İŞ İCAZƏSİ

Dərc etdi 3 Август 2014 rubrika Hekayələr. Şərhlər: 0

ASYLANTENHEI2Vüqar Dəmirbəyli

İŞ İCAZƏSİ

Hekayə

Sakit də haymda yaşayan bütün qaçqınlar kimi bu xəbərə çox sevindi: yanvarın əvvəlindən qaçqınlara işləmək icazəsi veriləcəkdi, cəmisi iki aydan sonra. Bu xəbəri ona Sosialamtın (Sosial İdarənin) işçisi vermişdi.

— Ihr musst euch jetzt freuen, — demişdi ona Aleksander. – Bald habt ihr den direkten Zugang zum deutschen Arbeitsmarkt (Siz indi sevinməlisiniz. Tezliklə alman iş bazarına birbaşa çıxışınız olacaq).

Aleksanderə bütün qaçqınlar qısa olaraq “Aleks” deyirdilər. Əslində bu onun soyadı idi, adı isə Yohan idi. Onun himayəsinə beş-altı haym verilmişdi; Aleksander tez-tez haymlara baş çəkər, hər şeyin qaydasında olub-olmadığını yoxlayardı.

Sakit bu xəbəri alandan sonra oturub arvadına uzun-uzadı bir məktub da yazdı. Yazdı ki, arvadına bu şad xəbəri yaza bildiyinə sevinir; nəhayət ki, bu yaxında iş icazəsi alacaq, ondan sonra da bir iş tapıb pul qazanacaq, arvadına yollayacaq ki, o da oğlu ilə bir yerdə Almaniyaya gələ bilsin. Özü də nə iş olur-olsun, görməyə hazırdı.

Üç həftədən sonra arvadından məktub aldı; arvadı Sakit üçün nəhayət işə düzəlmək imkanı yaranması xəbərinə çox sevinir, onun pul düzəldib göndərə biləcəyi halda oğlu ilə bir yerdə Almaniyaya gəlməklərinin mümkün olacağını və bütün ailənin yenidən birləşə biləcəyini fərəhlə bildirirdi.

Yanvarın birinci iş günü səhər tezdən Sakit Əcnəbilər İdarəsinə yollandı. Əcnəbilər İdarəsi də Sosialamt kimi iyirmi kilometr aralıdakı Groshauzen şəhərində yerləşirdi. Bütün gecəni yatmamışdı: iki illik ayrılıqdan sonra nəhayət ailəsinə qovuşacağına, arvadını, oğlunu görəcəyinə çox sevinir, xəyalında hər ikisinə Almaniya haqqında danışacaqlarını götür-qoy eləyir, onlara burada hansı yerləri, hansı alman şəhərlərini göstərəcəyi haqqında fikirləşirdi. Bunları fikirləşəndə onu da fərəh hissi bürüyür, arvadının, oğlunun qarşısında onlara Almaniyaya gəlmək, bu ölkədə yaşamaq imkanı yaratdığına görə qürrələnmək istəyirdi.

Əcnəbilər İdarəsinə gələn kimi ona vermiş olduqları müvəqqəti sənədə qabaqcadan hazırlanmış belə bir yazı yapışdırdılar: “Kann nur die Arbeitsstelle bekommen, die die Deutschen und die EU-Bürger nicht wollen” (“Ancaq o işə qəbul edilə bilər ki, onu almanlar və Avropa Birliyi vətəndaşları istəmirlər”).

Sakit burada nə yazıldığına o qədər də fikir vermədi və hayma geri qayıdan kimi dərhal əl telefonu ilə seçib saxladığı yerli qəzetlərdəki iş elanlarında göstərilmiş nömrələrə bir-birinin ardınca zəng vurmağa başladı. Təkliflər əsasən ya təmizlik, ya da mətbəx işləri ilə bağlı idi. Amma bir neçə yerə zəng edəndən sonra bu qənaətə gəldi ki, təmizliklə bağlı elan verənlər ancaq qadın xeylağı axtarırlar. Bundan sonra da ancaq mətbəxlə bağlı iş təklif edənlərə zəng vurmağa başladı. Restoranların birindən qısa telefon danışığından sonra ona görüş təklif edəndə Sakit çox sevindi: çox güman ki, bu yer də ona qismət olacaq.

Burası böyük, dəbdəbəli bir restoran idi, həm də əsil, ənənəvi alman restoranı. İri, ikimərtəbəli evin birinci mərtəbəsində düzəldilmiş təmtəraqlı, böyük salon bütövlükdə — masa və kürsülərdən tutmuş onların üstünə salınmış sürfə və dəsmallara qədər yenə də alman ənənəsini əks etdirirdi.

Sakit indiyə kimi bu ətrafda bir dənə də olsun belə restoran görməmişdi: bu vaxtadək hər yanda ancaq italyan pitseriyalarına, türk dönərçilərinə, Çin restoranlarına və daha nə bilim kimlərin mətbəxlərinə rast gəlmişdi. Almanlar sanki onun-bunun mətbəxinin dadına baxıb onları ağız dolusu tərifləməkdən böyük zövq alırdılar, öz mətbəxləri isə elə bil hər saat yadlarına düşmürdü.

Sakit içəri girəndə boş salonda masanın arxasında yaşlı bir kişiylə ondan bir qədər cavan görünən qadının oturduğunu gördü. Onu yaxına çağırıb, masa arxasında yer göstərdilər:

— Setz dich (Əyləş), — dedi kişi. Bist du wegen der Arbeit gekommen (İşə görə gəlibsən)?

Sakit sakitcə başı ilə təsdiqlədi.

— Woher kommst du? (Haradansan?)

Bu Almaniyada bir növ adət olmuşdu: əcnəbiyə “sən” deyə müraciət edir, çatan kimi də ondan adını yox, haradan olduğunu soruşurdular.

— Ich komme aus Aserbaidschan (Azərbaycandanam), — deyə Sakit qürurla cavab verdi.

— Aserbaidschan ist nicht Russland (Azərbaycan Rusiya deyilmi)? – deyə qoca bu dəfə soruşdu.

Sakit Azərbaycanın qədim bir ölkə olub, SSRİ dağılandan sonra yenidən müstəqillik qazandığını başa salmaq üçün uzun bir nitq başladı, amma kişi onun sözünü kəsib, bunların onu maraqlandırmadığını dedi. Sonra da yanındakı qadını ona göstərib arvadı olduğunu bildirdi.

— Wir sind die Familie Patzke. Schon lange im Restaurante – Geschäft. Wie heißt du (Biz Partzke ailəsiyik, çoxdandır restoran işindəyik. Sənin adın nədir)?

— Sakit Mammadow.

— Gut, — kişi əlini yellədi. — Du kannst das für mich dann auf einem Zettel aufschreiben (Yaxşı, sonradan bunu mənim üçün bir vərəqdə yazarsan).

— Haben Sie früher schon in der Küche gearbeitet (Əvvəllər heç mətbəxdə işləiyibsinzmi)? – bunu qocanın xanımı Sakitdən soruşdu, özü də nəzakətlə.

Sakit cavab verdi ki, yox, işləməyib. Amma ər-arvad bunu ona o qədər də irad tutmadılar.

— Das ist nicht so weiter schlimm, Sie werden es bei uns lernen (Bu o qədər də pis deyil, bizdə bunu öyrənərsiniz), — xanım Patzke bildirdi.

Sonra da ərinə müraciət edib dedi:

— Zeig ihm, was er in der Küche machen soll (Ona mətbəxdə nə iş görməli olacağını göstər).

Qoca Patzke Sakiti yanına alıb mətbəxə gətirdi; burada da hər tərəfdə təmizlik duyulurdu, səliqə-sahman isə göz oxşayırdı.

Qoca ona dedi ki, Sakit əvvəlcə özünə bir dəst mətbəx paltarı almalıdır, sonra da dolablardan birini açıb ona belə bir paltar dəstini göstərdi: bu ağımtıl nazik parçadan tikilmiş pencəkdən, şalvardan və aşpaz papağına oxşayan dəyirmi qalpaqdan ibarət idi.

— Ich erkläre dir danach, wo du dir so ein Komplett kaufen kannst. Das kostet nicht viel: zwanzug — fünf und zwanzig Euro (Sonra sənə belə bir dəsti haradan ala biləcəyini izah edəcəyəm. Baha deyil: iyirmi – iyirmi beş avro)

Bunları deyəndən sonra qoca ona nə iş görməli olduğunu anlatdı: əsas iş qab-qacağı yuyub qurutmaqdan, mətbəxin və salonun döşəməsini silməkdən ibarət idi.

— Kannst du heute Abend kurz nach zehn kommen (Bu axşam saat ondan bir az keçmiş gələ bilərsənmi?) – deyə Patzke ondan soruşdu.

Sonra qoca ona restoranın necə fəaliyyət göstərdiyini danışdı: saat səkkizdən ona qədər onlar səhər yeməyi verirdilər, restoran ondan beşə kimi bağlı qalır, axşam beşdən ona kimi yenə də açılırdı. Amma axşam saat doqquzdan sonra daha isti yemək üçün sifariş qəbul edilmirdi, saat ondan sonra isə ofisiantlar qab-qacağın qalanını da masalardan yığışdırıb mətbəxə daşıyırdılar. Bundan sonra da Sakit öz işinə başlamalıydı: o qabları yuyub, mətbəxi təmizləməli, axırda da salonun döşəməsini silməli  idi.

Saat onda Sakit özünü buraya yetirdi və restoranın salonundan keçib mətbəxə yollandı; bir küncdə qalaq edilmiş bulaşıq qab-qacaq artıq onu gözləyirdi. O, mətbəxə daxil olub tez paltarını dəyişdi və işə başladı. Sakit işlədiyi müddətdə cavan, yaraşıqlı ofisiant qadın tez-tez mətbəxə girir və Sakitə hər dəfə bir söz atırdı.

— Du bist wirklich fleißig, junger Mann (Sən doğrudan da çalışqansan, cavan oğlan)! – deyə növbəti dəfə içəri girib onu işinə diqqət yetirən ofisiant qadın gülümsəyərək dedi.

Sakit də cavabında gülümsədi:

— Was kann man machen? Man muss fleißig sein (Nə etmək olar? Gərək çalışqan olasan).

Kitabı alın




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 10 + 11 ?
Please leave these two fields as-is: