XƏYANƏT

Dərc etdi 29 Май 2014 rubrika Hekayələr. Şərhlər: 0

Liebsdrreck

Vüqar Dəmirbəyli

XƏYANƏT

Hekayə

 

Pərviz deyəndə ki, Nəzrinin ona marağı var, Ramini çox qəribə, həm də xoş bir hiss bürüdü. Başqa cür necə ola bilərdi axı: belə gözəl bir qızın diqqətinə layiq olmaq hər halda az iş deyildi. Bu da, şübhəsiz, Ramində qıza qarşı əks-maraq oyatmaya bilməzdi. Düzdü, o əvvəlcə özünü Pərvizin qarşısında bir az narahat hiss elədi, sanki dostunun verdiyi xəbərin onda yaratmış olduğu  həmin gözəl, xoş hisslərə görə. Amma Raminə elə gəldi ki, bunu gizlətmək daha qeyri-səmimi olar. Ona görə də dedi:

— Əgər sənə bir kişi desə ki, bir qızın, qadının ondan xoşu gəlməsi haqqında xəbər ona ləzzət eləmir, demək o yalan danışır.

Bununla da məsələ o vaxt bitmişdi. Baxmayaraq ki, Pərviz bundan sonra da Nəzrinin Raminə olan münasibəti və artan marağı haqqında dostuna bir neçə dəfə də danışdı, tezliklə bu söhbətlər kəsildi. Ramin düşünürdü ki, əgər Pərviz Nəzrin haqqında ona belə şeylər danışmasaydı, o da öz tərəfindən həmin qıza heç vaxt maraq göstərməzdi.

O biri tərəfdən dostunun Nəzrinə olan münasibəti, onun iztirabları Ramini haldan çıxarırdı. Pərvizin dediyinə görə bu onun üçüncü məhəbbəti idi. Birinci qıza o öz məhəbbətini açıb deyə bilməmişdi. İkincisi, dediyinə görə, onu heç həndəvərinə də buraxmamışdı, demişdi ki, get tayını tap. Bütün bunları Pərviz ona o qədər tez-tez danışırdı ki, Ramin də artıq hər iki tarixçəni əzbər bilirdi. Nəhayət bir gün Pərviz ona üçüncü məhəbbəti haqqında danışanda bu xəbəri də Ramin sakitcə qəbul etdi. Ümumiyyətlə, bu cür tarixçələrə Ramin istehza ilə yanaşar, onları ciddiyə almazdı. Nə qədər, neçə belə hadisələr olmuşdu onun gözü qabağında, neçə dəfə ona oxşar məhəbbət tarixçələri danışmışdılar; həyəcandan əsə-əsə, qızararaq, deyərək ki, o qızsız yaşaya bilmirlər, ya o qız, ya da qəbir, daha nə bilim nə kimi cəfəng şeylər. Belə söhbətlər Ramini çox vaxt qıcıqlandırardı, çünki o qadınlara heç vaxt ciddi münasibət bəsləməzdi; ancaq kefi istəyəndə onlardan biri ilə maraqlı vaxt keçirmək, ya da qısa müddətə bir qızı ələ gətirmək haqqında düşünərdi. Amma bu cür məhəbbət tarixçələrinin onu qıcıqlandırdığını da büruzə verməzdi — xoşlarına gəlir, qoy danışsınlar. Sonra deyəsən bu cür tarixçələr onu hətta əyləndirməyə başladılar.

Ona birdən – birə belə gözlənilməz və xoş xəbər çatdıran Pərviz isə bütün yerdə qalan tanış və dostları içərisində Ramin üçün ən qəribə olanı, həm də ən maraqlı və yaxın olanı idi.  Bundan başqa həm də onlar uzun müddət idi ki, bir yerdə kirayə tutduqları mənzildə qalırdılar. Pərviz hər şeyi açıq danışar, özü də çox vaxt göylə uçardı; o sadədil və həyatdan uzaq bir adam idi. Onun ən çox sevdiyi hind filmləri idi; Pərviz onların hamısına baxmaq istəyər, həmin filmlərdən kobud, əldə düzəldilmiş, rənglərin bir-birinə qarışmış olduğu şəkilləri toplayardı. O həm də bəzi şairlərin şerlərini qalın dəftərinə köçürər, onları tez-tez, təkrar-təkrar oxuyardı. Ramin çox şübhələnirdi ki, Pərviz özü də şer yazır, əlbəttə ki, məhəbbət şerləri. Nədənsə o dostunu bunda ifşa etmək istəyirdi, istəyirdi ki, Pərviz özü şer yazdığını etiraf etsin. Amma Pərviz bunu qəti şəkildə inkar edir və Raminin onun haqsız yerə şer yazmaqda günahlandırdığını deyirdi.

Pərviz həm də radioya qulaq asmağı çox sevərdi, xüsusən də gecələr; gecələri də o elə çox vaxt yatmaz, kitablarla keçirərdi. Kitabları da həmişə yanında olardı: mühazirələrdə, bufetdə, avtobus dayanacağında, dükanda, bazarda. Hətta Raminin yadına gəldiyinə görə bir dəfə Pərviz onları özü ilə hamama da götürmüşdü. Bu kitabların sayı isə heç vaxt beşdən az olmazdı. Hara getsələr, Pərviz bu kitabları qoltuğuna alıb, ləngər vura-vura, özünə məxsus olan bir yerişlə, ağır addımlarla yeriyərdi. Bəzən Ramin ona gülmək istəyərdi, onun sadəlövhlüyünə, bir az qəribə görünən zəhmətsevərliyinə — zəhmətsevərlik onda özünü ancaq kitab oxumaqda göstərərdi, digər işlərdə isə Pərviz əslində tənbəl idi – amma o özünü saxlayardı.

Raminə elə gəlirdi ki, öz üçüncü məhəbbətini elan edəndən sonra Pərvizin işləri yaxşı getməlidir. O artıq iki dəfə müvəffəqiyyətsizliyə düçar olmuşdu, nəhayət ki, səadət onun üzünə gülməliydi ya yox? Bir azdan Pərviz doğrudan da Nəzrinlə görüşməyə başladı. Heç inanılası deyil – bu cür gözəl qız Pərvizi rədd etmədi – demək olar ki, onların bütün tanışları indi belə düşünürdülər, çünki bu ikisi təkcə zahirən deyil, həm də durumlarına görə çox fərqlənərdilər. Bəzən hətta Ramin özü də bu işə məəttəl qalardı, hətta ona elə gələrdi ki, Pərvizə həsəd aparır. O biri yandan isə Raminə elə gəlirdi ki, dostunun bu xoşbəxtliyi onu da sevindirir. Pərviz məhəbbətindən duyduğu gözəl hissləri onunla böyük həvəslə bölüşürdü, amma bəzən həyəcan keçirdiyi və şübhələr içində boğulduğu da gözə dəyirdi. Birdən Nəzrin onu doğrudan da rədd etsə, ya qızın ailəsi onların nikahına razı olmasa? Ramin belə hallarda dostunu bacardığı qədər ovutmağa çalışar, onu inandırardı ki (buna heç özü də axıra qədər inamasa da), bu heç vaxt ola bilməz. Axı qız da onu sevir, sevməsəydi heç onunla görüşərdi-mi, ona belə mehriban, xoş sözlər deyərdimi? Qaldı məsələnin başqa tərəfinə, onun fikrincə sevdiyin qızla evlənmək o qədər də vacib deyildi. Bu yerdə Ramin ona çılğın sevgidən sonra evlənənlərin çox zaman ayrıldığından danışardı. Yox, əgər Pərviz üçün məhəbbət hökmən evlənmə ilə qurtarmalıdırsa, onda tamamilə mümkündür ki, qız öz ailəsini və qohumlarını dilə tutub onların nikahı üçün razılıq ala bilsin.

Raminin hər sözü Pərvizi ruhlandırırdı, o inanmağa başlayırdı ki, hər şey dostunun dediyi kimi də nəticələnəcəkdir. Bəzən Pərviz Raminə, onların münasibətini dəstəklədiyinə görə, Nəzrinin də minnətdarlığını çatdırırdı: belə çıxırdı ki, Raminlə etdiyi söhbətləri o da qıza çatdırırdı.

Bütün bunlar haradasa iki ay çəkdi. Bir gün isə Ramin Pərvizin çox tutqun olduğunu gördü; qəzəbdənmi, peşmanlıqdanmı onun rəngi qapqara qaralmışdı, özü də əvvəlkinə baxanda daha qaradinməz, daha adamayovuşmaz olmuşdu.

— Nə olub? – Ramin soruşdu.

Pərviz əvvəlcə ona heç cavab da vermək istəmədi. Amma Ramin ondan əl çəkmək fikrində deyildi.

— Yoxsa qıza nəsə olub? – deyə bir də soruşdu.

— Yox, — Pərviz çox könülsüz cavab verdi.

— Qurtar, de görək nə olub!

— Nəzrinin valideynləri… Onlar istəmirlər ki, o mənə ərə gəlsin.

— Onlar kimdi axı? Əsas qızın öz istəyidi. Ən pis halda Nəzrin sənə qoşulub qaça bilər.

— Nəzrin onların iradəsinə qarşı getmək istəmir. Deyir, əgər valideynlərim xeyir-dua verməsə, ömrü boyu özümü lənətlənmiş kimi hiss edəcəm.

Ramin çox çalışdı ki, dostuna yenə də təsəlli versin, onu ovutsun, amma bu dəfə daha heç nə kömək eləmədi.

Nəhayət, Pərviz yenə də kitabları qoltuğuna vurub mənzili tərk etdi. Bundan sonra da neçə gün geriyə gəlmədi. Ramin narahat olur, dostunu harada axtaracağını bilmirdi. Bəlkə gedib harasa? Nəhayət ki, Pərviz üç gündən sonra geri qayıtdı; çox kədərli və pərişan görünürdü, Raminin də heç bur sualına daha cavab vermək istəmirdi. Nəzrinə qalanda isə Pərviz onu hər gün dərslərdə görürdü, özü də qızın davranışından belə təəssürat yaranırdı ki, guya bütün bu baş verənlərin ona heç bir dəxli yoxdur.

Qayıdandan sonra Pərviz iki gün Raminin suallarına ancaq qəribə tərzdə əlini yelləməklə cavab verdi. Nəhayət, üçüncü gün onunla nə baş verdiyini danışdı. Məlum oldu ki, axırıncı dəfə görüşdükləri gün o bir tanışından yataqxanada boş qalan bir otağın açarını alıb və orada yuxu dərmanı qəbul edib – cəmisi otuz həb – və bir gün, bir gecə ayılmayıb. Ayılanda isə dözülməz baş ağrısı hiss edirmiş. Pərviz hələ də yuxulu görünür, sanki neçə gün yuxusuz qalmış adam təsiri bağışlayırdı.

Ramin çox çalışırdı ki, Pərvizlə nə baş verdiyini başa düşsün. Bu nə idi axı görəsən? İntihara cəhd? Çox güman ki hə! Elə onun bir dəfəyə qəbul etdiyi yuxu dərmanlarının sayı da bunu göstərir. Təəccüblüdür ki, bundan sonra o sağ qalıb. Ramin bu axmaq, düşüncəsiz hərəkətinə görə Pərvizi söyüb yamanlamaq, danlamaq istədi. Bir qıza görə də özünü öldürmək olarmı? Özü də hələ heç axıra kimi bilmirsən ki, bu qız necə qızdır. Bu çox güman ki, hind filmlərinin ona göstərdiyi təsirdən irəli gəlir. Ümumiyyətlə isə bu bağışlanmaz bir hərəkətdir. Amma dünənə qədər ağzını açıb ona qulaq asan Pərviz indi daha Raminlə bu məsələni müzakirə etmək belə istəmir, hər dəfə mövzunu dəyişirdi.

Amma bir ay keçməmiş Pərviz ona dedi ki, Nəzrinlə münasibətləri bərpa olunub, onlar yenə də görüşürlər. Nəzrin də daha əvvəlki deyil, Pərvizdən ötrü indi hər şeyə hazırdır, ailəsi ilə münasibətlərini qırmağa belə. Amma sonra daha bu barədə danışmadılar; Raminə elə gəlirdi ki, Pərviz üçün onunla bu məsələni müzakirə etmək daha əvvəlki kimi maraqlı deyildi. İndi Ramin özü də onların münasibətləri ilə daha o qədər maraqlanmırdı.

O vaxtlar Ramin gecələr çox pis yatırdı; yerinə girəndən sonra uzun müddət nə haqdasa fikirləşir, yuxuya gedə bilmirdi. Bir dəfə Ramin tanış bir həkimin yanına gedib ondan bu məsələnin həllinə kömək etməyini xahiş etdi. Həmin həkim Raminə yuxu dərmanı almaq üçün bir resept yazdı, amma onu xəbərdarlıq etməyi də unutmadı: bir, ən çoxu da iki həb qəbul etməli, bu güclü yuxu dərmanıdır. Ramin aptekdən yuxu dərmanını alıb evə qayıdanda yolda təsadüfən Pərvizlə qarşılaşdı və ona bu dərmanı göstərib onun necə güclü bir dərman olduğunu dedi. Axır ki, yuxusuzluqdan qurtara biləcək, daha bütün gecəni yerində eşələnməli olmayacaq. Qaldıqları mənzil ikiotaqlı idi; hərəsi bir otaqda qalırdı. Ramin qayıdandan sonra həmin yuxu dərmanını öz otağındakı masanın üstünə qoydu ki, yatmazdan əvvəl bir həb qəbul etsin. Amma vaxt gələndə yuxu dərmanını daha yerində tapmadı. Ramin dərmanı çox axtardı, otağın hər tərəfini diqqətlə gözdən keçirdi, ciblərini töküşdürdü, yuxu dərmanı tapılmadı ki, tapılmadı. Bundan sonra axtarışlardan yorulub yerinə girdi və elə dərmansız yuxuya keçdi.

Səhər tezdən Ramin bir neçə günlüyə başqa şəhərə getməliydi. Yola düşməzdən əvvəl Pərvizlə xudafizləşmək üçün onun otağına girəndə dostunu olduqca qəribə bir vəziyyətdə tapdı. Pərviz çarpayının ortasında oturmuşdu, “nə olub?” sualına isə ancaq dəhşətli şəkildə üz-gözünü qırışdırmaqla cavab verirdi. Sonra da Pərviz ağzını elə bil ki, zorla açıb nəsə başa düşülməyən bir şey dedi. Raminə elə gəldi ki, o hələ də iki ay əvvəl qəbul etdiyi dərmanların təsirindən tam qurtarmayıb, sonra da daha ləngiməyib çamadanını götürdü və Pərvizi otağında bu vəziyyətdə qoyub yola düşdü.

Ramin üç gündən sonra geri qayıdanda Pərvizi yenə də həmin vəziyyətdə tapdı: o bir az da bürüşmüş, rəngi daha da qaralmışdı. Pərviz özünü pis hiss edəndə onun rəngi qaralırdı, həyəcanlananda və utananda qızarırdı. Doğrudanmı o bütün vaxtı beləcə burda oturmuşdu? Ramin bunu heç yerə yoza bilmirdi. Onun suallarına isə Pərviz yenə də çox yavaş və könülsüz cavab verirdi. Amma bu dəfə Ramin ondan elə-belə əl çəkmək istəmirdi. O Pərvizə nə olduğunu hökmən bilmək istəyirdi. Ramin onu gah qolundan, gah çiynindən tutub silkələyir, hey ona nə olduğunu soruşurdu. Pərviz bir az keçmiş boynuna aldı ki, Raminin yuxu dərmanını həmin gün otaqdan o götürüb və Raminin yola düşdüyü gün, səhərə yaxın bütün iyirmi həbi bir dəfəyə qəbul edib. Səbəbi?.. Səbəbi yenə də Nəzrinin ona ərə gəlmək istəməməsi. Pərvizin etirafını eşidən Ramin ondan əl çəkdi və bundan sonra daha heç biri bu barədə danışmaq istəmədi. Ramini ən çox təəccübləndirən yenə də bu idi ki, bu qədər həb qəbul edəndən sonra Pərviz yenə sağ qalmışdı.

Bir müddət Pərviz Nəzrindən aralı gəzməyə çalışdı, amma bu çox çəkmədi. Bir azdan onlar yenə də yaxınlaşdılar. Bu dəfə Pərvizlə Nəzrinin münasibəti daha çox dostluq münasibətlərinə oxşayırdı və elə bil ki, Pərviz daha əvvəlki kimi iztirab keçirmirdi. Pərviz qızla və onun rəfiqələri ilə indi daha tez-tez görüşürdü; onlar bir yerdə kinoya, konsertə, cürbəcür yığıncaqlara gedir, ya sadəcə gəzməyə yollanır, bir sözlə vaxtın çoxunu bir yerdə keçirirdilər. Məhz belə günlərin birində Pərviz Raminə dedi ki, Nəzrinin ona marağı var. Ramin də bundan sonra qızla maraqlanmağa və Pərvizin yeni cəmiyyətində tez-tez peyda olmağa başladı. Amma bu uzun çəkmədi. Tezliklə onlar təhsili bitirdilər və hərə bir tərəfə dağılışdı. Pərvizi əyalət məktəblərindən birində dərs deməyə göndərdilər, Ramin isə şəhərdə qaldı. Yoldaşları haqqında, o cümlədən Nəzrin haqqında Raminin daha heç bir məlumatı yox idi. Tezliklə o hər şeyi unutdu, çünki günün çox hissəsini işdə olurdu, başqa qayğıları da zatən az deyildi.

Bir dəfə isə Ramin təsadüfən şəhərdə onunla oxumuş tələbə qızlardan birinə rast gəldi. Qız Raminə Nəzrinin telefonunu verib xahiş etdi ki, ona zəng edib qızın əvəzindən onunla görüşə gələ bilməyəcəyi üçün üzr istəsin, çünki o indi dərs dediyi əyalətə qayıtmalıdır. Pərviz şəhərdə deyildi, onu göndərdikləri məktəbdə dərs deməkdə davam edirdi. Ramin birdən ağlına bir fikir gəldi: bəlkə Nəzrinə zəng edib onunla görüş təyin etsin, görsün ki, Pərviz gedəndən sonra qız indi vaxtını necə keçirir. Əyalətə yollanmamışdan qabaq Pərviz ona demişdi ki, daha Nəzrinlə evlənə bilməyəcəyini başa düşüb, özü də ona qarşı indi soyuyub. Buna baxmayaraq Pərviz əyalətə yola düşənə qədər onlar görüşməkdə davam etdilər.

Nəzrin telefonun dəstəyini özü qaldırdı; Raminə elə gəldi ki, bu zəng qızı heç təəccübləndirmədi də. Elə bil Nəzrin bu zəngi gözləyirdi və əmin idi ki, Ramin nə vaxtsa ona zəng edəcək. Görüşü sabahısı günə təyin etdilər, ümumi dostları, tələbə yoldaşlarını, ilk növbədə isə Pərvizi xatırlamaq bəhanəsiylə.

Qız görüşə bir az gecikdi. Ramin hətta düşünməyə başladı ki, ola bilsin qız fikrini dəyişib, görüşə gəlməyəcək. Amma yox, bir azdan o qızı uzaqdan gördü. Nəzrin başına qırmızı lent bağlamış, zil qara, dalğavarı saçlarını isə arxada yığmışdı, özünə də qəmgin, kədərli bir görkəm vermişdi. Gərçi diqqətlə baxanda başa düşmək olardı ki, qız sadəcə özünü belə göstərmək istəyir. Yüngül meh onun parlaq qırmızı plaşının ətəklərini azacıq qaldırırdı, özü isə çiyninə keçirdiyi qara çantanın qulpundan əda ilə yapışıb ona tərəf gəlməkdə idi. Bəli, Nəzrin ədalı qız idi. Yazıq Pərviz!

Nəzrin gecikdiyinə görə üzrxahlıq edəndən və ümumi dostlarından, yoldaşlarından hal-əhval tutandan sonra Raminə şəhər məktəbindəki işindən danışmağa başladı. Dərs deməyin necə maraqlı olduğunu, uşaqların onu necə sevdiyini dedi. Amma Pərviz haqqında qız heç nə soruşmadı. Parka yaxınlaşıb skamyaya oturdular. Artıq payız idi, külək güclü əsməsə də, yağış yağmasa da, göz üzü bombozdu və hava da ürəkaçan deyildi. Skamyaya oturandan sonra Nəzrin Raminə məktəb haqqında danışmağa davam etdi. Dediyinə görə yeddinci sinifdə oxuyan bir oğlan onu çox sevirdi, özü də çalışırdı ki, bunu gizlətsin. Amma Nəzrin özü hər şeyi görür, oğlanın ona necə məhəbbətlə baxdığı nəzərindən qaçmır, onu danlayanda isə müəlliməsindən küsür.

— Ax bu oğlanlar! – qız dərindən köksünü ötürdü. – Onların birinə azacıq diqqət yetirən kimi dərhal özündən bədgüman olur: sən demə o qadının xoşuna gəlib.

Dostunun obrazı Raminin gözü qarşısından getmir, ona rahatlıq vermirdi. Görəsən bu görüşdən xəbər tutsaydı, Pərviz buna necə münasibət bəsləyərdi? Ramin guya ki, Nəzrinə diqqətlə qulaq asırdı, amma əslində qızın danışdıqları onun üçün çox maraqsız idi. Birdən o qızın qara əlcək geydiyi əlindən yapışdı. Nəzrin bunu qətiyyən gözləmirmiş kimi müqavimət göstərdi və əlini azad etmək istədi, amma tezcə də sakitləşdi. Ramin əvvəlcə onun yanağından öpdü; qız böyründə dayandığından birdən-birə onun dodaqlarından öpmək mümkün deyildi.

— Lazım deyil, — ilk öpüşdən sonra Nəzrin nəhayət müəllimlik fəaliyyəti haqqındakı söhbətini dayandırıb dedi.

Ramin onu çiyinlərindən yapışıb özünə tərəf döndərdi və dodaqlarını öpməyə başladı. Qız bir az sakit dayanandan sonra pıçıldadı:

— Mən… mən indi öləcəm…

Bu nə demək idi, görəsən? Şikayət, köməyə çağırış? Amma bir şey aydın idi: qız özünü doyurmaq istəyirdi. Səsindəki tənəni isə belə başa düşmək olardı: bir işi axıra çatdıra bilmirsənsə, yaxşısı budur onu heç başlamayasan. Bundan sonra da Ramin onun dodaqlarından bir neçə dəfə öpdü. Nəzrinin dodaqları nazik, hərarətli, yumşaq və elə boyasız da qıpqırmızı idi. Bu qız onsuz da bir çox başqalarından fərqli olaraq dodaq boyasından, ənlikdən-kirşandan, ya sürmədən demək olar ki, istifadə eləməzdi. Nəzrin əlcəyini çıxarıb onunla Ramini vurmağa başladı:

— Bəsdi… bəsdi… daha dözə bilmirəm!

Səsində indi elə bil bir yalvarış da var idi.

Ramin qıza acıyıb ondan əl çəkdi; şərait onların daha yaxından təmasda olmasına imkan vermirdi.

Gələn dəfə Raminin kirayə tutduğu mənzildə görüşdülər. Əvvəlcə Nəzrin heç cür özünü soyundurmağa imkan vermirdi. Amma birdən paltarını özü soyundu, əynində daha heç nə qalmadı. Ramin də soyunub onun yanında divana uzandı. Bundan sonra öpüşdülər, Ramin qızın sinəsini, budlarını oxşadı, o da Raminin bədəninə əl gəzdirdi. Əvvəlcə Nəzrin demək olar ki, sakit idi, amma Ramin onun qulaqlarının ucunu öpəndən sonra, gənc müəlliməni dərin bir ehtiras bürüdü: indi qız, Ramin ona toxunduqca çılğın hərəkətlər edir, oğlanı dişləyir, bərkdən inildəyir, hətta az qala qışqırırdı. Amma yenə də öpüşməkdən, bir-birini sığallayıb əlləməkdən o yana getmədilər.

Bundan sonra bu mənzildə görüşməyə davam etdilər. Əsasən Nəzrin özü ona zəng edir, hansı gün, saat neçədə onun yanına gələ biləcəyini deyirdi. Nəzrinlə olan təmas Raminə olmazın zövq verirdi, amma gənc bunun da fərqindəydi ki, təsadüfən ümumi tanışlarından biri onların əlaqəsi haqqında bilməsin. Getdikcə isə daha tez-tez görüşürdülər, amma bir gün Pərviz ona zəng edib tezliklə, Yeni il qabağı Bakıya gələcəyini bildirəndən sonra, Nəzrinlə bu görüşləri müvəqqəti olaraq dayandırmağı qərara aldılar.

Ramin dostunu, əvvəldən razılaşdıqları kimi, qaldığı yerin yaxınlığındakı avtobus dayanacağında qarşıladı. Pərviz o qədər də dəyişməsə də müəllimlik deyəsən ona bir az müsbət təsir göstərmişdi. Məktəbdə o adamlardan daha həmişəki kimi qaça bilmir, istər-istəməz onlarla daha yaxın təmasda olurdu. Hətta Pərvizdə şagirdlərə, məktəb işinə indi maraq da yaranmışdı. O da şagirdlərindən danışmağa başladı: belə çıxırdı ki, hamısı ilə ümumi dil tapa bilir, amma tələbkarlığından qalmır. Pərviz əmin idi ki, müəllim kimi onun işi alınır, uşaqlar da dərslərinə diqqətlə qulaq asırlar. Bununla belə o ömürlük məktəbdə işləmək haqqında düşünmürdü; icbari müəllimlik müddəti üç il idi, bunu başa vurandan sonra Pərviz şəhərə qayıtmaq və yenidən vaxtını kitablara həsr etmək istəyirdi.

Onsuz da Pərvizdən həqiqi müəllim çıxası deyildi – Ramin buna əmin idi. Məktəbdə müəllim olmaq üçün az bilik və məhdud dünyagörüşü çox vaxt kifayət edir; əsas odur ki, bunu uşaqlara öyrədə biləsən. Məktəb üçün məhz belə bir müəllim tələb olunur. Pərvizin hədsiz bilikləri isə ona müəllim olmaqda ancaq mane ola bilərdi. Çünki Pərviz lazım olduğundan artıq danışmaya bilməzdi, artıq danışmaqla isə o uşaqlara çox güman ki, lazımı bilikləri qavramağa da mane olurdu.

Yeni ilə iki gün qalırdı və Pərviz bu bir neçə günü Raminin yanında keçirməyi düşünürdü. Pərviz özü ilə qışı gətirmişdi, bütün günü – Bakıda bu nadir hallarda baş verirdi — qar yağırdı. Köhnə ənənəyə sadiq qalaraq Ramin iki şüşə araq aldı, bir az da kolbasa, pendir, çörək və göyərti. Tələbəlik illərində ad günümü olsun, nə isə bir bayrammı, ya başqa bir hadisəmi, onlar onu bu cür qeyd edərdilər. Elə yenicə oturmuşdular ki, Raminin uzaq qohumu zəng edib yaxında olduğunu və ona qısa müddətə baş çəkmək istədiyini dedi. Beləcə Pərvizin gəlişini üçlükdə yuyası oldular. Sonra da Raminin qohumunun xahişi ilə üçlükdə onun qaldığı mənzilə getdilər və şənliyə orada davam etdilər. Geriyə Raminlə Pərviz piyada qayıtdılar; ətraf qarla örtülmüş, hər tərəf buz başlamışdı deyə avtobuslar işləmirdi.

Hələ çox getməli idilər, amma gənclərin ikisinin də kefi kök idi. Ramin isə o qədər şənlənmişdi ki, az qala sevincindən uçurdu. Elə bil onun hər şey yadından çıxmışdı, elə bil ki, bu böyük şəhərdə onların iksindən başqa daha heç kimsə yox idi. Ağappaq qar ay işığında bərq vurub parıldayır, dünyanı daha da cazibədar edirdi. Həmin gün arağı çox içmişdilər, həmişəkindən daha çox. Buna baxmayaraq heç birində sərxoşluq özünü büruzə vermirdi. Düzdü, Pərvizin sağlamlığı əvvəlkinə baxanda bir az zəifləmişdi – bu yəqin ki, o vaxt qəbul etdiyi dərmanların təsiri idi — o çox az hallarda sərxoş olurdu. Əvvəllər Pərviz içkinin nə olduğunu heç bilməzdi də, Raminlə yoldaşlıq edəndən sonra bir az öyrəşdi buna.

Pərviz indi qabaqda gedirdi, Ramin ondan neçə addım dala qalmışdı. Bütün yolu zarafat edir, tələbə illərindən gülməli əhvalatları, yoldaşlarını və bəzilərinin başına gələn məzəli işləri xatırlayıb gülürdülər. Mənzilə çatmağa az qalanda Pərviz qalxdığı kiçik pilləkəndə duruş gətirə bilməyib yıxıldı və yıxılanda da başı daş pillələrdən birinə dəydi. Başı bərk dəydi ya yox, bu Ramində ancaq gülüş doğurdu. Ağrıyan yerini bir az ovuşdurandan sonra Pərviz özü də onunla bərabər gülməyə başladı.

Pərviz Raminin yanında üç gün qaldı. Yeni ildən sonra, növbəti gün o yenidən geriyə qayıtmağa, müəllimlik fəaliyyətinə davam etməyə hazırlaşırdı. Amma sonra nə fikirləşdisə də, bir gün də artıq qalmaq qərarına gəldi.

Pərvizin geriyə dönəcəyi gün Ramin səhər tezdən işə getməli idi. Pərviz isə ancaq bir neçə saatdan sonra yola düşəcəkdi. Ramin dostuna bir az da dincəlmək imkanı vermək istədiyindən onu mənzildə tək qoymağı qərara aldı. Evdən çıxanda isə Pərvizə uğurlu yol arzulayıb gedəndə açarı yandakı qonşuya verməyini xahiş etdi.

Həmin gün Ramin bir də axşam geriyə qayıtdı. Açarı qonşudan götürüb qapını açanda gözünə ilk dəyən masada, gündəliyinin üstündə qoyulmuş yazılı vərəq oldu. Bu dərhal Ramini qayğılandırdı: bu nə deməkdir axı? Gündəlik niyə buradadır? Doğrudanmı o mənim gündəliyimi oxuyub? Axı niyə o gündəliyi elə yerə qoymamışdı ki, təsadüfən o kiminsə əlinə keçməsin? Pərvizin özgənin əşyalarında eşələnmək vərdişi yox idi, şübhəsiz ki, kitablardan başqa. Bəli, yəqin ki, belə də olub: Pərviz Raminin kitablarına baxanda onların arasında bu gündəliyə təsadüf edib. Ax, təəssüf, təəssüf!.. Ola bilsin ki, Pərviz yenə də heç nə başa düşməyib, o heç yerdə Nəzrinin adının bütövlükdə yazmırdı axı, ancaq onun birinci hərfini işarə edirdi. Bunu, biləndə ki, Ramin gündəlik yazır, Nəzrin özü ondan xahiş eləmişdi. O Raminə demişdi ki, onların münasibətlərinin də bu gündəlikdə əks olunacağına şübhə etmir. Birdən bu gündəlik kiminsə əlinə keçər və qız biabır olar. Bir də Allah eləməsin ki, Pərviz bundan xəbər tutsun. Ramin onda qızı sakitləşdirib demişdi ki, bu gündəliyi heç kimə, heç Nəzrinin özünə də vermək fikrində deyil. Başqa cür isə bu gündəlik heç kimin əlinə keçə bilməz. Bir də ki, o Nəzrinin adını bütövlükdə yazmayacaq, ancaq “N” olaraq ondan söhbət açacaq.

Böyük həyəcan və üzüntü içərisində Ramin Pərvizin qoyub getdiyi vərəqi götürüb oxudu. Pərviz yazmışdı:

“Ramin, bu gün, səninlə bərabər keçirdiyim bir neçə gündən sonra, ən xoş təəssüratlarla geriyə qayıtmağı düşünürdüm. Amma yola düşməzdən əvvəl sənin kitablarına baxmaq istədim və onların arasında bu gündəliyi tapdım. Məni daha çox cəlb edən onun üz qabığındakı «Həyatımdan etüdlər” başlığı oldu. Bu nə addı qoyubsan belə: “etüdlər”?.. İndi mənim gözümdə ömrüm boyu gördüyüm və tanıdığım adamların içərisində an murdarı və ən əclafı sənsən!.. Sürünün… Siz ikiniz ayrı heç nəyə qadir deyilsiniz! Bir də hər səhifədə yazmağın nə mənası vardı ki, mənim sevdiyim qızla görüşdüyünə görə iztirab çəkirsən? Sənə indi son məsləhətimi vermək istərdim: bu vərəqi də “Həyatından etüdlərə” yapışdırsana…”

Ramin dərhal Nəzrin haqqında fikirləşdi: qıza zəng edib onu olanlardan xəbərdar etmək lazımdır. Ramin özünü Nəzrinin yanında günahkar hiss edirdi: o bu sirri qoruyub saxlaya bilmədi. Amma neçə dəfə zəng elədisə də qızla danışa bilmədi. Hər dəfə onun anası cavab verirdi, özü də kobud, xoşagəlməz bir tərzdə. Qızın anasının xasiyyətini bildiyindən Ramin ondan Nəzrini soruşmağa cürət etmir, dərhal dəstəyi asırdı. Beləcə neçə ay keçsə də, Nəzrinlə danışa bilmədi. Sonra isə bu mənzildən çıxmalı və bir müddət tanışlarının yanında darısqal bir otağa yerləşməli oldu. Nəhayət bir dəfə imkan tapıb buradan Nəzrinə zəng edə bildi. Bu dəfə dəstəyi qız özü qaldırdı, dərhal da bildirdi ki, bir neçə gün əvvəl bir oğlana nişanlanıb. Buna görə də xahiş etdi ki, Ramin daha ona zəng etməsin. Ramin yenə də imkan tapıb Pərvizlə baş verənləri qıza danışdı. Dedi ki, Pərviz onun gündəliyini oxuyub və indi onların münasibətindən agahdır. Raminin təəccübünə rəğmən Nəzrin bu eşitdiklərini çox sakit qəbul etdi: səsində nə qəzəb, nə mühakimə, nə də peşmançılıq hiss olunurdu.

— Bilirsən, nədir? Bu ancaq təbii ehtiyac idi; əgər sən də olmasaydın, mən başqasını tapacaqdım.

Bunu deyəndən sonra Nəzrin Raminlə sağollaşıb dəstəyi asdı.

                                                                                                                                                                                                                                                             Bakı, 1996




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 7 + 4 ?
Please leave these two fields as-is: