MƏN VƏ ARNO

Dərc etdi 2 Июнь 2014 rubrika Hekayələr. Şərhlər: 0

imagesVüqar Dəmirbəyli                 

MƏN VƏ ARNO

Hekayə

Arno balaca bir oğlan idi. Mən onu ilk dəfə kiçik bir qatarda — cəmisi iki vagonu olan köhnə bir qatarda ğörmüşdüm. O özü yaşda olan başga oğlanlarla, sinif yoldaşları ilə birlikdə həmin bu qatarda ğedirdi. Mən onların yanından ötmək istəyəndə birdən bu uşaglar almanca nəsə deyərək, hamısı bir ağızdan:

— Hey, Arno, Arno!.. – deyə qışqırmağa və gülməyə başladılar.

Onlardan ən irisi deyəsən daha ucadan ğülürdü, ya nəydimi, amma məhz o Arnonu daha çox qıcıqlandırdı və bu çəlimsiz zəif oğlan birdən həmin yekəpərin — özündən az qala iki dəfə uca və vücudlu id olan yeniyetmənin üzərinə atıldı. Mən Arnonun vuruşmağa bu atılmasında cəsarətdən, hünərdən daha çox bir ümidsizlik, bir fəryad ğördüm. Arno rəqibini yıxmağa bir neçə dəfə uğursuz cəhd ğöstərəndən sonra ondan qat-qat ğüclü olan oğlanın altına düşdü.

Alman sərnişinlər, heç nə olmayıbmış kimi, onların yanından ötərək yollarına davam edirdilər, amma mən bu gördüyümə biganə qala bilmədim və yaxinlaşıb, həmin oğlanı Arnonun üstündən qaldırdım. Arno ağlayırdı; onun sifəti qıpqırmızı qızarmış, üzündən axan təri göz yaşlarına qarışmışdı. Ayağa durandan sonra mən onu başqa vaqona keçirib boş oturacaqlardan birində əyləşdirdim; onun yoldaşları indi də Arnonu rahat buraxmaq istəmir, yenə də “Arno, Arno” deyib qışqırırdılar. Mən ona bir az təskinlik vermək istədim:

— Mach dir keine Sorgen, bald wirst du das vergessen (Fikir eləmə, bir azdan yadından çixacaq).

— Bist du Türke? (Sən türksən?) – birdən Arno mənim sifətimə belə baxmaq istəmədən soruşdu.

Azərbaycanda olanda bəlkə də hamıdan çox “biz də türkük” deyib səs-küy salanlardan, “Turandan”, “Türküstandan” dəm vurub, milli azlıqlara qıcıq verənlərdən biri də mən idim. Amma bir neçə il Almaniyada yaşayandan və burada türklərə olan münasibəti görəndən sonra onlarla olan qohumluğumu hər yolla gizlətməyə çalışırdım. Almaniyada əcnəbilərə olan münasibət ümumiyyətlə pisdir, amma burada heç kimlə — afrikalılar olsun, çinlilər, ya papuaslarla eskimoslar olsun — türklərlə olduğu kimi davranmırlar. Yəni Almaniya üçün ən aşağı “insan cinsi” varsa, bu da türklərdir, sonra da yerdə qalan müsəlmanlar. Almaniyada xaricilərə “sən” deyə müraciət eləyirlər, əsasən də türklərə və ya müsəlman ölkələrindən olan əcnəbilərə.

İndi bu uşağın mənə bu cür münasibət bəsləməsi mənə toxundu. Amma ürəyimdə daha çox böyükləri — onun valideynlərini, müəllimlərini qınadım. “Eh, almanlar, hanı sizin ağzınız köpüklənə-köpüklənə danışdığınız o mədəniyyətiniz? Uşaqlarınıza verdiyiniz tərbiyə budurmu? Heç uşaqları da yadlara nifrət ruhunda böyütmək olarmı?” – deyə düşündüm.

— Nein, ich bin Aserbaidschaner (Yox, mən azərbaycanlıyam), — deyə dilxor-dilxor ona cavab verdim. — Wie heißt du (Sənin adın nədir?) – deyə uşaqdan soruşdum, baxmayaraq ki, adının Arno olduğunu artıq o birilərdən eşitmişdim; bununla sadəcə söhbətin mövzusunu dəyişmək istədim.

— Mein Name ist Arnold, – deyə gənc hələ də burnunu çəkə-çəkə sakit, amma şikayətli bir səslə cavab verdi. — Kurz Arno. Was ist Aserbaidschaner — ich habe noch nicht gehört (Mənim adım Arnolddur, Qısa Arno. “Azərbaycanlı” nə deməkdr – hələ indiyə kimi eşitməmişəm)? — deyə o bundan sonra başını qaldırıb təəccüblə üzümə baxdı.

— Aserbaidschan ist ein Land, das teilweise im Kaukasus und teilweise im Iran liegt. Das Volk dieses Landes nennt man Aserbaidschaner (Azərbaycan deyilən bir ölkə var ki, onun da yarısı Qafqazda, yarısı da Irandadır. Bu ölkənin xalqına isə azərbaycanlılar deyirlər).

— Ja, interessant (hə, maraqlıdır), — dedi Arno və bir də diqqətlə mənə baxdı. — Wie heißen Sie (Sizin adının nədir)?

 — Ich heiße Ajas, — deyə cavab verdim.

Mənim adımdan almanlar mənşəyimi ayırd edə bilmirdilər, ona görə adımı ürəklə dedim.

Arnonun, beləcə türk olmadığımı biləndən sonra, mənə daha “sən” yox, “siz” deyə müraciət etməsinə bir yandan sevinsəm də, o biri yandan yenə də məyus oldum: əgər o bilsəydi ki, mən türk olmasam da, türklərə qohum bir millətin nümayəndəsiyəm, onda mənim haqqımda nə düşünərdi? Bir yandan biz azərilər dünyada bizi tanımadıqlarından şikayətlənirik, o biri yandan isə sevinirik ki, məsələn, Avropada bizim türklərlə, müsəlmanlarla olan yaxınlığımızı o qədər bilən yoxdur.

Kitabı alın:




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 8 + 6 ?
Please leave these two fields as-is: