistemdə işləyəcəklərini bilirdilər. Buna da razı idilər: indi olmasın, sonra olsun, təki sistem olsun. Eşidəndə ki, tanış qızlardan kimsə hüquqdan özünə oğlan tapıb, çox vaxt onun dalınca danışardılar:

— Buna bax, az, bu da hüquqdan özünə oğlan tapdı. Sən ölmüyəsən camaat bacarır də. Elə biz qalmışıq belə ağzıgünə.

Kolxoz sədrinin oğlu da, APİ-nin müəlliminin oğlu da ancaq yüksək vəzifəli şəxslərin universitetdə oxuyan uşaqları ilə oturub-durardılar. Vəzifəlilərin uşaqlarının da işi birinci növbədə lotu-potuluq idi. Yəni necə lotu-potuluq? Onlar belə hesab edirdilər ki, istədiyi adama istədiyi şeyi eləyə bilərlər və bunun da onlardan heç kim haqq-hesabını soruşmayacaq. Bir də bu tələbə elitasını fərqləndirən əsas cəhətlər bunlardı: birincisi, bahalı paltar geyinmək, ən çox da qışda; qış gələndə onlar “dublyonka”, ya hamının “layka” dediyi dəri plaş geyinib şəstlə universitet dəhlizlərini gəzərdilər. Bir də avtomobillə dərsə gələr, başqaları mühazirələrdə, seminarlarda oturanda bunlar maşınla universitetin yan-yörəsində sürətlə o yan bu yana şütüyər, kəskin tormoz verib səs-küy salardılar. Milis işçiləri, avtomobil müfəttişləri onları görəndə özləri qaçıb gizlənər, canlarını qurtarmaq istəyərdilər. Çünki əgər bunlardan kimisə milis idarəsinə aparmalı olsaydılar, onda özləri bundan zərər çəkə bilər, bəlkə də işlərini itirərdilər. Universitetin müəllimlərinə qalanda çoxları bu lotu uşaqların qabağında quyruq bulayar, bütün hirs-hikkələrini o birilərin — kasıb-kusub övladlarının üstünə tökərdilər. Amma universitet müəllimlərinin içində, az da olsa, tələbkar, prinsipial adamlar da var idi. Bəziləri bu lotulara ağzına gələni deyər, özünü də, atasını da yamanlayardı:

— Kimin oğlu olursan, ol! Məni atanla qorxudacaqsan?

Bu müəllimlər bilməyənə də qiymət yazmazdılar, kim nə qədər xahiş-minnət eləsə də.

Cabir indi bir gün fikirləşdi ki, daha əvvəlki kimi yaşamağa, bundan sonra da kimlərinsə ayağı altında qalıb toza-torpağa qarışmağa dəyməz. O da özünə bir mövqe qazanmalıdır. Bəs indi neynəsin, neynəsin, ağlına birdən bir fikir gəldi: bir halda ki, daha burada heç nəyi dəyişmək mümkün deyil, onda gərək o özü bu həyata uyğunlaşsın. Yəni ki, o da olsun həmin elitar tələbələrdən biri. Amma necə? Cabir artıq bunun da cavabını tapmışdı.

Qış tətilində Cabir kəndə getdi və dəridən-qabıqdan çıxıb ata-anasını inandırmalı oldu ki, gərək ona “dublyonka” alsınlar, yoxsa ki, bir qız ona yaxın durmur. Axırda da atası naəlac qalıb iki fil kimi cöngəsi vardı – ala cöngəynən qaşqa cöngə — onları satdı, hərəsini min manata. Sonra qohumlarından birini də ona qoşub Cabiri bu pulnan Gəncəyə göndərdi ki, orda özünə “dublyonka” alsın. Gəncədə alverçiləri də əsil Türkiyə “dublyonkasını” elə iki minə dedilər, amma qohumu danışıb onu min səkkiz yüz manata aldı. Qalan iki yüz manata da Cabirə andatra xəzindən bir papaq aldılar.

Qış tətilindən qayıdanda Cabiri əvvəlcə qrupda heç kim tanımadı. İçəri təzə “dublyonkada”, andatra papaqda girəndə içəridəki tələbələrin hamısı tez ayağa qalxdı: bəziləri elə bildi ki, bu kimdisə bəlkə təzə müəllimdi, o biriləri fikirləşdi ki, yəqin bu həmin o lotu uşaqlardandır biridir, gəlib qrupun qızlarına baxmağa. Doğrudan da belə şeylər olardı: lotulardan kimsə gəlib beləcə qızları süzər, birini gözaltı eləyərdi, amma ona dərs qurtarandan sonra yaxınlaşardı. Ya da çox vaxt maşını bu qızın dalınca sürərdilər, minməyə dəvət eləyib, sonra da onu saunaya-zada aparardılar. Düzdü, qızların çoxu buna getməzdi, amma içlərində belələri də var idi.

Yenə qayıdaq Cabirə. Həmin gün təzə görkəmdə içəri girəndə dedik ki, Cabiri əvvəlcə heç kim tanımadı, amma birdən Akromcan, yəni o özbək oğlan onu tanıdı və bərkdən qışqırdı:

— Cabir akə, senmisinq?

Cabir də saymazyana başını tərpədib təkcə onu yox, elə bil beləcə bütün qrupu salamladı.

Tənəffüsdə dəhlizə çıxan kimi o çolaq oğlan Cabirə üstünü aldı:

— Ayə, Cabir, bu nə görkəmdi, ayə, a zalım? Bu “dublyonkaynan” papaq kiminkidi? Yoxsa dədən naxıramı bunnanmmı gedirdi, ə?

Gədənin belə danışmağı, ona hörmətsiz yanaşmağı Cabiri yaman hirsləndirdi:

— Ə, bura bax, ağlına gələni danışma! – deyib onu hədələdi. — O içəridəki stullardan birini əlimə alar, bir qıçını qopardar, səni onnan o qədər vuraram ki, o biri ayağınnan da çolaq qalarsan. Ə, kopolun adamı, sən heç görübsən mən onun-bunun paltarını geyinəm? Ağzının sözünü bil!..

— Ə, Cabir, mən nə dedim ki? Dedim yanı bəlkə…. – çolaq onun bu danışığından yaman qorxdu.

— Bu “ə”-ni — zadı da yığışdır. Sən gərək mana indən belə Cabir lələ deyəsən heç olmasa.

— Nolar, deyərəm, da bundan sonra Cabir lələ deyərəm, gözüm üstə. Da açığın niyə tutur?

Elə bu vaxt Akromcan da onlara yaxınlaşdı.

— Cabir ake, kutlu bolsun! Kutlu bolsun! – deyib Cabirlə ikiəlli görüşdü.

Cabir də Akromcanı o dəqiqə colağa nümunə göstərirdi:

— Gördünmü, necə hörmətnən danışırlsar adamnan. Heç olmasa bundan öyrən də! Genah səndə döyül, günah sənin tərbiyə verənindədi.

Sonra da dedi ki, atasını yenicə kolxoz sədri qoyublar. Çolaq da, gözünə dönüm, elə həmin dəqiqə çatdırdı bu yeniliyi qızlardan birinə — Səlminaza.

Səlminaz da Cabir kimi Arandan idi, amma çoxdan Bakıya köçmüşdülər, atası da bir müddət idi ki, burada bir texnikumun direktor müavini idi. Səlminaz da bunu eşidən kimi elə tənəffüs bitməmiş aldı o biri qızların yanını:

— Az, Cabirin atasını təzəlikcə kolxoz sədri qoyublar. Ona görə göynən gedirmiş. Deyirəm, elə daha nəyi gözləyirəm, özüm gedim də ona.

— A Səlminaz, nədi, səndən başqa adam yoxdumu az, burda? — bunu da deyən qızın atası Bakıda hansısa bir restoranın direktoru idi.

— Az, bayaqdan heç Cabirin üzünə də baxmaq istəmirdiniz, indi nə yaxşı Cabir sizə belə şirin oldu? – Səlminaz da söz altda qalmadı.

— Az, guya sən onun üzünə əvvəl baxırdınmı, indi təzə xəbəri eşidib nə tez düşübsən ortaya? – bunu da deyən qızın atası hansısa bir rayonda bir idarə müdiri idi.

Qızlar həmin gün tənəffüsdə, bir də dərslər qurtarandan sonra Cabirin üstündə çox mübahisə elədilər. Amma Səlminaz heç kimə aman verməyib universitetdən çıxanda yolda elə özü Cabirə yaxaladı:

— A Cabir, — dedi. – Ayə, bəyaqdan heç sifətinə də baxan yoxuydu, ay zalım. İndi dədəni kolxoz sədri qoyublar deyin, qızların hamsı başlayıb sənnən maraqlanmağa. Ayə, sən hələ mana bir de görüm, sən oxumağı qurtarandan sonra gedib kənddə dədənin kolxozundamı işləyəcəksən, yoxsa o restoran müdirinin qızını alıb restoranda afisantdıq eləyəcəksən? Ya mağaza müdirinin qızını alıb satıcımı işləyəcəksən — sana, ali təhsilli adama, bu yaraşarmı heç? Lap olsun kiminsə atası rayonda idarə müdiri, gedib rayonda neyniyəksən, a külbaş? Sənin üçün elə texnikum uyğun gələr. Bax, canın üçün, nə təhər var, elə deyirəm: buranı qurtardıqmı, sabahısı gün ikimiz də texnikumda kimya-biologiyadan dərs deyəcəyik. Pisdi bəyəm, daha bundan yaxşı nə istəyirsən?

— A Səlminaz, bax canın üçün, o mağazadı, restorandı, zavoddu – onlarda işləməyi mən heç istəmərəm. Mana, düz deyisən, elə texnukum uyğun gələr.

Bundan sonra da Səlminaz oğlana dedi ki, bala, da nə durubsan, elçilərini göndər gəlsin.

— Az, evin yıxılmasın, nolub, nə qaçahaqaçdı? Niyə belə tələsirsən? Əvvəlcə adam gərək cəmiyyətdə özünə yer eləyə, onun-bunun hörmətini qazana, ondan sonra toy eliyə. Yoxsa bizim toyumuza kim gələcək?

Sonra da qızı başa saldı ki, onlar gərək əvvəlcə universitetin elita tələbələrinin arasında özlərinə yer eləyələr. Kolxoz sədrinin, raykom katibinin, prokurorun, milis rəisinin uşaqları ilə ünsiyyət quralar. Qız da dedi ki, quraq deyirsən, quraq da, mən nə deyirəm. Onlar da biznən oturub – durmayıb, daha kimnən oturub duracaqlar ki?

Sabahdan Cabirin qrupundakı lotu uşaqların ikisi də ona olan münasibətlərini dəyişdilər. Tənəffüsdə bufetə gedəndə də onu özləri ilə götürüb orda bir masanın arxasına əyləşdirdilər; bu masanın arxasında oturanlar hamısı böyüklərin uşaqları idi. Sonra da o birilərə dedilər ki, bu oğlanın atasını Yevlaxda təzəliklə kolxoz sədri qoyublar. Hamı onun əlini sıxdı, onunla tanış oldu. Bundan sonra da bütün universitetdə onu elitar tələbə kimi tanıdılar və öz cərgələrinə qoşdular.

İndi Cabir hər tərəfdə, istər universitetdə, istər küçədə, istər bir idarəyə bir iş dalınca gedəndə özünə tamam fərqli münasibət his eləyirdi. Hamı, cavanı olsun, qocası olsun, ona hörmətlə yanaşır, onunla nəzakətlə danışardı. Cabirə elə gəlirdi ki, indi elə bil onun bədəni də bu yeni mövqeyə uyğunlaşır, indi elə bil o özü də “dublyonkalaşırdı”, “andatralaşırdı”. Həm də indi elə bil ki, özü də atasının kolxoz sədri vəzifəsinə qoyulduğuna inanır və bu inam da onda get-gedə güclənirdi. Hərəkətində, oturuşunda, duruşunda indi istər-istəməz yeni ədalar, yeni davranış tərzi yaranırdı. Ətraf isə onu bu cür qəbul eləyir, onun qarşısında “ləbbey” deyirdi.

Cabirin bir kəndçisi varıydı, adı Nəsrəddin də olsa, kənddə də buna Nənəş deyərdilər. Bu Nənəş də camaatın “narxoz” dediyi Xalq Təsərrüfatı institutunda oxuyurdu. Onun atası kolxozun anbardarı idi. İndi bu Nənəş nə yolnansa özünə institutun elitar tələbləri arasında yer eləmişdi. Yer eləmişdi deyəndə ki, onu bu lotu uşaqlar əl buyruqçusuna döndərmişdilər. Bir şey lazım oldumu, “Nənəş, al bu pulu, get onu al, get bunu al, get onu gətir, get onu gətir”. Ayrı-ayrı institutların elitar tələbələri bir-birini tanıyardılar və aradabir görüşərdilər də.

Bir dəfə də nə isə bir konsert olacaqdı, oraya getmək üçün həmin lotu uşaqlar “blatnan” Cabirə və Səlminaza da bilet vermişdilər. Çoxu buraya nişanlısı ilə gəlmişdi, elə Cabir də Səlminazı nişanlısı kimi təqdim elədi. Konsertdən sonra bir az da kafedə oturub qəhvədən, meyvə şirəsindən, kokteyldən içib söhbət eləməyə başladılar. Elə söhbətin şirin yerində bunlara “narxozun” elitar tələbələrindən bir qrup yanaşdı. Cabirin Nənəşi görəndə gözləri kəlləsinə çıxdı. Istədi Səlminazı da götürüb çıxsın aradan, amma daha gec idi, Nənəş onu tanımışdı.

— Ayə, Cabir, ayə sən burda nə gəzirsən ? — Nənəş ondan heyrətlə soruşdu.

— Yaxşı, bəs sən burda nə gəzirsən? – Cabir də özünü sındırmaq istəmədi.

Yox, bu iki yerlinin sözü burada düz gəlmədi: bu ikisi bir-birini onlara layiq olmayan yerdə olduqlarına görə lağa qoyub gülməyə başladılar.

Axırda Cabir özünü saxlaya bilməyib dedi:

— Ə, şestyorkasan də! Hamıya bu məlumdu. Elə bilirsən camaat bilmir ki, sənin dədən kimdi, harda işdiyir?

— Şestyorkanın yekəsi sən özünsən! Hamı bilir ki, mənim dədəm kolxozun ambardarıdı. Sənin dədənin kim olduğunu bilirlərmi?

Yanlarında oturan universitet lotularından biri dedi ki, Cabirin atası kolxoz sədridir.

Nənəşi gülmək tutdu:

— Ha — ha… Kolxoz sədri? Bunu o özü uydurub, yalan deyir. Cabirin atası ömrü boyu kolxozun naxırçısı işləyib, indi də bu işi görür.

Yenə lotulardan biri soruşdu ki, naxırçı nə deməkdir? Nənəş də ədəb-ərkanla izah elədi ki, inək sürüsünü otaran adama naxırçı deyirlər.

— Mənim atam elə-belə naxırçı döyül, o qabaqcıl naxırçıdı, nə qədər mükafat alıb… — Cabirin burada dilindən qopdu.

— Gördünüz?! — bunu eşidəndə Nənəş sevincək qışqırdı. — Özü də axırda atasının kim olduğunu boynuna aldı.

Bunu eşidəndən sonra oturanların çoxu nişanlısını da qoltuğuna vurub oranı tərk etdi. Səlminaz da məsələnin nə yerdə olduğunu biləndən sonra artıq Cabirdən üz döndərmişdi, elə o da durub getmək istəyirdi ki, bayaqkı universitet lotusu ona imkan vermədi:

— Yox, əvvəlcə məsələni aydınlaşdıraq, sonra gedərsən.

Bu oğlan Bakının Nərimanov rayonunun milis rəisinin müavinin oğlu idi, adı da Sərxan idi. Sonra da o Nənəşi buyurdu:

— Nənəş, get bufetdən iki paçka “Malboro” al gətir.

Nənəş ildırım sürəti ilə deyiləni yerinə yetirib qayıdan kimi də Sərxan qalan lotulardan iki nəfəri də özüylə götürüb Cabirlə Səlminazı bayıra çıxardı. Burada da hamısını öz “Volqasına” mindirdi, Nənəşi də onlara qoşdu. Sonra da Sərxan “Qurd ağzına” tərəf sürdü, orada bir yiyəsiz yer tapıb maşını orada saxlayıb, hamısını düşürdü. Əvvəlcə onunla gələn lotulara dedi:

— Təxminən iki ay bundan qabaq məni bu oğlannan tanış elədilər ki, bunun atası kolxoz sədridi. Sən demə bu yalan deyirmiş, bunun atası inək sürüsü otaranıymış. Gör sən bir buna bax, bu necə cürət eliyib bizi allatmağa!..

— Mən bu Cabirin dabbaxda gönünə bələdəm. O elə həmişədən yalançının, fırıldaqçının biri idi, — dedi Nənəş.

— Qız da yəqin bunun nişanlısı-zadı döyül, bunu da yəqin yalandan deyir, — Sərxan bu dəfə dedi.

Sonra da Səlminaza tərəf acıqlı bir nəzər saldı:

— Sənin atan harda işliyir?

Səlminaz bayaqdan yerində donub qalmışdı, elə bir girəvə tapıb qaçmaq istəyirdi.

— Qardaş, — dedi Sərxana. – Mənim atam texnikumda direktor müavini işdiyir neçə ildi. Bu Cabir də mənim nişanlım — zadım döyül, qələt eliyir. Biz onnan eləcə bir qrupda oxuyuruq, vəssalam.

— Bəs bayaqdan bizə, o qədər adama niyə yalan danışırdınız, deyirdiniz ki, guya nişanlısınız? – Sərxan qeyzlə xəbər aldı.

— Cabir mana dedi ki, elə de, — Səlminaz günahı öz boynundan atmaq istədi.

— Gör bir bunlar bizi nə qədər saymırlar, e! – bunu deyən də başqa universitet lotusu idi. – Bizi axmaq hesab eliyirlər. Bu qızn atası texnikumda müavin-zad döül, bunu da yəqin yalan deyir…

— Bunları cəzalandırmaq lazımdır ki, o birilərə də dərs olsun, — bunu da o biri universitet lotusu dedi.

— Nənəş, sən tut oğlanı, əl ayağımıza dolşmasın, — Sərxan bunu deyib Səlminazın üstünə yeridi.

Qız onun fikrini başa düşüb qaçmaq istədi.

— Hara qaçırsan, yox ey, yox, — o biri lotular qızı tutdular.

Sonra lotulardan biri çəkib Səlminazın son dəbdə, bahalı parçadan tikilmiş uzun, enli ətəkli, astarlı tumanını çıxardı və bir tərəfə atdı. Qız qışqırıb ağladısa da, fəryad etdisə də harayına yetişən olmadı. Cabir atılıb düşür, qızı zorlayanlara tərəf getmək istəyəndə də ondan xeyli cüssəli olan Nənəş yerlisinin qabağını kəsir, onu irəliləməyə qoymurdu.

Sonra Sərxan onların üçünü də bu yiyəsizlik yerdə qoyub o biri lotularla bərabər “Volqaya” minib gözdən itdi. Səlminaz ağlayır, ağlaya-ağlaya o yan bu yana vurnuxur, tumanını axtarırdı. Amma külək artıq qızın tumanını alıb aparmışdı.

Neçə gün sonra kimlərsə Səlminazın tumanını aşağıdan axan arxda tapdılar. O vaxtdan bəri də həmin arxın adı “Tumanlı arx” qaldı.

 

 

                                                                                                                                                                                                                                        Bakı, 1987




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 4 + 14 ?
Please leave these two fields as-is: