HƏBSDƏ

Dərc etdi 19 Январь 2015 rubrika Hekayələr. Şərhlər: 0

GefaengnisVüqar Dəmirbəyli

HƏBSDƏ

Hekayə

 

Durmaq lazımdır… Qətiyyən durmaq istəmirəm… Pəncərənin pərdəsi çəkilib. Yəqin küçədən məni görürlər. Mən isə demək olar ki, lütəm. Nazik qollarım və zəif sinəm də görünür.”

Tez qalxmaq, əyilib otağın pal-paltarını yığmış olduğu küncünə getmək lazımdır. Burada hər şey bir-birinə qarışıb: köynəklər, can köynəkləri, ayaqqabılar, çantalar, şalvarlar. Budur onun evdə geyindiyi köynək; nə qədər çirklənib və qırışıb, yuyub ütüləməyə isə vaxt yoxdur. Eyib etməz, hələ bir az da bunu geyinə bilər. Əgər gələn olsa, tez əynini dəyişər. Aha, bu gün Kamilə gəlməlidir. Yaxşı o gələnə kimi nə ilə məşğul olsun? Çay içmək, ya da nəsə bir şey yemək; tortdan, konfetdən hələ bir az qalmalıdır. Doğrudan da çayla bunlar ləzzət verir. Bəs indi nə etsin? Yaxşısı budur, yenidən uzansın. Çarpayısının düz yanında nə qədər kitablar yığılıb qalıb, onları artıq toz basıb. Bu kitabların necə də cəlbedici adları var… Əgər onları oxumursa, nə üçün alır bəs? Bəlkə, bir də nəyisə oxumağa cəhd eləsin? Bax bu xüsusilə maraqlı kitaba oxşayır. Yox, heç nə başa düşmür, oxusa da. Yaxşısı budur qalsın sonraya.

Bir azdan Kamilə gələcək. Tez üzünü qırxıb, əynini dəyişməli, otağı bir az sahmana salmalıdır. Lazım olmayan şeyləri yaxşısı budur çarpayının altına itələsin. Axı bu qız harda qaldı? Axır ki, qapının zəngi çalınır və qız içəri girir. Yox, dərhal başlamaq olmaz. Hələ ki, çay içmək və nə haqdasa söhbət etmək yaxşıdır. Ümumi tanışlarından danışa bilərlər; kim nə edir, kim nə ilə məşğuldur. Kamiləni artıq öpməyə başlamaq olar, özü də ki, bu qız birinci dəfə deyil ki, onun yanına gəlir. Bax beləcə… O daha heç müqavimət də göstərmir…

Qızı yola salanda ona nəsə demək istəyirdi: o Kamiləni tərbiyəli qız salır, Kamilə xeyirxah, çox şeyi başa düşən bir qızdır və ilaxır. Budur, Kamilə getdi. İndi nə ilə məşğul olsun? Dərslərə onsuz da getmək fikri yoxdur. Universitetə getmək nə qədər ağır, yorucu və maraqsızdır. Ayda bir dəfə getsə, bəs eləyər. Yenə də uzansınmı, ya çay içsin? Yox heç birini istəmir.

Kəndir? Yox, bu onu qorxudur. Bəlkə onda yuxu dərmanı? Amma bax onu qəbul edəndən sonra nə qədər adam sağ qalıb. Yox, bu ümidsiz işdir. Hansısa bir kitabda oxumuşdu ki, bir nəfər otaqda qazı açır və ondan boğulur. Yox, bu da onluq deyil. Odlu silahı yoxdur, özünü bıçaqla vurmağa isə cəsarəti çatmazdı. Bəlkə ən yaxşısı damarları kəsməkdir? Ən etibarlısı ülgüclə.

Yaxşısı budur universitetin yaxınlığındakı qəlyanaltıxanaya getsin, orda yəqin kiməsə rast gələcək. Budur, Tahir gəlir. Artıq dördüncü çaydanı boşaldırlar, bunun ardınca da beşincini. Budur, başqa tanışlar da gəlir. Yenə siqaret çəkir, çay içir, boş-boşuna laqqırtı vururlar. Necə də maraqsız, üzücüdür. Elə bil hər şey dayanıb, hərəkətsizləşib. Nə vaxt duracaqlar, nəhayət? Necə də durub getmək istəyərdi, amma gedə bilmir. Amma daha buna tab gətirmək də mümkün deyil. Axır ki, durdular.

Kəndir? Ülgüc? Yuxu dərmanı?

Elə bil içəridə soyuq külək əsir, dərin bir uçurum, qar, buz var.

Axır ki, o birilərdən aralanır. Budur qarşıdan adamlar gəlirlər. Gərək onların yanından elə keçsin ki, ona bir zərəri dəyməsin. Bunun nə zərəri ola bilər axı? Bax qarşıdan bir kişi gəlir, sən onu uzaqdan görürsən və onunla bu qarşılaşmaya hazırlaşırsan. Ən yaxşısı budur ki, ona tərəf baxmayasan, ya nifrətlə baxasan, ya da heç olmasa yanından keçəndə təcavüzkarlıq göstərəsən; ya çiyninlə, ya da dirsəyinlə onu itələyəsən.

Kişi ilə qarşılaşırlar; hər iki tərəf bir-birini müşahidə edib öyrənməyə, qabaqcadan müəyyən etməyə çalışır ki, o birisi özünü necə aparacaq.

Mən hələ “döyüşə” hazır deyiləm. Mən dayanıram, gücümü toplayıb dirsəyimlə, çiynimlə hücuma keçməyə hazırlaşıram. Eləcə tüpürmək, ya da ki, kəskin bir səs çıxarmaq da olar. Mən sonuncunu seçirəm. Düz hədəfə dəyir. Kişini “zərbə” silkələyir. İndi də mənə tərəf bir yeniyetmə gəlir. Necə edim? Özümü sağamı, solamı verim, yoxsa ki, yerimdə dayanıb gözləyim? Ax, səni yaramaz! O yanımdan keçəndə mənə dirsəyi ilə birini ilişdirdi və bərkdən bir fit də çaldı. Zərbə məni yerimdən oynatdı. Budur biri də gəlir, özü də elə mənim yaşımda olar. Bu da məni itələsə, daha dözməyəcəyəm. Amma bu adam deyəsən mənim əhval-ruhiyyəmi, hirsli olduğumu hiss etdi və yanımdan sakitcə sivişib geçdi”.

Elə bil hər tərəfdən buz parçaları asılıb. Külək vıy-vıy vıyıldayır. Ölmək! Ölmək! Ölmək! Amma bəlkə hələ nəyisə də dəyişdirmək olar? Bəlkə hələ hər şey qurtarmayıb?

Bu qadının tumanının yan kəsiyindən bütün budu görünür. Hələ bu birisinə bax, gör necə yeriyir, iri gərdənini yeriyəndə necə əsdirir. Beləsini yaxşı olardı dörd əl-ayağı üstə qoyub sonra onunla olasan.

Mənim ən çox xoşuma gələn bu vəziyyətdir. Bəziləri bunun heyvanlara yaxın olduğunu desə də. Bu gün yenə Nazilə xanımı gördüm. Baxmayaraq ki, o indi daha o qədər də cavan deyil, amma mənə ləzzət edən odur ki, mən onun xoşuna gəlirəm. Vaxt vardı ki, qızlar məni həyəcanlandırardılar, onlara qarşı nəsə hiss edərdim. Amma mənə bir qızın saçlarının, gözlərinin, səsinin xoş gəldiyi vaxtlar çoxdan arxada qalıb. Yeri gəlmişkən, Nazilə xanım sabah məni ziyarət etmək istədiyini dedi. Baxaq görək bundan nə çıxacaq”.

Burda rənglər yoxdur… Hər tərəfdə barmaqlıqlardır. Yadına düşdü ki, nə vaxt sonuncu dəfə səmaya baxdığını unudub.

Budur, Nazilıə xanım gəldi.

— Mən elə-belə gəlmişəm, — deyir qadın, — sizi yoluxmaq üçün.

Əlbəttə! Nazilə xanım ərdədir, uşaqları var. Hə nə olsun ki — gəlib, gəlib də. Yox onu öpməyə tələsmək lazım deyildi, birinci dəfədən olmaz axı. Burada səhvə yol verdi. Nazilə xanım daha gəlməyəcək.

— Mən elə belə gəlmişəm, dedim axı. Bir çox başqa qadınlar kimi yox.

Yox, o qaydanı pozdu, tələsdi. Nazilə xanım da durub getdi.

                                                                                                                                                                Bakı, 1990




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 13 + 9 ?
Please leave these two fields as-is: