SÜPÜRGƏSATAN

Dərc etdi 27 Апрель 2014 rubrika Hekayələr. Şərhlər: 0

BildsVüqar Dəmirbəyli

SÜPÜRGƏSATAN

Hekayə

Qafil Qazaxın Köçvəlli kəndindən idi. Böyür-başda olan o biri kəndlər, Sadıqlı, Muğanlı, ya başqası olsun, il boyu Tiflis bazarını meyvə-tərəvəzlə təmin eləyəndə, köçvəllilərin də işi yayı-qışı süpürgə bağlayıb, onu Tiflisə daşımaq idi.

Kəndlərinin yanındakı sahədə süpürgə kolları bitirdi, Qafili də evdən lap xırda yaşlarından oraya süpürgə yığmağa göndərərdilər, təbii, tək yox, kəndin başqa uşaqlarıyla bahəm. Süpürgə il boyu bitirdi, amma onu yığmaq asan iş deyildi. Yayda qan-tərə batırdın, süpürgə kolları bədənini dalaq-dalaq eləyirdi, biz kimi nazik, iti, xırda yarpaqları da paltardan keçib içəriyə dolur, adama od tuturdu. Qışda da sazaqdan süpürgə kolları qatıb qamışa dönür, həm əllərini kəsir, həm də dondururdu. Qafil süpürgədən yığıb evə gətirər, evdəkilərlə bərabər süpürgə bağlayar, sonra da onu Tiflisə aparmaq üçün damın bir küncündə qalaq-qalaq yığardı.

Qafil ta məktəbi qurtarana kimi süpürgəni yığıb-bağlayıb, satmaqla məşğul oldu. Pulu da həmişə gətirib son qəpiyinə kimi anasına verərdi, Tiflisdə o biri uşaqlar nə qədər desə də, kefə-damağa uymazdı. Elə məktəbi bitirəndən sonra da süpürgəçilikdən əl çəkmədi.

Pirməmməd dedikləri bir məktəb yoldaşı var idi, o da süpürgəçiliklə məşğul olurdu. Elə neçə illər idi ki, bir yerdə süpürgə yığar, Tiflisə bir yerdə gedər, orada da malı xırıd eləyib, bərabər geriyə dönərdilər. Qafilin dayısı “samasvaltı” sürürdü, Tiflisdən qum, sement daşıyırdı. O tərəfə boş getdiyindən süpürgəni elə onun “samasvaltınaca” yükləyib, daşıyardılar Tiflisin bazarına. Amma bir gün Qafilin dayısı “samasvaltınnan” bir yerdə harasa bir tikintidə işləməyə getdi, bunlar da özlərinə başqa maşın axtarası oldular.

Köçvəllidə bir şofer Əskər varıydı, Pirməmmədgilin qonşusuydu, özü də yekəcə, böyük kuzovu, hündür bortları olan bir yük maşını sürürdü. Maşın kolxozun maşınıydı, amma Əskər imkan tapan kimi onu yükləyib sürürdü Tiflisin bazarına. Özü də əsasən o biri kəndlərin malını vurardı kuzova. Hamı da, bayaq dediyimiz kimi, köçvəllilər kimi süpürgə satmaqla məşğul deyildi ki; başqalarına Əskər xiyar – pomidor, göy-göyərti daşıyardı. Qafillə Pirməmməd də qərar verdilər ki, süpürgəni indən belə onunla daşısınlar.

Bir axşam Qafil evin qabağında Əskərin siqnalını, dalınca da hay-küyünü eşitdi:

— Qafil, a Qafil, ə noldu, gəlirsənmi?

Qafil həyətə düşüb, tez darvazanın arxasında komladığı süpürgələri kuzova yükləməyə başladı. Kuzovda meyvə-tərəvəzlə dolu kisələrin, yeşiklərin əlindən tərpənməyə imkan yoxuydu, amma bununla belə nə olan işiydisə kuzovun bir qanadını boş saxlamışdılar. Pirməmmədin süpürgələri bir bucaqda qalanmışdı, Qafil də onların yanında yer eləyib süpür-gələrini üst-üstə yığdı. Sonra da aşağı enib, kabinəyə mindi. Pirməmməd də Əskərin yanında oturmuşdu, birtəhər sıxlaşıb Qafilə də yer elədilər.

— Ə, bu QAİ görsə, genə saxlayacaq, — Əskər başladı söylənməyə Qafil minən kimi, — deyəcək şoferdən savayı iki nəfəri kabinədə oturtmaq olmaz. Onda gərək biriniz dırmaşasınız yuxarıya. Amma, Allaha pənah, bəlkə heç rastımıza çıxmadılar, kim bilir.

Bunu deyəndən sonra Əskər maşına qaz verdi, kəndin içindən keçib, yola çıxdılar, maşın Tiflis istiqamətində hərəkətə başladı, çox yüklü olduğundan sürətlə gedə bilmirdi, amma Əskər sən deyən yavaş da sürən deyildi.

— Ayə, ay Əskər, elə indicə özün QAİ-dən danışırdın, — elə yenicə yola çıxmışdılar ki, Pirməmməd başladı. – Bəs səni indi saxlasalar, nə deyəcəksən? Deməyəcəklərmi niyə bu kalxozun maşınını şəxsi qazancın üçün istifadə eləyirsən?

Əskər elə bil diksinən kim oldu.

— Aya, bu zalım lap prokuror kimi ötür, ə, — dedi Əskər narazı-narazı və yanında oturan Pirməmmədə baxıb, başını buladı. — Aya sana nə var, a Pirməmməd? Aya, dədən Nürvətinkidi bəlkə bu maşın? Yoxsa qalxozmu dədəninkidi? Aya, hələ bir mana de görüm, o süpürgə kolunu dədən Nürvətmi əkir orda? Ə, yoxsa o süpürgəlik dədənin yeridi? Ə, qalxozun yeridi də, ora da. Süpürgə də qalxozunkudu. Bəs sən niyə bunu dədənin malı kimi yığıb camaata satırsan onda? Ə, otur yerində də, sana nə var, kim şəxsi qazanca maşın sürür, kim neyniyir.

Sonra da kişi əlini “baqajnikə” atıb oradan bir qalaq kağız-kuğuz çıxardı.

— Mən maşın sürürəm, ala, özün bax, — deyib, qabaq şüşəyə bərkitmiş olduğu kiçik lampanı yandırdı və kağızları Pirməmmədə dürtüşdürdü. – Bax, o kor gözünnən gör: qalxozdan arayışdı, bu da nakladnoy. Yəni, mən beş ton qalxozun bağından yığılmış məhsulu Tiflis bazarına aparıb orada satmalıyam, sonra da gətirib pulunu verməliyəm qalxozun kassasına. Ə, bu “samasvalt” döyül ey sana, sement-qum daşıya, mənim işim meyvə-tərəvəznəndi. Qandınmı indi, canın dincəldimi, rahat oldunmu? Ə, nə düşübsən kimin maşınıdı, kimin malıdı? Ə-ə, a kopolun adamı, otur yerində də. Allahına şükür elə ki, sənin bu süpürgə kolunu da aparıram hələ.

Pirməmməd kağızları bir xeyli o tərəf bu tərəfə çevirəndən sonra, Əskərə qaytardı, özü də dedi:

— Ayə, ay Əskər, burada yazılıb ki, sən kalxozun məhsulunu Tiflis bazarına aparmaq üçün oraya iki günlüyə ezamiyyə olunursan. “Nakladnoyda” da yazılıb ki, beş ton meyvə və tərə-vəz aparırsan. Sən bu dəfə kuzova az qala on ton mal yükləyibsən, zalım, beş ton nədi? Bir də süpürgələrin adı heç yerdə yoxdu. Sən indi QAİ-yə deyəcəksən, süpürgədəmi meyvə-tərəvə-zin içində gedir?

— Ə, bu kopolun adamı mənim nervilərimnən oynuyur də genə. Ə, indicə sana başa salmadımmı ki, o süpürgəlik də qalxozun yeridi, elə süpürgə kolları da qalxozundu. “Qalxo-zun məhsulu” deyəndə hamısı gedir də içində…

Pirməmməd bunu eşidəndə bərkdən şaqqanaq çəkib güldü:

— Ə, kolxoz hara, süpürgə hara, sən nə danışırsan?

— Ə, di məni cin atına mindirmə dana! Dədəni indi dalına şəlləyəcəm. Böyük iş görübsən:

— Ə, ay Əskər, nahaq elə deyirsən: o zülmü, əziyyəti ki, biz çəkirik, sən öl, heç it də buna dözməz, — Pirməmməd kəndçisini qınadı. — Sən bir gün süpürgə koluna girsən, ta ömründə bir də ora baş vurmazsan.

— Kimdi ki, helə asannıqnan pul qazanan? Hamımızı onsuz da zulm ayaqlayırıq, — Əskər köksünü ötürdü.

— Ə, səninki bizə baxanda zülm döyül ki, ay Əskər, sən kefdəsən, — Pirməmməd yenə kişini sancdı.

— Ə, yalansa, nəhlət olsun sana! Sənin nə vecinə — iki süpürgə kolunu yolub iki tək bir cüt süpürgə qayırıbsan, indi də heç olmasın. Mayan batası döyül, pulun yanası döyül.

— Ə, bə sana hərəmiz Qafilnən bir qızıl onluq vermişik, özü də qabaqcadan, onu saymırsan? – Pirməmməd özündən razı-razı irişdi.

— Ə, sənin başına dəysin verdiyin pul; bir cırıq onluq veribsən, onu da mərdimazar kimi burnumuzdan tökürsən.

Bunu deyəndən sonra, Əskər dönüb Qafilə baxdı:

— Gör Qafil nə təhər sakit oturubdu, sən, zalım oğlu, elə bil dilotu yeyibsən — kirimək bilmirsən ki, bilmirsən. Özün də gərək elə qurdalıyasan hər şeyi.

— Sən hələ Qafili tanımırsan, Əskər. O da heç özünə bilən döyül, belə sakit oturduğuna baxma.

— Ə, nolub, niyə tanımıram? Qafil də gözümün qabağında böyümüyübmü? O da səni kimi on ildi Tiflisə süpürgə daşımırmı?

Qarayazını keçib artıq Rustaviyə yaxınlaşırdılar. Əskər maşını saxlayıb:

— Düşün, bir sudan — seldən içək. Bir kısmat da bəlkə çörək yeyəsi olduq.

Maşının dayandığı yerdə kiçik bir pavilyon var idi, ağacların arasında olduğundan zorla seçi-lirdi. Pirməmmədlə Qafil hələ bilmirdilər, Əskər niyə burda saxlayır hər yol gedəndə.

Içəri girən kimi pavilyonu işlədən gürcü qabaqlarına çıxdı:

— Ах, ты эта, Аскер, харoш, харош. Как дела, как дела?

— Дела , какой дела в такой время? Немножка, немножка…

— Харош, харош. Сиводния как рас кахетский вино принесли. Будеш бит?

— Нимножка пийом, ничиво.

Bir az keçməmiş bir gürcü qadını gəldi — cavan, yaraşıqlı bir qadın idi — o da birinci Əskəri salamladı:

— Здрасти, Аскер, здрасти. Висйо харашо у тибе?

— А-а-з, все хорошо, канешна, харашо. Canım sana qurvan… Как мне можит ни хорошо, кагда я тибе вижу?

Gürcü qadını Əskərin dediklərindən bir az qızardı, sonra da utanırmış kimi yerə baxdı, amma tez də özünü ələ almağa çalışıb nə sifariş edəcəklərini soruşdu. Sifarişi qəbul edəndən sonra da əvvəlcə yüngül qəlyanaltı etməkləri üçün gətirib qabaqlarına çörəkdən, pendirdən, göy-göyərtidən qoydu. Sonra da gedib mətbəxdə şişlik əti hazırlamağa başladı. Mətbəxin qapısı açıq idi və onlar oturduqları yerdən qadını aydın görə bilirdilər.

— A Pirməmməd, a Pirməmməd, gör bir zalım qızının nə gərdanı, nə bədəni var, — Əskər yana-yana dedi.

— Əskər, sən bundan ötrü ölürsən dəən, öz aramızdı… – Pirməmməd kişinin yarasına elə bil duz səpdi. – Sənin işin dəən burda yeyib-içməkdən çox ona tamaşa eləməkdi. Ona görə də gətdin bizi bura. Bə o kişi bunun nəyidi?

— Dayısıdı… Ə, bu kopakqızı elə bil od vurur də canıma hər dəfə görəndə, — Əskər yanıqlı-yanıqlı şikayətləndi. – Özü də gör nə koppuşdu, qolu-qıçı ağappaq, elə bil balıqdı zalım qızı.

— Əskər, sən canın düzünü de, bu arvadı saxlayırsan yoxsa?  — Pirməmıəd soruşdu.

— Ə, məndən olsa, əlbəttə ki, saxlayaram.  Yoxsa, bir arvadnan da adammı dolanar? Amma qoymurlar…  Gözün də qalır beləcə onun-bunun arxasında. Sonra da hərə dalına bir vedrə qoşur: biri deyir oğraşdı, biri deyir əyyaşdı, qəzet yazır ki, məişət pozğunudu, sonra da biri partiyaynan hədəliyir, biri məhkəməynən, o birisi nə bilim nəynən. Arvadın da yanında biabır olursan, uşağın da, qohum — əqrəbanın da, tanış-bilişin də.

Bundan sonra Əskər neçə il qabaq Qaradabandan olan bir qadınla olan əlaqəsindən danışdı. O bu qadına ev də tutubmuş, sonra kimsə qəsdinə durub (özü bilir, kimdi bunu eləyən), iyləyib-çüyləyib tapıb bunu, Qazaxda çıxan qəzetə xəbər verib, orada da kişinin maşının şəkli ilə bir yerdə haqqında böyük bir məqalə çap eləyiblər, “Məişət pozğunu” adıyla. Əgər partiyaçı olmasaymış, işi məhkəməlik olacaqmış. Partiyadan bir şiddətli töhmət almaqla yaxasını qurtarıb.

— Qafil, sən nə deyirsən? Bayaqdan bir kəlmə danışmayıbsan. Bir kəlmə də sən de də. Görürsən, kişinin eşqi vurub topuğuna, tüstüsü təpəsindən çıxır. Bu arvadı da saxlasın, ya yox?

— Vallah, mən bilmirəm, öz işidi, — bayaqdan kəndçilərinin səs-küylü müzakirələrinə sakitcə qulaq asan Qafil yenə də yaxasını qırağa çəkmək istədi.

— Ə, nə işim var uşaqnan? – Əskər Qafili müdafiə elədi. – Hamı səni kimi sırtıq, həyasız olmur ha! Qoy oturub yerində də. Özü də hanı, heç o arvadı saxlamağa qoyanmı var?

Bir azdan gürcü kişi nar şirəsi kimi qırmızı və ətirli Kaxet şərabı gətirdi, dalınca da neçə şiş kabab.

— Ə, bu gecə vaxtı neynirdin bu həngaməni, a kişi? – Pirməmməd özünü narazı kimi göstərdi.- Da pendir-çörəklə, göy-göyərti ilə yavanlıq eləyirdik də. Bu Kaxet çaxırını da içəndən sonra da sən lap havalanacaqsan, bu arvadın dərdindən. QAİ də səni içkili tutdu ha, da heç nə kömək eləməyəcək.

— Ə, di bəsdi, nəhs-nəhs danışma. Hərəmiz bir yüz qram içsək nolasıdı ki? Belə çaxırı bur də hardan tapacaqsan?

Yemək-içmək bitəndən sonra da Əskər deyəsən doymamışdı, ona gərə də Pirməmmədə üz tutub dedi:

— A Pirməmməd, a Pirməmməd, dur, sən canın, de kişiyə, iki şiş də kabab qoysun, çaxırdan da bir şüşə genə gətirsin.

— Ayə, nenirsən, bu gecə vaxtı, a kişi, bir belə yeyib-içiməyi? Sən öl, yolda qarınağrısına düşəcəksən, — Pirməmməd istədi Əskəri təzə sifariş verməyə qoymasın. – Həm də yüklü maşındı, aşırdıb eləyərsən sonra…

— Ə, niyə ölürsən? Üzünü yenmək olmurmuş, ə, sənin. Get de, tez elə. Pulunu mən verəcəm, ölmə. Mən iyirmi ildi bu yolu yüklü maşınnan gedib-gəlirəm. İndi, mana nolasıdı yüz qram çaxırdan?

— Ə, süysünün onsuz da dönmür. Bu boyda yeyib-içməyi, bilmirəm, nenirsən dana. Bu gürcü arvadın dərdi səni axırda birtəhər eləyəcək dəən.

Pirməmməd donquldana-donquldana gedib təzədən sifariş verdi.

Yeyib-içib durdular, Əskər hesabı ödəyəndən sonra həm qadınla, həm də kişiylə sağollaşıb, çıxdı, gənclər də onun dalınca.

Tiflisə çatmağa hələ bir az qalırdı ki, açılmaq istəyən səhərin alatoranlığında iri, ağzına qədər göy-göyərti doldurulmuş kisələrin yanında, dəstəylə düzülmüş başı yaylıqla örtülü gənc qızları rastladılar. Bu qızları Qafil əvvəllər də görmüşdü, amma dayısının onları görmək imkanı olmadığından, eləcə həmişə yanlarından ötüb gedərdilər. Deməli, Əskər kuzovdakı boş yeri bu qızlar üçün saxlayırmış.

Əskər maşını saxlayıb düşdü, kuzovun bir böyrünü açıb həmin boş tərəfini qızların ixtiyarına verdi. Qızlar da qaz kimi qaqqıldaşa-qaqqıldaşa səs-küylə və cəld, çevik hərəkətlərlə kisələrini kuzova yükləyib özləri də atılıb ona mindilər.

— Kisənin biri on beş qəpikdi ha, — Əskər kuzovun bortunu bağlaya-bağlaya qızlara haylandı.

— On beş hardan çıxdı, a kişi, həmişədən on qəpik döyüldümü? – qızlar bu dəfə daha bərk səs-küy saldılar.

— Olsun, yaxşı, on olsun, — Əskər əlini yellədi. — Sizin nə vecinizə, benzin qalxdı, qalxmadı, yenə deyirsiniz on qəpik.

Səhər saat dördüydü gəlib Tiflisin bazarına çatdılar. Əskər birinci qızları kisələri ilə bərabər düşürdüb, onlardan pulunu yığdı. Kəndçilərinin mallarını almaq istəyənlər də artıq Əskəri bazarın qabağında gözləyirdilər. Qızlar uzaqlaşan kimi gəlib maşını boşaltdılar, malın pulunu da kişiyə əlüstü ödədilər. Əskər gedəndə kəndçilərini bir məsələdən xəbərdar eləməyi də unut-madı:

— Bəri bax, eşitmişəm, Tiflisdə təzəlikcə lotu uşaqlar peyda olub. Gəncədəndilər, Tiflis türməsindən təzə çıxıblar. Biz tərəfdən burda adam çoxdu: bir yerdə olsanız, köməkləşsəniz, sizə heç nə eləyə bilməzlər. Pul-zad istəsələr də vermiyin.

Əskər bunları deyib maşına mindi və hələ də şirin-şirin mürgüləyən şəhərin yuxusunu motorun gurultusu ilə bir də pozaraq uzaqlaşdı.

Səhər açıldı, Tiflis bazarı yavaş-yavaş canlanmağa başladı. Ucu-bucağı olmayan bazarın hər tərəfində adamlar mallarını səliqə ilə bir yana yığıb, tərəzilərini qurur, müştəri gözləyirdilər. Qafillə Pirməmməd də bazarın bir küncündə özlərinə yer eləyib, süpürgələrin bir-ikisini piştaxtanın qabağına qoydular, qalanını da altına yığdılar. Qafil bu dəfə əlli süpürgə gətirmişdi, Pirməmmədinki beş-altı süpürgə çoxuydu.

Günortadan bir az keçmiş, Əskərin dediyi o gəncəlilər peyda oldular. Bazardakıların bir-ikisindən pul qopardandan sonra gəldilər Qafilgilə tərəf. Dörd nəfəriydilər, o birilərinin olardı iyirmi dörd-iyirmi beş yaşı, tək birinin yası yəqin qırxı keçmişdi. Biri – özü balacboy, sısqa olsa da, sifəti çox ciddi və bir az da vahiməli idi — düz piştaxtanın qabağına gəldi.

— Salam əleyküm, — dedi cavan boğuq və xırıltılı bir səslə — səsi elə bil borudan çıxırdı. – Bazar olsun, lələ.

— Əleykümsalam. Sağ ol, qardaş, sağ ol, — dedi cavabında Pirməmməd.

— Qazaxdansınızmı, lələ? — yenə soruşdu həmin gənc.

— Bəli, Qazaxdanıq, — Pirməmməd yenə ədəb-ərkanla cavab verdi. – Köçvəlli kəndindən.

— Lap yaxşı, lələ — dedi gənc. – Biz də Gəncədənik. Tiflis türməsindən təzə çıxmışıq.

Sonra da əli ilə yaşlı olan yoldaşını göstərdi:

— Bu kişi var ha, düz on beş il yatıb. Bizim hərəmiz beş il.

Sonra o birilər də yaxınlaşdılar və salamlaşıb “bazar olsun” dedilər. Yenə həmin gənc davam elədi:

— Ay lələ, Gəncəynən Qazaxın arası nədi ki? Biz sənnən yerliyik. Bir az görüm-baxım elə dana, lələ, qadan alım, sənə də burda indən belə bir nəfər gözün üstə qaşın var deyə bilməz.

— Qardaş, yerli olmağına yerliyik, amma mənim, and olsun Allaha, burda bir qəpik qazancım yoxdu. Bayaqdan elə hesablayıram ki, görüm mayanı çıxarda biləcəmmi. Onu da görürəm ki, belə getsə yox. Bu süpürgənin mayası beş manatdı, özün görürsən ki, buna üç manatdan artıq pul verən yoxdu. Mən burda göz görə-görə zərər eləyirəm. Zərər olan yerdə mən sənə nə verim, qardaş, başına dönüm? İmkanım yoxdu.

Lotular dönüb bir-birinə baxdılar, sonra bir söz deməyib uzaqlaşdılar.

— Pirməmməddən elə bilirsən pul almaq asanddı, — onların getdiyini görəndə gənc bir az da ürəklənib Qafilə dedi. – Analar oğullar doğub ey, sizin xəbəriniz yoxdu. Nə olsun ki, bir-iki il türmədə yatıbsınız.

Bazar yaxşı oldu: elə həmin gün dörd manatdan başlayıb üç manata süpürgələrin hamısını satdılar. Qafilin əlində düz yüz altmış beş manat pul varıydı indi. Bunun beş manatını elə bazarın içindəki çayçıya verdi; çayçı bütün günü onlara çay, qəlyanaltı daşıyırdı. Beş manatını da avtobusa verəcəkdi, qalırdı yüz əlli beş manat, onu da necə var həmişəki kimi aparıb verəcəkdi anasına. Əskərə verdiyi on manatı da çıxanda qalırdı yüz qırx beş manat xalis gəlir. Allah bərəkət versin.

Avtobus iki saatdan sonra dəmir yol vağzalından yola düşməliydi. Bazar artıq bağlanır, adamlar dəstə-dəstə vağzala tərəf gedirdilər. Pirməmməd pullarını sayıb-dəstələyib cibinə qoyandan sonra özündən razı-razı dedi:

— Bazar bu gün yaxşı oldu, Allah bərəkət versin. Gəncəlilərin də nə təhər lazımdı cavabını verdik. Da çətin gələlər bir də bizə tərəf.

Qafil amma narahat idi, tez vağzala getmək istəyirdi.

— Piri, di gəl gedək, camaatdan dala qalmayaq. Avtobus gedir bir azdan, — deyib dostunu tələsdirmək istədi.

— Ə, hara tələsirsən, avtobus saat onda yola düşür, hələ iki saat var. Burdan da vağzala ayaqnan, öldürsən, yarım saatdıq yoldu. Gəl bir oturaq, çaydan-zaddan içək, bir loxma da çörək yeyək, elə burda — çayçıda.

— Piri, mənim heç yeməyə həvəsim yoxdu, ac döyüləm. Gəl gedək vağzala, orda yeyərik.

— Ə, vağzaldakı yemək nolacaq — vağzalda təmiz yemək olmur. Kişinin burda gül kimi yeməyi də var, içməyi də. Gəl bir balaca toqqanın altını bərkidək, sonra gedərik. Mən səni qonaq eləyirəm, qorxma, heç əlini cibinə salmağa da qoymayacam.

Qafil naəlac qalıb razı oldu. Gəlib bazardakı çayxanada əyləşdiləır. Pirməmməd təzədən kişi-yə çay dəmlədib kabab sifariş elədi. Yenə yaxşıca yeyib-içdilər, amma bu dəfə çaxır içməkdən vaz keçdilər.

— Piri, di dur, — Qafil saatına baxdı, — düz qırx beş dəqiqə vaxtımız qalır, zornan çatacayıq avtobusa.

Pirməmməd dinməzcə çayçının pulunu verib Qafillə bərabər durdu.

— Qafil, sən narahat olma, rahatca çatacağıq. Nədi ey, vağzal budu-buradı.

Nə bazarda, nə də küçədə daha bir nəfər inc-cins görünmürdü. Şər düşmüşdü, ətraf qaranlığa bürünmüşdü, ancaq tək-tük evlərdən işıq gəlirdi.

— Piri, gəl bir az tez gedək, da gecdi, — dedi Qafil.

— Ayə, a Qafil, ayə birinci dəfədimi, a zalım, bu yolu gedirik? Ə indi çatacıyıq dana.

Qafil qaranlığa diqqətlə baxır, qarşıda, yanda-yörədə kiminsə olub-olmadığını görmək istəyir-di. Onu narahat eləyən həmin o gəncəli lotular idi; qorxurdu ki, yenə də onlara rast gələrlər birdən, indi özü də belə qaranlıqda, heç kimin olmadığı bir yerdə. Amma bir kimsənə gözə dəymirdi.

— Ay lələ, dayan bir dəqiqə, qadan alım, hara tələsirsiniz belə? — birdən qaranlıqdan yenə də həmin boğuq, xırıltılı səsi eşitdilər.

Bundan sonra lotuların dördü də, yerin dibindən çıxmış kimi, qabaqlarında peyda oldular. Bu dəfə ən yaşlısı qabağa gəldi və əlindəki ay işığında tiyəsi parıldayan bıçağı üstlərinə çəkib, yavaşdan, amma qorxunc bir səslə dedi:

— Ciblərinizi çevirin, görüm, nəyiniz var.

Yanlarında çantadan-zaddan heç nə yox idi, nələri varıydısa elə ciblərindəydi. Pirməmməd guya ki, ciblərini töküşdürüb, bir onluq çıxardı:

— Ala bax, qardaş, olan budu, süpürgənin mayasıdı. Ana südü kimi halal eləyirəm sana.

Köhnənin lotusu bic-bic güldü:

— Sən məni allatmaq istəyirsən, lələ? Dayan indi özüm baxacam, cibinizdə nəyiniz var.

— Gəl, baş üstə, özün bax, görəcəksən ki, cibimizdə siçanlar oynuyur.

Bunu deyib Pirməmməd birdən götürüldü, qaranlığı yarıb ildırım sürətiylə vağzala tərəf cumdu. O birilər dalınca düşsələr də çatmadılar; biri Pirməmmədin arxasınca bıçaq atdı, amma bıçaq yan keçdi, Qafilin dostu da az keçmiş ilim-ilim gözdən itdi.

— Sən öl səni bir gün tutacam onsuz da, — dedi bıçağı atan Pirməmmədin arxasınca.

Sonra da anasına söydü.

Qafil də istədi qaçsın, amma həmin ciblərini axtarmaq istəyən kişi – o deyəsən elə lotubaşı idi — biləyindən yapışıb elə sıxdı ki, az qaldı sümüyü sınsın:

— Sən də qaçmaq istəyirsən — onu görməyəcəksən!

Lotubaşı bunu deyib Qafilin qolunu arxasına burdu, Qafil ağrıdan qışqırdı, sonra da dostunu çağırdı:

— Piri, Piri, gəl ay Piri!..

— Ə, lələ, Piri səni darda qoyub qaçdı, indi bizim sayəmizdə dostunu da tanıdın, — dedi yenə xırıltılı səsi olan.

— Adam adamı dar gündə tanıyır, lələ, — bunu deyən də lotulardan keçəl olanı idi. – İndi gördünmü, sənin dostun kimiymiş. Səni darda qoydu qaçdı – onnan da dostluq eləmə.

— Düzdü, gündüz də səni o yoldan elədi. Bəlkə sənə qalsaydı, sən də o birilər kimi, bir iyirmi beşlik, bir əllilik vermişdin, indi də işin avand, qayıdıb gedirdin evinə, — yenə də dedi xırıltı ilə danışan. – O indən belə daha Tiflisə gələ bilməz, onun kitabı bağlandı. Amma sən özünü yaxşı aparsan, sənnən işimiz olmayacaq. Düşəndə bir az görüm-baxım eləyərsən, vəssalam. Amma birinci dəfə səhv elədiyinə görə cəzanı çəkməlisən.

Bunu deyəndən sonra lotu onun ciblərini töküşdürüb bütün pullarını çıxardı, sonra da hamısını verdi ağsaqqala.

— Nə qədərdi burda? – lotubaşı Qafildən soruşdu.

— Yüz altmış manat, — Qafil ağlamsınaraq cavab verdi. – Altmış manatı götürün, qalanını qay-tarın.

Lotular heç nə deməyib güldülər.

— Yaxşı, yüzü sizin olsun, altmış manatı mənə qaytarın.

Lotular yenə bur söz deməyib güldülər. Qafil də başa düşdü ki, ona heç kim pul qaytarmaq fikrində döyül.

— Heç olmasa beş manatımı qaytarın, avtobusa verim. Avtobus indi gedəcək, az qalıb…

— Səni buraxan kimdi, ay lələ, — dedi lotulardan keçəl olanı. – Sən indi biznən bir yer var ora gedəcəksən.

Bundan sonra Qafili bir tərəfə aparıb orada maşına mindirdilər, maşınla da bir xeyli yol gedib, böyük bir qəbiristanlığa gəldilər.

“Bəlkə bunların fikri məni öldürməkdi?”, — Qafil daha da narahat oldu. “Mən bunlara neynədim axı, pulumu da son qəpiyimə qədər əlimdən aldılar. Bəlkə istəmirlər ki, şahid olsun. Yüz manata görə də adammı öldürərlər?”

Maşını lotubaşı sürürdü, xırıltı ilə danışan onun yanında oturmuşdu, yerdə qalan iki lotu da Qafili arxada öz aralarında oturtmuşdular. Bıçaqatan elə bil Qafilin nə fikirləşdiyini duymuş-du:

— Qorxma, səni bura öldürüb basdırmağa gətirməmişik, — dedi Qafilə, tərs-tərs baxandan sonra. – Burda sənə iş gördürəcəyik. Özü də bax, qaçmaq fikrinə-zada düşməyəsən ha — mənim bıçağım tək-tək hallarda boşa çıxır.

Maşını bir yanda saxlayıb, qəbiristanlığın hasarının üstündən aşdılar, Qafili də buna məcbur elədilər. Gözətçi yəqin şirin yuxudaydı, artıq gec olduğundan da qəbiristanlığın ətrafında bir kimsə gözə dəymirdi.

Qabaqda keçəl gedir, fənəri ilə yolu işıqlandırıdı. Sonra bütün dəstə gəlib təzə qazılmış bir qəbrin üstündə dayandı. Qəbrin torpağı hələ qurumamış, üstü də hələ götürülməmişdi. Xırıltı ilə danışan Qafilə maşından özü ilə götürdüyü qısa əsgər beli verdi:

— Tez ol, qaz buranı!

Qafil istədi imtina eləsin, amma lotudakı qətiyyəti hiss eləyib, daha heç nə demədi, beli alıb qazmağa başladı.

— Gürcü gəlinidi, bu gün basdırıblar. Toyda ölüb, ona görə də bütün dəm-dəstgahı ilə bir yerdə basdırıblar, — bunları danışan keçəl idi.

O bunu Qafiləmi deyirdi, yoxsa öz yoldaşlarınamı, ayırd eləmək çətin idi.

Qafil beləcə, keçəlin saldığı fənər işığında bir xeyli qəbirin torpağını atandan sonra, dəmirin ucu birdən nəyəsə toxundu, əli ilə torpağı təmizləyəndən sonra bunun taxta olduğunu gördü və tabuta çatdığını başa düşdü. Eymələndi, bədənindən gizilti keçdi, istədi beli atıb qaça, amma bıçaqatanın bayaqkı xəbərdarlığı yadına düşdüyündən yerindən tərpənmədi.

— Bir az əlli ol, tez elə, — dedi ona keçəl. — Başqası indi çoxdan çıxarmışdı meyidi tabutdan.

Bir az da torpaq atıb, tabutun üstünü tam açdı.

— Tez ol, qaldır qapağını, — keçəl ona əmr elədi.

Qafil eymənə-eymənə, özünə zor eləyib, tabutun qapağını qaldırdı; əvvəlcə ağ gəlin paltarının bir tərəfi göründü, həm də bir əl.

— Aç, aç, tez elə! – bu dəfə bıçaqatan Qafilə qışqırdı, bıçağını əlində oynada-oynada.

Qafil əsim-əsim əsirdi, gözlərinin önündə hər cür əcaib şeylər canlanırdı. Amma yenə özünə zor eləyib tabutun qapağını tam qaldırıb qəbirin divarına söykədi. Gəlin paltarında cavan, yaraşıqlı bir qız idi tabutdakı, özü də elə bil canlı idi, heç ölüyə-zada oxşamırdı. Boynunda böyük bir klonu olan boyunbağı, biləyində bilərzik, barmaqlarında üzüklər gözə dəyirdi, qula-ğında isə sırğa var idi, hamısı da yəqin ki, qızıldan.

— Tez ol, yoxsa səni də basdıracam bu gəlinin böyründə! – yenə bıçaqatanıydı Qafilə təpinən.

Qafili qorxudan, həyəcandan tər basmışdı. Bu lotuların qorxusu olmasaydı, indi çoxdan dabanına tüpürüb ilim-ilim itmişdi bu qəbiristanlıqdan. Amma əlacı yoxuydu, ona görə də onların dediyini eləməyə məcburdu. Ölmüş qızın boyunbağısını, sırğalarını, bilərziyini, üzüklərini bir-bir çıxarıb verdi lotulara. Tək barmağının birindəki üzüyü nə qədər elədisə də dartıb çıxara bilmədi.

— Ə, tez elə də, lələ, nə oldu səninki? — keçəl Qafilə yaxın gəldi. — Bizim də işimiz-gücümüz var. Çıxartdın hamsını qızılların?

— Tək bu barmağındakı üzük nə qədər eləyirəm çıxmır, — Qafil günahkar-günahkar dilləndi.

Keçəl bıçaqatanın əlində hazır tutduğu bıçağı götürüb ona verdi:

— Ala görüm, kəs barmağınnan bir yerdə ver bura, tez elə. İndi qaroulçu — zad da tökülüb gələcəklər.

Qafil bıçağı götürdü, amma ondan bu dəfə tələb olunanı yerinə yetirməyi ağlına sığışdıra bilmirdi. Axı ölü də olsa, qızın barmağını necə kəssin?

Onun tərəddüdünü duyanda keçəl üstünə qışqırdı:

— Ə lələ, tez elə görüm, yoxsa deyəsən bu gün kəsilən tək bu gəlinin barmağı olmayacaq.

Qafil yenə özünü məcbur eləyib bıçağı qızın barmağına çəkdi, amma onu kəsib qoparmağa ürəyi gəlmədi; elə tiyəsi ətə bir azca işləmişdi ki, bıçağı geri çəkdi. Qan meyitin barmağından axıb torpağa damcıladı. Lotular hamısı gözünü zillədi gəlinin barmağına. Qafil başa düşdü ki, barmağı kəsməsə xeyri yoxdu, lotular onu rahat buraxmayacaqlar. “Onsuz da ölüdü, bir barmağı olmayanda nə olacaqdı ki”, — deyə özünə ürək-dirək verib yenə də bıçağı nakam qızın barmağına çəkmək istədi. Amma birdən ona elə gəldi ki, meyit tərpəndi və bundan canına üşütmə düşdü. Yenə bunun bir qarabasma olduğunu fikirləşib işinə davam etmək istəyirdi ki, meyit bir də tərpəndi, sonra da barmağını kəsmək istədiyi əl hərəkətə gəldi. Qafil hər şeyi buraxıb qaçmaq istəyirdi, amma yenə lotuların qorxusundan dayandı və dönüb onlara baxdı. Qaranlıq da olsa başa düşdü ki, meyitlə baş verənlər lotuların da gözündən yayınmayıb və onların özləri ondan da bərk vahiməyə düşüblər. Meyid başını qaldıranda Qafil daha dayana bilməyib yanı üstə yerə çökdü; qorxudan bütün bədəni qıc olmuşdu. Ölü başını qaldırandan sonra da gürcü dilində nəsə dedi. Qafil indi daha lotulardan yox, bu xortlamışdan qorxurdu, amma nə edəcəyini yenə də kəsdirə bilmirdi. İstədi bu xortlamışın əlindən qurtarmaq üçün onlardan bir kömək istəsin, amma bir də dönüb baxanda gördü ki, lotular, hər şeyi gəbrin yanındaca qoyub, bir-birinin dalınca götürüldülər — xortlayan gəlin bunların özünü belə vahimələndirmişdi. Qafilin canına düşən gizilti daha da gücləndi. Eşitmişdi ki, xortlamış ölü adamı öldürüb yeyir, yəni, ona rast gəldinmi, gərək vurub öldürəsən, yoxsa o səni boğub öldürəcək, sonra da yeyəcək. Ətrafa göz gəzdirib bayaqkı kiçik əsgər belini axtardı; bu xortlamışın əmgəyinə ondan bir dəfə vursaydı, işi bitəcəkdi. Sonra da onu yenidən tabuta qoyub, üstünü torpaqlayıb, heç nə olmamış kimi yoluyla gedərdi. Bilirdi ki, səhər tezdən də vağzaldan Qazaxa avtobus çıxır, bu avtobusla da qayıdıb gedərdi kəndə. Amma həmin beli hara qoymuşdusa tapa bilmədi. Sonra keçəlin ona verdiyi bıçağı axtaranda gördü ki, bıçaq düşüb qəbir üçün qazılmış xəndəklə tabutun arasına. Daha onu oradan çıxarmaq mümkün deyildi, çünki əli oraya girməzdi. Xortlamış gəlin yenə nəsə gürcücə dedi. Qafil bu on ildə Tiflis bazarında alver eləyə-eləyə gürcücə bir az öyrənmişdi də. Bu dəfə xortlamışın da nə dediyinin başa düşdü: o soruşurdu ki, mən haradayam. Lotuların atıb getdiyi fənər onlara tərəf tuşlanmışdı: fənər işığında qızın dağınıq qumral saçlarını, ağ girdə sifətini indi aydınca görürdü. Qafil yavaşca ayağa durub əkilmək istəyirdi bircə. Qız elə bil bunun fikrini başa düşdü, dedi ki, getmə, mənə kömək elə burdan çıxım. Birdən Qafilə elə gəldi ki, bu qız ölüb eləməyib, bunu ölmüş bilib basdırıblar. Bir dəfə belə bir hadisə haqqında eşitdiyi yadına düşdü. Fənərin işığında dönüb qıza bir də baxdı: yaraşıqlı, gözəlcə bir qız idi. Qafilin yavaş-yavaş qorxusu çəkilməyə başladı. Bəlkə bu qıza doğrudan da kömək eləsin, onu evlərinə aparsın? Amma birdən bu xortlamış olar ha, onu aldatmaq istəyər – onda Qafilin işi bitdi. Qafil tərəddüd eləyirdi – bunu xortlamış kimi boğub öldürüb, üstünü təzədən torpaqlayıb işinin dalıncamı getsin, yoxsa qızın dediyinə inanıb ona evə qayıtmasına kömək eləsin? Qız bir də ona “kömək elə” dedi gürcücə.

Qafil yenə eymənə-eymənə qızın əlindən tutub qaldırdı. Qız da yavaş-yavaş özünə gəlirdi, tez-tez də toydan danışırdı. Qafil daha hər şeyi unudub qızın üst-başının torpağını çırpdı və özü xəndəkdən çıxandan sonra qıza da ordan çıxmağa kömək elədi. Sonra fənəri götürüb bir də beli axtardı, tapandan sonra yenə də qəbrin üstünü torpaqladı. Fənərin işığında bayaq üstündən çıxardığı, lotuların atıb getdiyi qızılları da tapıb qıza verdi.

Sonra qızı da yanına alıb qəbiristanlığın darvazasına tərəf gedirdi ki, birdən gözətçi köşkündə işıq yandığını görüb dayandı. Tez qıza başa saldı ki, gərək barıdan aşalar, sonra da barının üstünə çıxıb qızı dartmağa başladı. Qız elə dolu olmasa da, sən deyən arıq da deyildi və onu dartıb barının üstünə çıxarmaq və sonra da o biri tərəfə düşürmək üçün Qafil xeyli əziyyət çəkməli oldu. Elə barını aşandan sonra fikirləşirdi ki, yolun sonrasını necə gedəcəklər, bir də gördü ki, lotuların maşını elə həminki yerindəcə durur; zalım uşağı xortdanın qorxusundan necə əkilmişdilərsə, heç maşın da yadlarına düşməmişdi. Sonra gördü ki, maşının qapısı da açıqdı, açar da üstündə: lotular yəqin fikirləşirdilər ki, tez qəbirdən qızılları götürüb tez də aradan çıxacaqlar.

Qafil dayısını “samasvaltını” əvvəllər hərdənbir sürərdi, amma sürücülük vəsiqəsi yox idi. “Əşi nolar-olar” deyib, qapını açıb əvvəlcə qızı oturtdu, sonra da özü əyləşib maşını işə saldı və yola çıxdı. Qafil qızdan hara getmək lazım olduğunu soruşdu, qız da ona başa saldı. Amma Qafil naşı olduğundan, qız da onu yaxşı başa sala bilmədiyindən maşınla Tiflisi xeyli gəzməli oldular. Günortaya yaxın axır ki, qızın yaşadığı evə yetişdilər. Elə bu ikimərtəbəli evin özündən də, həyətindən də bəlli olurdu ki, burada yaşayanlar sadə adamlar deyillər. Darvazanın qabağında xeyli maşın dayanmışdı, içəri girib-çıxanın əlindən də tərpənmək olmurdu. Həyətdə də xeyli adam toplaşmışdı; kişilər qara kostyumda idilər, qadınlar da qara paltar geyinmiş, başlarına da qara yaylıq bağlamışdılar. Qafil də elə qızın yanına düşüb gedirdi, birdən həyətdəkilərdən biri qıza tərəf baxıb tükürpədici bir səslə qışqırdı. Bundan sonra da adamlar hər ikisini dövrəyə aldılar. Qafil fikirləşdi ki, işlər deyəsən yenə şuluqdu və yenə də aradan çıxmaq istədi. Amma sonra gördü ki, yox, onu heç kim buradan elə-belə bu-raxmaq fikrində deyil. Həmin qışqıran qadın qıza yaxınlaşsa da, ona toxunmağa cürət eləmir, gəlinlik paltarına işarə edib nəsə deyirdi. Qafil deyilənləri tam başa düşmürdü, amma təxmi-nən söhbətin nədən getdiyini anlayırdı. Belə məlum olurdu ki, həyətdəkilər də qızın xortdan olduğu fikrindəydilər və bu arvad da ola bilsin ki, ondan nə cürətlə bu gəlinlik paltarında buraya gəldiyini xəbər alırdı. Sonra hamısı birdən qızın üstünə qışqırmağa başladılar. Mənası bu idi ki, qayıt, harada olmalısan, oraya dön. Qızsa onlara məsələni başa salmaq istəyir, aravermədən ötür, aradabir Qafili göstərirdi. Amma ona qulaq verən yox idi, həm də, deyəsən, qızı öldürüb təzədən basdırmaq istəyirdilər. Qafil fikirləşdi ki, belə olsa onun da işi bitdi: yəqin deyəcəklər ki, bu da xortdandı, onu da öldürüb basdırmaq istəyəcəklər. Birdən qız gicəllənib yıxıldı. Adamlar onu parçalamağa hazırıydılar, amma bir nəfər qabağa durub onları saxladı, sonra da yanındakıların birindən ona nəsə gətirməyi xahiş elədi. Həmin adam da az keçmiş kinoskopla geri qayıtdı, belə məlum olurdu ki, onu bu cihazın dalınca göndərənin özü həkim imiş. Həkim qızın gəlinlik paltarının yaxasını bir az açdı və kinoskopu sinəsinə dirəyib qulaq verdi, sonra da qızı çevirib, ona kürəyindən kinoskopla bir də qulaq asdı. Bundan sonra həkim ayağa durdu və bərkdən nəsə dedi. Qafil yenə də onun nə dediyini başa düşə bilmədi, amma onu gördü ki, kişinin sözlərindən sonra hamı quruyub qaldı. Bundan sonra arvadlardan biri su gətirib qızın üzünə tökdü, o da bir-iki dəfə asqırıb özünə gəldi. Sonra da ehtiyatla qolundan tutub onu ayağa qaldırdılar. Bayaq qızı sorğu-suala çəkən arvad yüyürüb qızı qucaqladı, sonra da bir hönkürtü saldı ki, gəl görəsən — yəqin ki, bu qızın anasıydı. Bunu eşidəndə həyətdəkilər də ona qoşuldular. Sonra arvad birdən dayandı və indi də bərkdən gülməyə başladı və qızını bir də qucaqladı, bunu eşidəndə o birilər də başladılar gülməyə. Beləcə həyət qarışdı bir-birinə: ağlayan kim, gülən kim, bir-birini qucaqlayıb öpüşən kim. Qafil də gördü ki, daha ona fikir verən yoxdu, dedi öz-özünə ki, əsl vaxtdı aradan çıxmağa. Amma elə qapıdan çıxmaq istəyəndə kimsə arxadan qolundan tutdu. “Fcyo”, dedi Qafil öz-özünə, “mənim işimi bunlar, deyəsən, doğrudan da bitirəcək”. Baxdı ki, bu da geyimli-kecimli, bazburutlu bir adamdı. Qafilə dedi ki, arxasınca gəlsin, sonra da onu evin içərisinə apardı. Otaqlardan birində qoz ağacından iri bir masa qoyulmuşdu, masanın da ətrafında yenə də zəhmli, bazburutlu kişilər oturmuşdular. Onu içəriyə gətirən kimi, həmin adam Qafili masanın başında oturan kişiyə təqdim elədi. Kişi də ondan gürcü dilində bilib-bilmədiyini soruşdu. Qafil də dedi ki, bir az bilir, amma çox sözü başa düşmür. Kişi dedi ki, eybi yox, onda gürcücə bilmədiyini rusca deyər. Qafilin haradan olduğunu biləndən sonra da ərz elədi ki, o qızın atasıdı, gərək Qafil də onun qızını qəbiristanlıqdan necə gətirdiyini olduğu kimi nağıl eləsin. Düzünü desə, ona artıqlamasıyla hörmət eləyib kəndinə yola salacaq, yox, aldatmaq istəsə, onda məcbur olacaq versin onu milisin əlinə — orda ondan düzünü tez öyrənəcəklər. Aydın məsədir ki, Qafilin bütün bu olanlardan sonra təzədən milisə düşməyə həvəsi yoxuydu, ona görə dedi ki, hər şeyi indi olduğu kimi danışacaq. Sonra da neçə illərdən bəri Tiflis bazarında süpürgə satdığını, dostu ilə bərabər bu dəfə Gəncə lotularının hücumuna məruz qaldığını, sonra dostunun onu necə qoyub qaçdığını, lotuların da özünü soyandan sonra onu qəbiristanlığa gətirib bu qızın qəbrini qazmağa məcbur etdiklərini dedi. Kişi burda lotuların niyə qəbri ona qazdırmaq istədiklərini soruşdu. Qafil də yenə yarı gürcü, yarı rus dilində birtəhər olanları danışdı və üzük çıxmayan barmağını kəsmək istəyəndə qızın necə ayıldığını, lotuların bundan qorxuya düşüb qaçdıqlarını nağıl elədi. Sonra da dedi ki, əvvəlcə o özü də qorxub, amma sonradan yadına əvvəl eşitmiş olduğu buna bənzər bir əhvalat düşdüyünə görə inanıb ki, qız heç ölüb eləməyibmiş, eləcə onu ölmüş bilib basdırıblar, sonradan da ona kömək eləyib evinə qayıtmağa. Kişi bir müddət heç nə demədi, sonra Qafilə buyurdu ki, həyətdə gözləsin. O da bir yarım saat gözləmişdi ki, bir adam yenə də qolundan yapışdı və Qafili həyətin bir küncünə gətirib orada ona ayrıca süfrə açdırdı, kabab, çaxır verdi. Yeyib-içəndən sonra da Qafili maşınla şəhərə gətirdi. Maşının içində də ayrılmazdan qabaq ona belə dedi: o qız ki, var, Qafil onu qurtarmışdı, Tiflisdə böyük bir vəzifə sahibinin qızıymış. O da qızını verib başqa bir böyük vəzifə sahibinin oğluna. İki gün bundan qabaq bunların toyuymuş, elə toy vaxtı qız birdən huşunu itirir, həkimlər nə qədər eləyirlər daha onu özünə gətirə bilmirlər. Axırda da deyirlər ki, bəs qız ölüb, çünki ürəyi dayanıb. Beləcə müsibət içində, aparıb toyu yasa dönən qızı dünən basdırıblar. Bu gün də ki, Qafil qızı yenidən ata-anasına qaytarıb. Bunları deyəndən sonra həmin adam bir qalın zərfi açıb içindəkiləri Qafilə göstərdi: əlli dənə yüzlük idi – beş min manat. Sonra da dedi ki, bu qızın atasındandı, qızını xilas elədiyi üçün. Amma bircə onu tapşırdı ki, bu olanlar barədə bir adama bir söz deməsin.

Qafilgilin evində yas idi. Pirməmməd gəlib kənddə onu Gəncə lotularının öldürdüyünü, özününsə zorla qurtulduğu xəbərini yaymışdı. Bu gün də Köçvəlli camaatı Qafilin yeddisinə yığışmışdı. Hamı onun necə fərasətli, qoçaq, sakit, üzüyola, mərifətli bir cavan olduğundan danışır, belə gənc, evlənməmiş, nakam həyatdan getməyinə təəssüflənirdilər. Hamı Pirməmmədin ətrafına toplaşıb onun Tiflisdə Qafillə bir yerdə başlarına gələnlər haqqında söhbətinə qula asırdı, gəncəlilərin görkəmi, yaşı ilə maraqlanır, onları əvvəllər görüb-görmədiklərini soruşurdular.

Bir də gördülər ki, geyimli-kecimli bir gənc içəri girdi. Dedilər yəqin kimdisə, Qafilin tanışlarındandı, gəlibdi yerinə. Pirməmməd danışmağında idi:

— Lotular on nəfəriydilər. Mən üç-dördünü vurub aşırdım, o birilər də mənim yumruğumun dadını görəndən sonra qaçmaq istəyirdilər, amma bir də gördüm ki, biri Qafili bıçaqla vurdu. Buna görə lotuları buraxıb Qafilə tərəf cumdum, onlar da imkan tapıb məni arxadan daşla vurdular, huşumu itirib yıxıldım, — Pirməmməd əlilə təpəsini göstərdi. – Neçə saatdan sonra avtobusda ayıldım, yan-yörəmdəkilər mənə məsələni belə danışdılar: səs-küyə sən demə sonra milis gəlib, lotuları tutublar, mənim sağ olduğum görüb aparıb avtobusa mindiriblər, Qafilin meyidini də morqa göndəriblər…

Qafilin böyük qardaşı qonşusunun sözünü kəsdi:

— Mən getdim Tiflisdə morqa, amma Qafilin meydini tapa bilmədilər.

Sonra bəziləri dedilər, yəqin meyidi arada it-bata salıblar, bəziləri dedilər, yəqin yaxşı axtarmayıbsan.

Cavan oğlan, matı-mutu qurumuş, yaxınlıqda dayanıb bu deyilənlərə qulaq asırdı. Birdən ağsaqqallardan biri ona tərəf döndü və:

— Ayə, Qafil, sənsən? — deyib qışqırdı.

Bu qışqıran Qafilin babası idi.

 

                                                                                                                                                                                                             Goranboy, 1980

 




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 6 + 5 ?
Please leave these two fields as-is: