SOLLAR

Dərc etdi 25 Апрель 2014 rubrika Hekayələr. Şərhlər: 0

images1-300x247Vüqar Dəmirbəyli

SOLLAR

Hekayə

Hər şey Bundestaqın —  ümumalman məclisinin Hartz IV qanununu qəbul etməsindən sonra başladı. Onun müəllifi Hartz familiyalı bir adam idi, özü də bu onun qırmızı-yaşıl, yəni sosial-demokratlarla yaşılların hökuməti tərəfindən qəbul edilmiş dördüncü qanun layihəsi idi. Buna görə də bu qanuna Hartz IV deməyə başladılar. Yaxşı, bu Hartz zalım oğlu necə bir qanun layihəsi ortaya qoydu ki, Almaniya bir-birinə dəydi?

Adətən belə hesab edilir ki, fransızlar üsyankar xalqdırlar və inqilabi ruha malikdirlər: görün, son iki yüz ildə onlarda neçə inqilab olub. Almanlara qalanda isə, onların işi ilk növbədə qanuna əməl etmək, hökumətin tələblərini yerinə yetirmək və nizam-intizamı, təmizliyi, səliqə-səhmanı gözləməkdir. Itaətsizlik edib küçələrə çixmaq, nümayişlər keçirmək, barrikadalar qurmaq almanların işi deyil.

Amma sən demə, almanların da üsyankar ruhu varıymiş, sadəcə onlara güclü bir təkan lazım imiş.  

Hartz IV qanununun hökumət tərəfindən qəbul edilməsinə qarşı narazılıqlar əvvəlcə Şərqi Almaniyada, yəni keçmiş DDR ərazisində başladı. Almaniyanın əvvələr sosialist rejimin hökmran olduğu şərqinin qərbinə birləşdirilməsi orada vəziyyəti bir yandan yüngülləşdirmiş, bir yandan isə daha da ağırlaşdırmışdı. Almaniyanın birləşməsinə lazım olan bir neçə trilyon markanı məlum idi ki, ən böyük alman şirkətləri və konsernləri ödəmişdilər. Almaniyanın birləşməsi elan olunan kimi də bu şirkətlər sözün əsil manasında şərqə doğru hücuma keçdilər. Beləcə, hökumətin verdyiyi dəstək və  imtiyazlardan faydalanaraq həriflər tez bir zamanda, az qala ildırım sürətilə Şərqi Almaniyanı öz nəzarətləri altına aldılar.  Keçmiş sosialist quruluşundan qalmış, kommunist partiyasına və ictimai qurumlara aid olan yerləri, binaları, fabrikləri pulsuz — rəmzi olaraq bir marka ödəməklə ələ keçirdilər. Sosializmin çəngəsindən yenicə qurtarmış Şərqi Almaniya əhalisi indi də vəhşi, yırtıcı kapitalizmin əlinə düşdü. 2001 — ci ilin payızında «Terrorçuluğa qarşı mübarizə» elan edəndən sonra isə Qərb öz yeni siyasətini «neoliberalizm» adlandırdıı. Bu da 2002-ci ildə avro pul sisteminə keçilməklə yanaşı yırtıcı kapitalizmin artıq Qərbi Almaniyada da öz zəfər yürüşünə başlamasına gətirib çıxardı.  

Bu əslində hər şey bundan belə pulla alınıb-satılır demək idi. Məktəblər müəllimlərə, universietlər tələbələrə, kitabxanalar oxuculara başqa cür yanaşmağa başladılar. Hər tərəfdə təmtəmtraq, bər-bəzək, parıltı yenə dəbə mindi.  

Hartz IV qanununa görə işini itirənlər əvvəlki maaşlarına uyğun dövlət vəsaitini daha qabaqkı tək yeni iş tapana kimi yox, ancaq altı ay müddətində ala biləcəkdilər. Bundan sonra isə onlar sayı milyonlara çatan işsizlər ordusuna qatılacaq və başqaları kimi ancaq mənzil kirayəsi və tibbi sığortaya və bir də acından ölməmək üçün ərzaq almağa çatacaq sosial yardım alacaqdılar.  Hartz IV ilə həm də bir növ məcburi əmək həyata keçirilirdi. İşsizləri aldıqları yardımın müqabilıində  sosial idarələr hər cür təmizlik işlərində saatına bir avro əlavə ödəməklə işlədə bilərdilər. Bu cür işləməkdən imtina edənlərinsə aldığl yardım iki dəfə qismən kəsilıəndən sonra üçüncü dəfə üç aylığa tam kəsilırdi.  Bu qanunla yeni iş mərkəzi yaradılır, işsizlər, o cümlədən onların iş axtarması daha ciddi nəzarətə alınırdı.  

Belə bir vəziyyətdə  Şərqi Almaniya əhalisi aydın məsələdir ki, kapitalistləşdirmə siyasətindən daha çox zərər çəkmiş, onların böyük hissəsi işini itirmişdi, yeni şəraitdə isə iş tapmaq onlar üçün qərblilərə nisbətən daha çətin idi. Şərqi Almaniyada başlayan etiraz nümayişləri bir azdan geniş vüsət almağa başladı. Keçmiş DDR — in şəhərləri bir-birinin ardınca ayağa qalxır, bu mübarizə təkcə yeni qanuna deyil, həm də bütövlükdə ölkədəki ictimai-siyasi duruma qarşı yönəlirdi.

Belə bir vəziyyətdə heç kimin gözləmədiyi halda artıq neçə ildən bəri siyasətdən getmiş, təqaüddə olan məşhur Oskar Lafonten yenidən siyasətə qayıtdığını elan etdi. O Drezdenə yollanaraq oradakı kütləvi nümayişlərdə «Wir sind das Volk» («Xalq bizik») şüarı altında çıxış etdi və oradaca yeni partiya yaratmaq qərarı haqda məlumat verdi. Bundan sonra isə etiraz nümayişləri bütün Almaniyanı bürüdü. 

Amma bu deyilənlərin başqa tərəfi də vardı. Bu hadisələr başlamazdan bir az əvvəl alman kansleri Schröder xarici işlər naziri Joschka Fischerlə birgə amerikanların Səddam Hüseynə qarşı planlaşdırdıqları 2003-cü il hərbi kampaniyasında iştirak etməkdən imtina etdi. Alman hökuməti Jak Chirakın idarə etdiyi Fransa və Putin Rusiyası ilə birləşib bir növ İraq müharibəsinə qarşı siyasi koalisiya yaratdı. Bunun məhz İkinci Dünya müharibəsindən sonra hələ də Amerikanın buxovlarından tam azad olmamış Almaniya kanslerinə baha oturacağını çoxları qabaqcadan deyirdilər.

«Occupy Frankfurt» («Frankfurtu zəbt et») hərəkatı daha gec yarandı və Ypsilantinin rəhbərlik etdiyi hərəkatdan dörd il sonra başladı.




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 12 + 4 ?
Please leave these two fields as-is: