QARANLIQ

Dərc etdi 27 Апрель 2014 rubrika Hekayələr. Şərhlər: 0

DunkeljeitVüqar Dəmirbəyli

QARANLIQ

Hekayə

Ləbi uzaq bir əyalətdən Bakıya oxumağa gəlmişdi və indi Bakının ətrafındakı “naxalstroylardan” birində bir “mənzildə” kirayədə qalırdı. Şəhərin kənarındakı avtobus dayanacağından bir az aralanandan sonra “naxalstroy” başlayırdı. Hələ ona çatmamış ən birinci gözə dəyən iri bir zibillik idi, bu o qədər iri zibillik idi ki, dənizdən qağayılar da uçub buraya yem dalınca gəlirdilər. Bu zibillikdən sonra da “naxalstroy” başlayırdı: əyri-üyrü küçələr, köndələn, necə gəldi, plansız, qeyri-qanuni tikilmiş evlər. Mənzil qıtlığı ucbatından şəhər rəhbərliyi də bu “naxallığa” göz yumurdu, bu qeyri-qanuni, özbaşına salınmış qəsəbəni görməməzliyə vururdu. Burada məskən salanlar əsasən Azərbaycan əyalətlərindən gələnlər idi; uzun illər zavodlarda fəhlə işləyib, illərlə ev növbəsində durandan sonra həmin adamlar özlərinə belə bir yerdə ev tikməyə qərar verirdilər. Amma burda da gərək uçastkovunu-zadı, yəni ki, milisin bu sahə üzrə müvəkkilini görəydin, yoxsa kim idi ki, səni belə asanlıqla ev tikməyə qoyan. Sonra bəziləri bu evləri satırdılar da. Sənədsiz-filansiz evi də satmaq olarmı və satmaq olarsa, onda nə təhər olar? Burada məsələ bir az qəliz idi. Amma yenə də “uçastkovunun” canı sağ olsun, ona bir az “hörmət eləyəndən” sonra özü işi düzüb-qoşurdu, yəni bu qeyri-qanuni evin indi də başqa adama mənsub olduğunu qəbul edirdi. Burada belə ev alanlar arasında aspirantlar, ali məktəb müəllimləri də varıydı. Çoxları ümid edirdilər ki, nə vaxtsa şəhər onlara mənzil verəcək, onda da buradakını satıb oraya köçəcəklər.

Ləbi Politexnik institutuna qəbul olunandan sonra əvvəlcə onunla bir yerdə oxuyan Abillə bərabər 3-cü Yuxarı Dağlıq küçəsində — buna əslində 3-cü Xrebtovı deyirdilər — qalırdı. Yataqxanada heç biri özünə yer tapa bilmədi, ona görə də məcbur olub mənzil axtarmağa başladılar. Buranı “Ev bazarı” deyilən yerdə tapmışdılar. Uzun saçlı, üzü tüklü, təxminən otuz beş – qırx yaşlarında bir kişi onları alçaq həyət evlərinin yaya-yana düzülmüş olduğu bir məhəlləyə gətirdi. Pilləkənlərlə xeyli aşağı enəndən sonra olduqca sadə tikilmiş iki kiçik tikili gözlərinə dəydi. Arxadan olan tikilinin qarşısı şüşəbənd idi və o bir az evə oxşayırdı. İkinci tikilinin isə tək yandan bir pəncərəsi, bir də qabaqdan qapısı vardı. Sonradan məlum oldu ki, birinci tikilidə Atamalının bacısı yaşayır. Atamalı ikinci tikilinin arxasında keşikçi köşkü kimi bir yer düzəltmişdi — əslində bu it damına daha çox oxşayırdı — özü orada yaşayırdı.

Birinci dəfə Atamalının kirayə verdiyi „mənzilə“ girəndə Ləbinin gözü kəlləsinə çıxdı: deməli, kişinin yol boyu təriflədiyi və guya ki, ucuz qiyməyə kirayə verdiyi „mənzil“ bu imiş? Döşəməsi betondan olan otağın içərisi bomboş idi; içəridəki rütubət özünü dərhal hiss etdirir, nə isə də kəsif qoxu verirdi. Ləbi dönüb qayıtmaq istəyirdi və imkan tapıb bunu Abilə də dedi:

— Gəl gedək, belə yerdə qalmaqmı olar?

— Əşi elə bilirsən, qalmağa yer tapacaqsan? Hələ Allahına şükür elə ki, bunusa da tapmışıq.

Abil görünür buradan əl çəkmək fikrində deyildi. Ləbi Bakıya yeni gəlmişdi, amma Abil instituta qəbul olunmamışdan qabaq burada iki il riyaziyyat təmayüllü sinifdə oxumuşdu. Abil da Ləbi kimi sadə bir ailədən idi, riyaziyyatda olan qabiliyyətinə görə onu rayondakı məktəbdən Bakıdakı riyaziyyat təmayüllü sinifdə oxumağa göndərmişdilər.

Hələ Bakıda yaşamaq təcrübəsi olmadığından Ləbi istər-istəməz yoldaşı ilə razılaşmalı oldu: bəlkə bu qiymətə daha Bakıda doğrudan da ev tapmaq mümkün deyil? Amma yenə də bu yeri kirayələməyə könülsüz razı oldu. Ürəyini açan tək bir şey vardısa, bu da „mənzi-lin“ Politexnik institutuna yaxın olması idi. Axırda o da Abilin dediyini qəbul elədi və burada qalmağa razı oldu.

Gələndə hər ikisi rayondan özlərinə yorğan-döşək, adyal, yataq dəsti gətirmişdilər. Adyalların ikisini yan-yana döşəməyə sərib, döşəkləri də onların üstünə qoydular, sonra da ki, hərəsi özünə yer saldı. Ləbi yatmamışdı, burada qalmaq qərarının nə qədər doğru olub-olmaması onu hələ də düşündürür, narahat edirdi. Hiss edəndə ki, yoldaşı da hələ yatmayıb, özünü şikayət eləməkdən saxlaya bilmədi:

— Məncə bu otağa səksən manat — adama qırx manat vermək çoxdur.

— Ləbi, sən Bakıya iki gündü gəlibsən, şəhəri tanımırsan, bilmirsən ki, camaat burda nə şərait-də yaşayır.

Sonra da dedi ki, sabah onu yaxındakı bir həyətə aparacaq — özü görsün, orada tələbələrin yaşayışını.

Sabahısı gün dərsdən qayıdandan sonra Abil Ləbini universitetin yaxınlığındakı bir həyətə apardı. Bu böyük həyəti hər tərəfdən bir-birinə birləşdirilmiş alçaq otaqlar dövrəyə almışdı. Otaqların hərəsinin yeddi-səkkiz kvadratmetr sahəsi ancaq olardı. Hər birinin içində bir sınıq-salxaq çarpayı, bir sürtülmüş dolab, bir də köhnə bir qaz plitəsi vardı. Su isə ancaq həyətdə düzəldilmiş krandan gəlirdi: içməyə də suyu burdan götürməliydin, qab-qacağı, paltarı da burada yumalıydın.

— Görürsən, bizdə su otağın içindədir, özü də tək bizə baxır, — dedi Abil Ləbiyə.

Həyətin ortasında bir masa və oturacaqlar da vardı; bir neçə gənc oğlan və qız oturub şirin-şirin söhbət edirdilər. Abil Ləbi ilə bərabər onlara yaxınlaşıb salam verdi, sonra da hər ikisi yer seçib oturdu. Abil bir az gənclərin söhbətinə qulaq asandan sonra onlardan birindən soruşdu:

— Buradakı otaqlara nə qədər pul verirsiniz?

Hamısı elə başa düşdü ki, bu ikisi də burada qalmağa yer axtarır. Onlardan biri dedi:

— İndi gecdi, yatıb-yatıb indi ayılıbsınız? Burada gərək adam otağı yazda nağdılaya. İndi otaq nə gəzir.

Sonra da dedi ki, indi daha əlli manata otaq yoxdu, ən ucuzu altmış manatadır, bir az daha geniş otaqlar yetmiş manata. O birilər də bu gəncin dediyini təsdiq elədilər, qızlardan da biri dedi ki, qız xeylağı olsa, kiminsə yanında bir yer boşdu. Sonra gənclər yenə də öz söhbətlərinə davam etdilər; əsasən müəllimlərindən, dekandan danışır, kimisə lağa qoyub gülürdülər.

Həyətə çıxan kimi Abil düşdü Ləbinin üstünə:

— Hə, indi öz gözünlə görüb öz qulağınla eşitdin? Gördün o cür toyuq hinlərini neçəyə verirlər? Bizimki bunlara baxanda toya getməlidi. Sən sadəcə Bakını hələ tanımırsan, burada ev məsələsinin nə yerdə olduğunu bilmirsən. Xahiş eliyirəm, bu barədə mənimlə bir də danışma.

Beləcə qalası oldular Atamalının onlara kirayə verdiyi “mənzildə”. İndi Atamalı özü də onların yanına tez-tez gəlirdi, öz həyatından söhbətlər eləyirdi. Amma nə olsa da, nə Ləbinin, nə də Abilin ona ürəyi yatmırdı ki, yatmırdı. Atamalı pedaqoji institutu qurtarmışdı, sonra da bir neçə il bir peşə məktəbində tərbiyəçi işləmişdi. Ən çox söhbət elədiyi də ya institutun müəllimləri idi, ya da peşə məktəbindəki uşaqlar. Özü də institut müəllimlərinin insafsızlığından, peşə məktəbindəki uşaqların cinayətkarlığa meylindən şikayət edərdi.

— Peşə məktəbindən də axmağ yer yoxdu. Görürsən, on beş-on altı yaşında uşağdu, amma sənnən “pristupnu mirin” diliynən danışur, sənə hədə-qorxu gəlir. Belələrinə mən nə tərbiyə verə bilərəm axı? Mən orda işləyəndə beş-altısını tutub basdılar getdü; neçəsini oğurluğ üstə, birini də bir uşağı zorlamışdı, ona görə. Sonra da çıxdım ordan. Daha harda işliyəciyəm? Məktəblərdə yer yox, başqa yerə də adamın olmasa, səni yaxın qoyan kimdü?

Atamalı neçə il idi işsiz idi. Elə bu “mənzili” kirayə verir, ondan aldığı pulla dolanırdı. Bacısı ilə münasibəti də yaxşı deyildi. Onlar bir-birilə ya heç danışmırdılar, ya da eləcə qovğa edirdilər. Atamalı həyətdə nə etmək istəsə, qız çıxıb onun bu işini pisləyir, axırı da dava-şavaya gətirib çıxarırdı. Atamalının bacısı bir texnikumda rus dili müəllimi işləyirdi, sakit, başıaşağı bir qız idi. Qız deyəndə yaşı otuzu ötmüş olardı, amma o da qardaşı kimi ailə qurmamışdı. Atamalını görən kimi qızın halı dəyişər, dərhal onunla mübahisəyə başlayardı. Atamalı əvvəlcə onu dilə tutub sakitləşdirməyə çalışırdı:

— Ağəz, camaat baxır, yaxçı döğül! Nə qışqırıq salmusan genə?

Atamalı “camaat” deyəndə qonşuları və bir də kirayənişinlərini nəzərdə tuturdu. Amma bacısını toxtatmağa bir-iki dəfə uğursuz cəhd edəndən sonra özü səs-küy salmağa başlayırdı:

— Ağəz, köpəyin qızı, sənə demədim səs-küy salma burda, ayıbdu, camaat baxır?

Sonra da bacı-qardaşın didişməsi başlayırdı, nə başlayırdı. Qız Atamalya ağzına gələni deyir, onu söyüb-biabır eləyirdi. Atamalı da daha ondan geri qalmır, bacısı ilə ağız-ağıza verib söyüşürdü.

Düz iki ay burda qaldılar, ta bir gün Atamalı ilə qovğaları çıxana kimi. Atamalı divarın arxasındakı köşkündən də hərdənbir kirayənişinlərinə ucadan nəsə deyər, bir şey soruşar, bəzən lap elə ordan da onlarla söhbət edərdi. Bir gün yenə divarın o tərəfindən Ləbigil ilə söhbətə başlamışdı. Birdən yenə rayonlulardan söz saldı və dedi ki, rayonlular “çüşkədü”.

— Atamalı, elə demə, biz də rayondan gəlmişik, — Abil onu dayandırmaq istədi.

— Hə, bilirəm, nolsun? – Atamalı onun dediyinə çox da əhəmiyyət vermədi.

— Necə yəni nolsun? – Abil neçə ildən bəri Bakıda yaşayan bir adam kimi özünü bir az “delovoj” göstərmək istədi. – Sən bizi də təhqir eləyirsən axı belə deyəndə.

— Sən indi mənə ağıl örgədəksən, alə,? Əcəb eliyirəm diyirəm, “çüşkəyə” “çüşkə” digəllər də…

— Atamalı, sən bunu öz ağlınla demirsən. Ruslar təkcə biz rayonlulara yox, bütün azərbaycan-lılara “çüşka” deyirlər, — Ləbi də söhbətə qoşulub, özünü ağıllı göstərmək istədi. – Bu rusların siyasətidir: onlar istəyirlər bizim milləti bakılılar və rayonlular deyə qarşı-qarşıya qoyalar.

Bu sözləri əslində Ləbi Politexnikin yuxarı kursunda oxuyan, hamının “millətçi” dediyi bir oğlandan eşitmişdi.

Həmin bu “millətçi oğlanın” ətrafında həmişə xeyli tələbə toplaşardı. O da gah Araz haqqında, Azərbaycanın bölünməsi haqqında şer oxuyar, gah da rusların Azərbaycana qarşı apardığı müstəmləkəçilik siyasətini pisləyərdi. Yanıqlı-yanıqlı danışdığı şeylərdən biri də bakılıların rusun “parçala, hökm sür!” siyasətinə uyub rayondan gələnlərə belə ögey münasibət göstərməsi, onlara ruslar dediyi kimi “çuşka” deməsi idi. Həmin oğlanın yanında həm də çox vaxt ayrı-arı kitablardan, qəzetlərdən kəsib saxladığı məqalələr, şerlər və başqa yazılar olardı. Bunlardan biri də Cəlil Məmmədquluzadənin “Qeyrət” felyetonu idi. Bu sonuncunu lap tez-tez oxuyardı, deyərdi ki, bu elə bil bizim dövr üçün yazılıb.

İndi Atamalı susduğundan Ləbi daha da ürəkləndi və:

— Atamalı, — deyib “mənzil” sahibinə bir də səsləndi. – Amma siz bakılılar gərək bu siyasətə uymuyasınız. Bilirsən, Cəlil Məmmədquluzadə “Qeyrət” felyetonunda nə yazıb? Yazıb ki, a bakılılar, qeyrətiniz olsun! Qeyrət, qeyrət, qeyrət! Qeyrət yaxşı şeydi, amma hayıf ki, sizdə yoxdu!

Bunu Ləbi yenicə deyib qurtarmışdı ki, divarın arxasında nəsə bir nərilti qopdu. Heç bir dəqiqə keçməmiş də Atamalı əlində yoğun pir paya qarşılarında peyda oldu. Kişinin sifəti qıpqırmızı qızarmış, onsuz da domba olan gözləri bir az da dombalmışdı.

— Alə, sən kimə deyirsən, qeyrətsiz? – Atamalı bunu deyib payanı yuxarı qaldırdı.

— Ə, payanı, o tərəfə elə! – Abil ayağa qalxıb Atamalının üstünə birinci getdi.

Atamalı əsim-əsim əsirdi və paya ilə gənc tələbələri hədələməkdə davam edirdi.

— Demədim, sənə payanı o tərəfə elə? – Abil də onun qarşısında geri çəkilmək istəmədi.

— Siz mənə deyirsiniz, alə, qeyrətsiz? Mən indi öz qeyrətimi sizə göstərəciyəm.

Atamalı əlindəki payanı bir az da yuxarı qaldırıb onlara tərəf daha bir neçə addım atdı. Ləbi də yerindən qalxmışdı, amma o Abil kimi ürəkli hərəkət edə bilmir, həm də özünü dediklərinə görə günahkar hiss edirdi: həm Atamalının, həm də Abilin qarşısında.

Atamalı ilə üz-üzə dayanıb onun “qazını” almağa çalışan isə yenə də əsasən Abil idi.

— Gedib indi bütün məhləni qaldıraciyəm ayağa! – Atamalı payasını silkələyə-silkələyə bir də gənclərə hədə-qorxu gəldi. – Onlar özləri sizin dərsinizi verəcəylər o “qeyrətsiz” sözünə görə.

Atamalı bunu deyəndən sonra bir az duruxdu. Elə bil nəsə fikirləşirdi. Birdən yenə qızışıb oğlanlara qışqırdı:

— Durun rədd olun mənim evimdən, daha sizi burda görmüyüm!

Ləbi bir tərəfdə donub qalmışdı, yenə Abil Atamalı ilə bir az danışıb dil tapmağa çalışdı. Bu ikisi belə razılaşdılar ki, gənclər bazar günü gedib ev bazarından özlərinə başqa mənzil tapsınlar və həmin gün də burdan köçsünlər.

Gələn həftə ev bazarında əllərinə elə bil mənzil keçmədi: ya kirayənin qiyməti çox baha idi, ya təklif etdikləri yer uzaq idi, ya da ki, “mənzil” çox bərbad idi. Birdən onlara iki nəfər oğlan yanaşıb dedi ki, onların Sovetskidə qaldığı mənzil üçün bir nəfər də lazımdır. Sonra da məlum oldu ki, bir kiçik mənzil də həyətdə boşdur.

Daha başqa yol olmadığından Abil ilə Ləbi həmin yerə baxmaq istədilər. “Sovetskinin” əyri-üyrü küçələrindən keçib bir həyətə gəldilər. Həyətdə bir yarım mərtəbəli köhnə bina ucalırdı. Aşağıda bir neçə kiçik yarımzirzəmi mənzillər var idi, Abil onlardan birində qalmalı idi.

— Rəhim, Rəhim! — deyə onları gətirən oğlanlardan biri evin sol küncündəki pilləkənlə bir-iki pillə qalxıb ev sahibini səsləndi.

Səsə bir nəfər kiçikboylu, arıq bir kişi çıxdı; yaşı yəqin qırxdan ötmüş olardı.

— Həri, gəlirəm, — deyib kişi aşağı düşdü.

Yenə həmin oğlan tələsik ona bildirdi:

— Uşaqlardan biri aşağıda qalmaq istəyir, biri də biznən yuxarıda.

Rəhim heç kimə salam vermədən aşağıdakı qapılardan birini açıb saymazyana soruşdu:

— Burda kim qalacəy?

Abil qabağa durandan sonra yenə də həmin ahənglə ona yarımzirzəmi mənzili göstərdi və onun bəzi xüsusiyyətlərini başa aldı. Qiyməti də ayda otuz manat idi. Abil də çox fikirləşməyib:

— Götürürəm, — dedi.

Sonra hamısı bir yerdə evin sağ qanadındakı pilləkənlə o biri mənzilə qalxdılar. Burası tam qaydasında bir mənzil idi. Bir yataq otağı, bir yemək otağı vardı; və burada lap kiçik bir otaq da vardı ki, onda çarpayı zorla yerləşmişdi. Yataq otağında həmin oğlanlar bir yerdə qalırdılar, yemək otağından isə Ləbi də onlarla bir yerdə istifadə edə bilərdi. Özü isə həmin o kiçik otaqda yaşamalı və yenə də qırx manat ödəməli idi, çünki mənzilin kirayəsi yüz iyirmi manat idi. Amma heç bir həftə keçməmiş onu buraya gətirən uşaqlar Ləbinin guya nəyi isə düz etmədiyini bəhanə edib ona dedilər ki, daha yemək otağına gəlməsin. Bundan sonra Ləbi yeməyi də həmin kiçik otaqda yeməli oldu. Tək bu kiçik otaq üçün də qırx manat indi ona çox görünürdü. Amma yenə naəlac burada qalmalı idi. Ondan fərqli olaraq Abil öz yarımzirzəmi mənzilindən razı idi. İndi Ləbi də Abilin yanına tez-tez gedir, bəzən onunla bərabər orda yemək də yeyirdi.

Ev sahibəsi də bir neçə dəfə gəlib Ləbi qaldığı mənzilə baş çəkmişdi. Bu çox yaraşıqlı və gənc bir qadın idi, anası ilə gələr və Ləbinin qaldığı kiçik otaqdan keçib bağlı saxladıqları otağın qapısını açar, oradan nə isə götürüb sonra da gedərdi.

Onlar gələndə hər dəfə mənzildə ancaq Ləbini tapırdılar. Hər dəfə də gənc qadın mənzilin avadanlığı, mebeli barədə ondan nə isə soruşurdu:

— Oğlan, qab-qacağıvızda çatışmazlıq yoxdu ki? Sizə əlavə stul, ya paltar şkafı lazım dögül?

Ləbi hər dəfə razılıq edib, təşəkkürünü bildirər, heç nəyə ehtiyacları olmadığını deyərdi. Qadın anası ilə bərabər çıxıb gedəndən sonra isə uzun müddət onun haqqında fikirləşərdi.

Abilin kirayəçisi isə Rəhim idi. Rəhim heç yerdə işləmir, elə yarızirzəmidə kirayə verdiyi mənzillərin pulu ilə dolanırdı. Səhərlər isə təndir çörəyi bişirib iri bir səbətdə küçəyə daşıyar, orada da bir bucaqda oturub malını satardı. Ayrı vaxt heç Ləbinin üzünə baxmaq istəməsə də səhərlər çörəyin birini də zorla ona verərdi:

— Təzə çörəydü, indicə bişirmişəm. Götür də, nədü ki, bir manatdu da. Bir manata nə vərüllər indi?

Manatını alıb gedənsən sonra da daha Rəhimin üzünü görməyəydin. Qoca arvadlar kimi bütün günü axşama kimi ara vermədən donquldanır, elə hey kimisə söyür, kiminsə dalınca danışırdı. Rayonlular, Ləbigil də onun dedi-qodusuna tuş gəlməmiş deyildilər.

— Rayondan gəlib, mənim evində qalır, mənə burda ağıl öyrətməy isdüyür. Ay-hay, buna bax a!

Bir dəfə Rəhim ona nə dedisə, Ləbi daha götürə bilmədi və ona cavab qaytardı. Daha Rəhim kirimədi və səsi aləmi başına götürdü:

— Buna bax, adə, Politexnikdə oxuyur. Adə, kül sənün başuva! Mənə cavab qaytarmağına bir bax! Kənddən gəlmisən, yerivü bil də! Rayon yerində heç əməlli hamam-zad da yoxdu ki, bir çimələr bular. Hansı rayon olur-olsun, hamsında elənçi. Lap elə Gəncənin özü nədü, orda heç metro da yoxdu.

Həmin günün axşamı Ləbi Abilin yanındaydı, kandarda, pəncərənin qabağında qoyulmuş masa arxasında oturub kartof soyurdu. Abil isə öz yarımzirzəmi otağında dərslərini hazırlayırdı. Əvvəlcə Rəhimə çox fikir vermək istəmədilər, amma bir azdan vəziyyət dəyişdi. Rəhimin başına cürbəcür adamlar da yığışardı, çoxu da “Sovetskinin” lotu — potusuydu. Bu axşam da onlardan ikisi Rəhimin qaldırdığı səs-küyə gəldilər. Sonra da Rəhimdən nə baş verdiyini öyrənib öz aralarında Ləbini bərkdən hədələməyə başladılar.

Ləbi daha kandarda qala bilməyib Abilin yanına qısıldı. Rəhim isə onun dalınca danışmaqda davam edirdi:

— Buna bax, alə, mənə söz qaytarmağına bax bunun! Özü də Politexnikdə oxuyur.

— Harda oxuyur, oxusun! – gələnlərdən biri bunu deyib Abilin otağına girdi.

İndi Ləbi də, Abil də otağın dərinliyində idilər. Həmin kişi onlara tərəf gəlib:

— Bura baxun, bax başuvuzdan böyüy qələt eləmiyin ha! – deyə onları hədələdi.

Ləbi yerində sakit qalsa da, Abil yenə onu müdafiə eləmək istəyib dedi:

— Nolub ki, Rəhim ona bir söz deyib, bu da ona bir söz deyib də!

— Necə yəni nolub, alə? – kişi qızışdı. – Rayondan gəlib burda lotuluğ eləməy istüyürsüz? Baxmaram ki, tələbəsüz-nəsüz, başüvuza bir oyun açaram ki, ömürrüy yaduvuzdan çıxmaz. Bax axırıncı kərəm diyirəm: başuvuzdan böyüy qələt eləmiyün! — bunu deyib kişi bir də bayıra çıxdı.

Abil bu baş verənlərdən və Ləbinin özünü aparmasından yenə də bərk dilxor olmuşdu.

— Ləbi, — dedi yoldaşına Rəhimin adamları gedəndən sonra. – Kim olurlar olsunlar, onların sözünü götürmək lazım döyüldi. Heç olmasa deyəydin ki, Rəhim özü səninlə artıq-əskik danışıb.

Ləbi yenə də heç nə deməyib eləcə köksünü ötürdü.

Bu hadisədən sonra Ləbi bir neçə gün özünə gələ bilmədi. Bir yandan mənzildə qaldığı uşaqların nadürüstlüyü, bir yandan Rəhim, bir yandan da ki, onun lotu-potuları.

— Mən özümə başqa yer tapmaq istəyirəm, — deyə bir gün Abilə əyan elədi.

— Özün bilərsən, — dedi Abil. – Mən hələ burda qalacam.

Ləbi bundan sonra Alatavadakı naxalstroya, başqa bir tələbə yoldaşının yanına köçdü. Alatava nə qədər bərbad, çirkli yer olsa da, bura əvvəlki yerlərə baxanda sakitlik idi. Ləbi arada Abilə də baş çəkirdi. Bir də gələndə öyrəndi ki, o iki oğlan da daha burdan gedib, indi yuxarıdakı mənzildə ev sahiblərinin özü qalır. Abii ilə həyətə çıxanda Ləbi bir kişinin pilləkənlərə yuxarı qalxdığını gördü. Abil Ləbiyə dedi ki, bu kişi evin sahibi, həmin onun əvvəl görmüş olduğu qadının əridir. Bu ucaboylu, enlikürəkli bir adam idi, həm də o qadından ən azı iyirmi yaş böyük olardı.

Bir azdan həmin mənzildə səs-küy qopdu. Kişi bərkdən qışqırır, kimi isə döyürdü.

— Eləmə, vurma, vurma, yazuğdu! – deyə bir qadın isə yalvarırdı.

Bu yalvaran həmin gənc qadının anası olmalı idi. Gənc qadının özündən isə heç bir səs çıxmırdı.

Kişi isə:

— Ağəz, fahişənin qızı! – deyə qışqırdı və yenə də arvadını döyməyə başladı.

Abil dedi ki, ev sahibləri qayıdandan burada belə çığır-bağır tez-tez olur.

Bir dəfə çox gec idi, Ləbinin yenə Abilin yanına yolu düşdü. Saat haradasa gecə on iki olardı, elə metrodan çıxıb yolla “Sovetskiyə” tərəf getdiyi yerdə düz qabağında milis avtomobili saxladı.

— Neynürsən, alə, burda bu gecə vaxtı? – sürücünün yanında oturmuş cavan milis serjantı soruşdu. – gündə burda bir oğurruq olur, bir adam öldürüllər, bir qız zorruyullar.

Ləbi bilmədi nə desin. Eləcə zorla deyə bildi ki, tələbə yoldaşının yanına gedir.

— Otur görüm, alə, maşına! –serjant arxa qapını açıb ona əmr elədi.

Ləbi sanki sehrlənmiş kimi heç bir müqavimət göstərmədən maşına oturdu. Arxa oturacaqda on beş-on altı yaşlarında bir oğlan da oturmuşdu.

Sonra maşını sürdülər elə düz Abil qalan həyətin qabağına. Serjant hər ikisinə maşından düşüb həyətə girməyi əmr elədi.

Ləbi həyətə girəndə əvvəlcə Abilin otağına tərəf baxdı; orada işıq yanmırdı, otaq qaranlığa qərq olmuşdu. Ləbi bilirdi ki, Abil gecə saat ikiyə-üçə kimi oturur. Deməli, o evdə yox idi.

Pilləkənin yuxarı başında bir nəfər tünd rəngli, zolaqlı kostyum geyinmiş bir kişi dayanmışdı. Arxalarınca gələn serjant tez qabağa keçib, onlara bu dəfə çox nəzakətlə dedi ki, həmin adam Oktyabr rayonunun Cinayət axtarış şöbəsinin rəisidir. Onları isə rəisinə belə təqdim etdi:

— Biri politexnik institutunun tələbəsidir, biri də məktəbdə doqquzuncu sinifdə oxuyur.

Rəis də hər iki gənci nəzakətlə yuxarı dəvət etdi. Ləbi hələ də başa düşə bilmirdi ki, onu niyə buraya gətiriblər; o neyniyib ki, indi Cinayət axtarış şöbəsi onunla maraqlanır?

Yuxarı qalxandan sonra, içəriyə girməzdən əvvəl, rəis gənclərin hər ikisinə əl verdi. Sonra da qısaca izah etdi:

— Burada bir hadisə baş verib, siz bizə sadəcə hal şahidi kimi lazımsınız.

Ləbi ömründə birinci dəfə idi ki, bu barədə eşidirdi. Amma başa düşdüyü tək “şahid” sözü oldu. Deməli onu buraya şahid kimi gətiriblər, özü də zorla! Nə olacaq indi görəsən, onu kimin üçün, ya nə üçün isə yalançı şahidlik etməyə məcbur edəcəklər? Ləbiyə qalsaydı burdan dönüb gedərdi. Amma bayaqkı milisionerin sərt davranışı, onu qorxudub, günahlandırıb sonra da zorla maşına oturtmasından sonra elə bil iradəsi iflic olmuşdu: heç nə deyə bilmir, eləcə ona deyilənləri yerinə yetirirdi.

Cinayət axtarış şöbəsinin rəisi gəncləri içəri dəvət etdi. Gəlib vaxtilə Ləbinin o iki başqa kirayənişinlə bir yerdə yemək yediyi böyük otağa girdilər. İçəridə indi hər şey təzələnmişdi: masa, kürsü və qoltuqlar da, paltar dolablarıyla şüşəli dolablar da yeni idi. İri uzunsov masanın arxasında Atamalını görəndə Ləbinin tükləri biz-biz oldu. Görəsən, bu neyniyir burda? Atamalı saçlarını daha da uzatmış, saqqalını da xeyli vaxtdan bəri qırxmamışdı. Bir gözünün altı qaralmış, köynəyinin də yaxası cırılmışdı. Onun yanında oturan, hündürboylu, dolubədənli kişini rəis sahə əməliyyat müvəkkili kimi təqdim etdi. Sahə əməliyyat müvəkkilinin, yenə də camaatın dili ilə desək, uçaskovunun yanında da onun kimi ucaboy, enlikürək bir adam oturmuşdu. Ləbi bu kişini ancaq bir dəfə arxadan görmüş olsa də, yenə də onu tanıya bildi: bu ev sahibinin özü idi. Onun da yanında oturan gənc qadın Ləbinin yenə də bir neçə dəfə görmüş olduğu həmin yaraşıqlı xanım idi, böyründəki arvad da bu xanımın anası. Uçaskovu ayağa qalxıb Ləbi və onunla gəlmiş yeniyetmə üçün iki kürsü də gətirib onları oturmağa dəvət etdi. Sonra rəis də gəlib başda öz yerində oturdu. Oturan kimi də, bir az qabağındakı kağız-kuğuzu eşələdi, sonra da Atamalıdan soruşdu:

— Niyə oğurluq eləyirsən? Sənə demədim oğurluq eləmə? Səni iki ay bundan qabaq bir dəfə tutmuşdum. Dedin müəllim adamam, işsiz qalmışam, ona görə də buraxdım. And içdin ki, daha oğurluq eləməyəcəm, amma indi də başqa evə giribsən.

— Neyniyim, rəis, dolana bilmirəm, — Atamalının görkəmi, danışığı o qədər acizanə, zavallı idi ki, Ləbi öz vəziyyətindən nə qədər narahat olsa da, Atamalının ona etdiyini unutmasa da, yenə də bu kişiyə acıdı.

— Neçə ildi işsizsən, amma oğurluğa təzə qol qoyubsan. Bəs əvvəllər nə ilə dolanırdın? – rəis Atamalıdan soruşdu.

— Əvvəllər həyətdə özüm bir ev tikmişəm, onu kirayə verirdim.

— Bəs indi niyə kirayə vermirsən?

— Da ora adam tapa bilmirəm, rəis. Gərək remont eliyəm, içəri kravat qoyam.

— Elə də, elə. Niyə eləmirsən?

— Pul yoxu, nəynən eliyim, rəis?

— Borc al qohumdan, tanışdan.

— İndi borc verən kimdi, rəis? Heç kim borca pul vermək istəmir da.

Rəis daha Atamalya baş qoşmayıb evin sahibindən soruşdu:

— Necə tutdun bunu, danış.

Ev sahibi rəisə zəhmlə baxdı:

— Da nə danışacam, rəis? Sən özün bilirsən ki, mən milisə zəng vurub adam tutduran dögüləm. Bu qaynanamın işüdü.

Onun bu cür danışmasından xoşlanmadığı hiss olunsa da, rəis ev sahibindən bir də soruşdu:

— Yaxşı, kim görüb onu birinci? De görüm, protokol yazıram, uzatma, gecə gecədən keçir. Hal şahidlərinin də biri sabah məktəbə gedəcək, biri instituta. Çox yubatmıyaq onları.

— De görüm, ağəz, necə gördün oğrunu, – ev sahibi narazı və saymazyana qaynanasından soruşdu.

— Vallah, elə evdə təkiydüm, — dedi arvad, — o başdakı otağda yır-yığış eliyirdim ki, bir də eşitdim bir tappıltı gəldü, elə bu otağdan. Tez gəldim görəm bu nə səsdü, bir də gördüm a, bu kişi burdaki yaşikləri bir-bir çəkir, içindəkiləri ələk-vələk eliyir, şifonerdəki paltarların da hamsını töküb polun üstünə. Bildim ki, evə oğru girib. Bu məni görəndə dayandı, sora da cumdu üstümə. Mən də tez qaçıb girdim o biri otağa, qapını arxadan bağladım. Nə yaxşı ki, orda telefon varıymış, ordan da zəng elədim milisə ki, evə oğru girib. Bu da qapını sındırmaq istiyürdü. Çox güc elədi, neçə təpiy ilişdirdi, amma qapını sındıra bilmədi. Bu qapılar qoz ağacünnandu, bunu hələm-mələm sındırmağ olmaz. Bu başdadı sora mənə yalvarmağa. Deyir üç gündü heç nə yiməmüşəm, acam. Mənə on manat pul ver, çıxım gedim, sənə dəgən dögüləm. Elə bu vaxt Ağarza gəldü. Sonra da tutub döydü bunu…

— Sən də, ay arvat, elə gərəy o saat milisə zəng eliyəydün? – Ağarza, yəni ev sahibi, qayınanasının üstünə düşdü. — Bulardan adama xeyir gələr? Yenə başdıyacaqlar ora-bura çəkməyə.

Bundan sonra da Ağarza üzünü Atamalıya tutdu:

— Alə, sənə dedim get də, alə, çıx aradan! Niyə getmədün?

— Necə gedəydim? – Atamalı yazıq-yazıq dilləndi. – Milsənerlər uje həyətin qapısından girmişdilər.

— Evə girəndə həyət qapısınnan gəlmüşdün, alə? Atılaydın arxa həyətə, gedəydün də. Verdün özüvü də, bizi də genə bu itdərin əlinə…

Bunu eşidəndə rəisin gözündə nifrət qarışıq qəzəb qığılcımı parlasa da, o yenə özünü təmkinli aparmağa çalışıb, ev sahibinə sakitcə dedi:

— Ədəbli danış.

— Siznən mən ədəbli danışım? Alə, burda uşaq-muşağın yanında özüvü imam övladı kimi göstərməynən dögül e, mən sənin kim olduğuvu yaxçı bilirəm. Mən sizin dabbağda gönüvüzə bələdəm. Bir də mən şikayətçi-zad döyüləm. Mənim evimə girməyib? Özüm bilərəm, mən bağışdıyıram onu. Mənim tanışımdı, dostumdu, gəlib soruşsun ki, Ağarza evdədü, ya yox…

Bu yerdə uçaskovu söhbətə qarışdı:

— Ağarza, mane olma, qoy rəis protokolu yazıb qurtarsın, camaatı evinə buraxsın. Sonra nə söhbətin var, biznən ayrıca eliyərsən.

— Nə söhbətim olacəy, alə, məim sənnən? Sən kim — mən kim?

— Bilirsən nədi, mənim evimdə bu xrustal qablardan biri də yoxdu, — bunu deyib uçastkovu şüşəli dolablara düzülmüş büllur qabları göstərdi. – Buları nəynən alıbsan?

— Mən nə oğurruğ eləmirəm, nə də sizin kimü camaatın cibinə girmirəm. Halal qazancımdu, onnan almışam.

— Halal qazancındı, hə? – rəis soruşdu. – Neçə il yatdın nəşə alveri eləməy üstündə?

— Yatdım, nolsun, üç il yatmışam. Amma yatanda da kişi kimi yatmışam.

— İndi nəynən məşğulsan, yenə heç yanda işdəmirsən mən biləni? – rəis xəbər aldı.

— İşdiyirəm, kim deyir işdəmirəm? Gömrükçü bazarında çayxana işdədirəm indi. İnanmırsan bir dəfə gəl bax — bütün günü ordayam.

— Rəis adı bunundu, kimisə orda işlədir, bu özü işdiyən döyül, — dedi uçastkovu. – Bütün günü Kömürçü bazarındasansa bəs gündüz vaxtı evdə neyniyirdin? Oğrunu gündüz tutubsan.

— Alə, necə yəni, evimdü, haçan kefim istiyər gələrəm, kefim istiyər gedərəm. Mənə indi evimə gəlib-getməyə raspisanye qoyacaqsan?

— Gündüzlər gəlir evə bu? — rəis Ağarzanın arvadından soruşdu.

— Tək-tük, ancaq işi olanda. Nəsə bir şey lazım olanda gəlib evdən götürür, — axır ki, Ağarzanın qəm dəryasına batmış kimi görünən arvadı da dilləndi.

— Nəşə çəkməyi nə vaxt tərgidəksən? – uçastkovu bu dəfə Ağarzadan xəbər aldı.

— Alə, sənə nə var, sənün puluva çəkirəm mən nəşəni? Çəkirəm, əcəb eliyirəm; öz halal puluma çəkirəm.

— Çəkirsən, sonra da arvadını döyürsən. Bir dəfə də evdə xalçanı yandırmışdın. Onda da mən gəlmişdim, rəis də burdaydı.

— Alə, arvad da mənimdü, xəlçə də! Özüm bilərəm olarnan neynərəm. Sənə onun dəxli yoxdu.

— Nətəri yanı dəxli yoxdu? – uçaskovu onunla razılaşmadı.

— Guya gələndə bir şey eliyə bilirsüz? – birdən Ağarzanın arvadı hönkürdü. – Nəşədən çəkib gəlir, məni dögür, təhqir eliyür. Milisəner gəlir, milsəneri də dögür.

— Ağəz, kəs, köpəyin qızı! – Ağarza qalxdı ki, arvadını vursun.

Rəis də, uçaskovu da yerlərindən durub onu dayandırdılar. Ara sakitləşəndən sonra rəis yenə öz yerinə keçib dedi:

— Tez protokolu bağlayım, indi o biri söhbətlərin yeri döyül.

Sonra da rəisin göstərişi ilə uçaskovu Atamalını, Ləbini, bir də həmin məktəblini götürüb otağı gəzməyə başladı.

— Göstər, hardan girmişdin mənzilə! — uçaskovu Atamalıdan tələb etdi.

Atamalı arxa pəncərəni göstərdi:

— Burdan….

— Sora neynədin?

— Sora… – Atamalı bunu deyəndən sonra elə bil nəhayət ki, Ləbini tanıdı və sir-sifəti tam dəyişdi. – Alə, buna bax, alə!.. Bu da burdadu ki… Mənə deyirsən, alə, qeyrətsiz? İndi mən sənə göstərəciyəm qeyrətimi!

Sonra da o biriləri qoyub Ağarzaya tərəf gəldi.

— Ağarza, qərdeş, bu deyir ki, bakılıların qeyrəti yoxdu…

Ağarza dönüb ona tərs-tərs və acıqlı baxdı:

— Kim deyir, alə, onu? Onu deyənin mən dilini dibindən çığardaram.

— Bax bu! – Atamalı əlini pəncərə qarşısında onu gözləyən üçlüyə tərəf uzatdı.

— Alə, olar itdülər də, özlərində qeyrət yoxdu, ona görə elə diyüllər. Qeyrəti olan onun-bunun cibinə nəşə atıb tutdurmaz, ailəsini onu-bunu qorxudub aldığı pulnan saxlamaz.

— Yox ey, bu deyir, onu Cəlil Məmmədquluzadə yazıb, — Atamalı bir az da qızışdı.

— Cəlil Məmmədquluzadə kimdü, alə? – Ağarza bir də keçmiş peşə məktəbi müəlliminə tərs-tərs baxıb soruşdu.

— Alə, mən nə bilim, bular hamısı çuşkədü, onsuz da! Hamısı rayondan gəlib, indi bizə qeyrətsiz diyüllər.

— Ə, çüşka da varsan, beş də artıq! – rəis də daha dözə bilmədi. – Gərək səni basaydım gedəydin elə o dəfə! İndi bir də belə qələt eləməzdin! Mən rayondan gəlmişəm, o rayondan gəlib, o biri rayondan gəlib. Gör indi, biz özümüzü necə aparırıq, siz ikiniz bakılı olub özünüzü necə aparırsınız?

— Sənin özüvü necə apardığıvu mən yaxçı bilirəm, rəis, — dedi Ağarza. – Burda belə danışırsan, o itxanada adamların başına it oyunu açırsan.

Atamalı bu dəfə rəisə sözünü deməyə imkan verməyib, bərkdən yenə də Ləbini hədələdi:

— Yox ey, mən bunu belə qoya bilmərəm! O mənə qeyrətsiz deyəndən sora içim yanır! Mən onu boğacam indi, Ətağa! Alə, sən mənə deyirsən qeyrətsiz?

Atamalı yenə pəncərə qarşısında dayanıb gözləyən üçlüyün üstünə yeridi. Amma iki-üç addım atmamış yıxıldı və daha tərpənmədi.

— Noldu buna? – rəis qalxıb yerdə uzanıqlı qalan Atamalıya yaxınlaşdı.

Uçaskovu da yaxına gəlib, Atamalının nəbzini yoxladı.

— Yox, ölməyib, sağdı, — dedi sonra. – Amma, rəis, bu xəstədi deyən…

Nə qədər çalışsalar da Atamalını daha özünə gətirə bilmədilər. Sonra da onu yerdən qaldırıb divana uzatdılar.

Rəis isə protokola baş verənləri qeyd edib, Atamalının ruhi xəstəlik, qarabasma nəticəsində evə girdiyini yazıb, onu zorla müalicəyə göndərməyi tövsiyə etdi. Sonra da yazdıqlarını ucadan oxuyub oradakıların hamısına qol çəkdirdi.

Ləbi axır ki, oradan çıxandan sonra evə taksi ilə getməyi qərara aldı. Taksiyə oturandan sonra sürücüyə hara gedəcəyini dedi. Sürücü də bir az getmişdilər ki, partladı:

— Alatava nədü, Naxalstroy nədü, alə?

— Adı belədi də, mən neyniyim?

— Alə, adı elənçi dögül. Sən rayondan gəlmisən, ona görə bilmirsən.

— Sən bilirsən?

— Alə, mən Bakıda anadan olmuşam, əlbəttə bilirəm. Sən dediyin Yeddindi Naqornudu, qabağındakı da Doqquzuncu Parallelnidü.

Ləbi üç gün dərsə getməyəndən sonra Abil özü Alatavada ona baş çəkdi və həmin gün baş verənlərin hamısını yoldaşından eşitdi. Axırda təcili yardım maşınının gəlib Atamalını aparmasını eşidəndə isə özünü saxlaya bilməyib qəhqəhə çəkdi. Sonra da Ləbinin özünü yenə də işə salmasına təəssüfləndi. Ləbiyə qalanda isə o çox pərişan görünürdü, həm də elə bil nədənsə qorxurdu.

— Sən Atamalının gözlərini görəydin mənim üstümə gələndə. O məni boğmaq istəyirdi, — dedi Ləbi.

— Atamalı adam boğanıydı, bunu biz onun həyətində olanda eliyərdi. O boyda camaatın yanında belə şey eləmək olar? Özü də milisin gözünün qabağında…

— Yaxşı ki, Ağarza Atamalının məni dediyini başa düşmədi…

— Ağarza səni kimisinə bağ qoşan döyül. Burda Rəhim də onun yanında bir-iki dəfə mənim dalımca danışdı. O heç fikir də vermədi. Məni görəndə də həmişə ədəb-ərkanla salam verib keçir. Heç nəşəli olanda da mən ondan özümə qarşı bir dənə artıq hərəkət görməmişəm. Hər nədisə, mənnən işi yoxdu…

— Bəs arvadını niyə döyür?

— Qısqanır, ona görə. Arvadı ondan çox cavandı, həm də, özün görübsən, necə yaraşıqlıdı.

Sonra Ləbi Abilə neçə gündü qorxu işində olduğunu, səksəkəli vəziyyətə düşdüyünü dedi.

— Mən axı niyə gedirdim həmin gecə sənin yanına, başıma da belə iş gələydi? Bəlkə sabah Atamalının məhkəməsi oldu, bəlkə məni şahid sifətində çağırdılar? Onda Atamalı bir də deyəcək ki, mən bütün bakılılara qeyrətsiz demişəm. Ağarza da şahid kimi orda olacaq….

— Qorxma, Ləbi! – Abil yenə də onu sakitləşdirmək istədi. – Atamalını da daha heç kim məhkəməyə çəkəsi döyül.

Ləbi bundan sonra da bir həftə mühazirələrə getmədi. Bir həftədən sonra Abil onu institutda görəndə niyə dərslərə gəlmədiyini soruşdu.

— Özümü pis hiss eləyirdim, — dedi Ləbi cavabında.

— Yenə həmin şeyin fikrini eliyirsən? Gedək kafedə bir söhbət eliyək.

İnstitutun həyətindəki kafedə Ləbinin həyəcanlı, emosional danışığı istər-istəməz başqalarını da cəlb etdi və az keçmiş bir xeyli tələbə oğlan onların başına yığışdı. Həmin o hamının “millətçi” dediyi oğlan da burdaydı. Abil bu marağı görüb axırda özü gənclərə Ləbi ilə bir yerdə kirayələrdə keçirdiklərini danışdı. Sonra da Ləbini bir gecə zorla milis maşınına oturub hal şahidi kimi apardıqlarını dedi.

Həmin o millətçi oğlan isə bunları eşidəndən sonra əvvəlcə Ləbini təriflədi:

— Afərin sənə, o “Qeyrət” felyotonunu yaxşı salıbsan onların yadına. Adam da öz millətinə belə qənim kəsilərmi? Bu bakılılar heç nə başa düşmək istəmirlər.

— Bakılıların da hamısı elə döyül ki, — Abil onunla tam razılaşmaq istəmədi. – Onların da içərisində eləsi var, sənə öz milləti kimi baxır, halına yanır. Bilir ki, tələbəsən, nə çətinliklə başını saxlayırsan. Başa düşür ki, sabah millətə savadlı oğullar lazım olacaq.

— Yox, mən demirəm ki, bakılıların hamısı elədi. Amma içlərində qanmayanları da çoxdu. Elələri də var ki, rusun siyasətinə uyub öz millətinə qənim kəsilir. Guya “bakılı” deyilən bir “millət” var. Guya Bakıda yaşayan azərbaycanlılar burda anadan olmuş ruslarla, ermənilərlə “bir millətdilər”.

Oradan gedəndən sonra Abil yolda Ləbiyə dedi:

— Bilirsən, Ləbi, millətçilik məncə bir şey döyül. Amma gərək başqalarına da səni bu adla əzməyə imkan vermiyəsən.

Ləbi bu söhbətlərdən sonra bir az sakitləşdi; daha həmin hadisələri az-az xatırlayırdı. Bir azdan Abil Politexnikdən Neft-Kimya institutuna göndəriş aldı — zatən əvvəldən arzusu geoloq olmaq idi — sonra da Abil Sovetskidən Əhmədliyə köçdü. Ləbi də bundan sonra nə ondan, nə Atamalıdan, nə də Ağarzadan daha heç nə eşitmədi.

                                                                                                                                                                                                        Bakı, 1989




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 11 + 5 ?
Please leave these two fields as-is: