UCUZ OTELİN SAHİBİ

Dərc etdi 25 Апрель 2014 rubrika Hekayələr. Şərhlər: 0

 

1247931445_muzhik Vüqar Dəmirbəyli

UCUZ OTELİN SAHİBİ

Hekayə

Mən Almaniyaya yeni gələndə məni Bakıdakı dostlarımın tanış etmiş olduğu bir nəfərin yanında qalırdım. Bu adam isə, mən ona hələ Bakıdan telefonda Azərbaycandan gətirib Almaniyada köhnə mis qablar, xalq musiqi alətləri və bəzək-düzək əşyaları satmaq istədiyimi deyəndə çox sevinmiş və məni dərhal bu ölkəyə dəvət etmişdi: o ümid edirdi ki, bu işlərin sayəsində tezliklə varlana bilər.

Mən Almaniyaya gəlib onun mənzilində yerləşəndən sonra biz onunla bu dediklərimi götürüb harada gəldi göstərməyə, onları bizim düşündüyümüzə görə olduqca sərfəli qiymətə təklif etməyə başladıq. Daha getməyimiz yer qalmadı: dükanlara, cürbəcür cəmiyyətlərə, hər cür təşkilatlara baş vurduq, amma uğur bizə gülümsəmədi ki, gülümsəmədi: heç kim bu malları almaq istəmirdi. Bəlkə bu həm də on görə idi ki, bizim heç birimiz əvvəllər ticarətlə məşğul olmamışdıq.

Mənim Almaniyadakı qəyyumum artıq yaşlanmışdı; o, uzun, ağarmış saqqalını səhərlər xüsusi qayğıyla darayar, çəliyini isə bayıra çıxanda həmişə özü ilə götürərdi. Bu kişi Rusiya almanlarından idi, Qazaxıstanda böyümüşdü və dediyinə görə uzun müddət orada mötəbər elmi institutlarda çalışmışdı. Birdənbirə, necə oldusa, elmi işini bir kənara qoyub, sovet quruluşunu tənqid  edən yazılar yazmağa başladı, bir-iki yerdə məqalələrini çap elədilər, amma sonradan onu incitməyə başladılar. Bütün bunlara baxmayaraq, o bu işindən əl çəkmədi, bundan yana da ona qarşı təqiblər gücləndi. Alman əsilli olduğuna görə ona bir dəfə ikisindən birini seçməyi təklif etdilər: ya könüllü olaraq özü Almaniyaya — tarixi vətəninə gedir, ya da antisovet təbliğatı apardığına görə ona qarşı cinayət işi başladılır. Beləcə, yetmişinci illərin sonunda o Almaniyaya köçüb gəlmişdi.  Təzə gələndə, onun dissident olduğunu bilənlər kişiyə çox maraq və ehtiram göstərirlərmiş, qəzetlər özləri ondan məqalələr istəyirmiş. Amma yeniqənqurma başlayandan sonra onun antisovet ruhlu məqalələri daha heç kimi maraqlandırmadı, daha heç kim onun yazılarını çap etmək belə istəmədi və tezliklə kişini yaddan çıxardılar. Baxmayaraq ki, o qorxmadan qeyri-insani bir rejimə qarşı mübarizə aparmışdı və bu “azad” ölkəyə gələndən sonra da bu mübarizəni davam etdirmişdi. O, çoxdan idi ki, daha heç nə yazmırdı, vətəni üçün darıxırdı — əslən alman da olsa, o ancaq Rusiyanı özünə vətən sayırdı – və ən qəribə də burası idi ki, o vaxtlar ona qarşı mübarizə aparmasına təəssüf edirdi. Dediyinə görə, o həmişə həqiqəti yazmışdı, ola bilsin ki, bəzi hallarda, ona vurulan zərbələrə və çəkdiyi acılardan yana və bir də özünə diqqəti çəkmək üçün yazanda rəngləri bir az tündləşdirirdi.

Onun əsil alman adı və soyadı var idi: Yohannes Rixter, amma öz dediyinə görə bu formal-lıqdan başqa bir şey deyildi.

— Bəla bundadır ki, — deyirdi o mənə. – Rusiyada bizi hamı alman sayır, burdakı adamlar isə bizə “İvan” deyirlər. Nə deyirlər desinlər, amma mənim üçün Almaniyadakı insanlar tamamilə yaddırlar, elə mən də onlar üçün yadam.

Rixter qədim alman şəhəri Vormsun – bu həmin “Nibelunqlar nəğməsindəki” hadisələrin cərəyan etdiyi  Vormsdur — kənarında ikiotaqlı mənzil kirayələyirdi. Mən gələndən sonra qoca iki otağından birini mənim sərəncamıma verdi. Amma otaq olduqca darısqal idi, cəmi bir pəncərəsi vardı və bizim gündəlik gəzintilərimizdən yorulub qayıdandan sonra mənim burada elə bil havam çatışmırdı, nə qədər istəsəm də uzun müddət yuxuya gedə bilmirdim. Bu səbəbdən də çox vaxt pəncərəni açıq qoyub yatırdım. Pəncərə isə cürbəcür ağacların bitdiyi həyətə açılırdı; mən nəzərlərimi tez-tez pəncərədən həyətə yönəldirdim — ağaclar eyni formada, səliqə ilə vurulduğundan kənardan hamısı eyni cür görünürdülər.

Hər axşam, biz geri qayıdandan sonra, Rixter bir daha məni əmin etməyə çalışırdı ki, sabahısı gün bizim üçün hökmən daha uğurlu olacaqdır və biz nəhayət mənim gətirdiyim  mallara müştəri tapacağıq. Bəzən, biz növbəti səmərəsiz axtarışlardan sonra evə qayıdanda, Rixter öz köhnə tanışlarını xatırlayar, kimlərəsə baş çəkməyə, həm də əlüstü onlardan bizim malların necə xırıd edilməsi haqqında məsləhət almağa qərar verərdi.

Amma qoca əvvəlcə mənə sevinə-sevinə öz evində yer versə də, vaxt ötdükcə mənə qarşı soyuq münasibət göstərməyə başladı. Onun evində qaldığım müddət üç aya çatanda, o birdən-birə məndən kirayə haqqı tələb etdi, özü də onun evində qaldığım bütün vaxt üçün. Bəhanəsi isə bu idi ki, mənzilin kirayə haqqını çox qaldırıblar və o da bu məbləği daha ödəyə bilmir.  Onun bu məsələni oraya atmasından əvvəl mənim məsrəfimi əsasən yeməklə bağlı idi, bir də ki, yol pulu ilə. Dediyi məbləği Rixterə ödəyəndən sonra mənim o qədər də pulum qalmırdı və buna görə də məni qürbətdə pulsuz qalmaq haqqında fikirlər təqib etməyə başladı. Amma mən Rixteri nə qədər bu fikrindən döndərməyə çalışsam da, o dediyində durub dayandı. Bu hələ bir yana qalsın, məni tənə etməyə də başladı; guya ki, mən, uğursuzluqla nəitcələnəcəyi qabaqcadan bəlli olan düşünülməmiş təklifimlə onu lazımsız işə cəlb etmişəm. O isə bu mənasız məşğuliyyət üçün əbəs yerə vaxt itirməkdən başqa, həm də buna nə qədər qüvvəsini də sərf etmiş, hələ yol pulunu hesablasan, boş-boşüna pul da xərcləyib. Mənim üçün onun dediyinin məntiqsizliyi birinci növbədə onda idi ki, həm özüm üçün, həm də onun üçün yol pulunu, demək olar ki, həmişə mən ödəyirdim. Amma mənim başqa yolum qalmadığından, tələb etdiyi məbləği ona ödədim və üç gündən sonra da onun mənzilini tərk etdim. Amma Rixter ayrılanda təsadüfən bunu da öyrəndim ki,  o tezliklə Rusiyaya səfərə hazırlaşır. Axır ki, mən keçmiş şərikimin özünü niyə belə aparmasının və nə səbəbdən belə israrla məndən pul tələb etməsinin səbəbini başa düşdüm. Ona Rusiyaya səfər etmək üçün pul lazım idi. O əvvəlcə yəqin ki, bu pulu mənim gətirdiyim malları satmaqla qazanacağını düşünürdü, amma bunun əmələ gəlmədiyini görəndə, başqa vasitəyə əl atmağı qərara almışdı.

Onu deyim ki, bu hadisədən qalan xoşagəlməz təəssürat bir neşə günə bulud kimi dağılıb getdi;  sonradann mən öz yarı rus-yarı alman tanışımı ona qarşı heç bir incikliyim olmadan xatırlayırdım.

Amma Rixterin mənzilini tərk edəndən sonra mən olduqca çətin vəziyyətə düşmüşdüm. Mən bir az öncə yaşadığım yerin yaxınlığındakı avtobus dayanacağında gətirdiyim malları yüklədiyim çamadan və çantalarımla dayanmışdım, amma hara gedəcəymi, gecələməyə necə yer tapacağımı bilmirdim. Nəhayət ağlıma gəldi ki, Dəmiryolu vağzalına gedim, onun yaxınlığında mənim fikrimcə ucuzvarı bir otaq tapmaq çətin olmazdı.

Gəlib Dəmiryolu vağzalına çatandan sonra buradakı otellərə göz gəzdirməyə başladım: onların çoxusu böyük və dəbdəbəli idi, içlərində amma o qədər də gözəgəlimli olmayanları da vardı. Bu sonunculardan birinin – bir az kənarda yerləşən “Adler” adlı bir mehmanxananın üzərində dayandım.

Kiçik şüşə qapıdan içəri girən kimi dar və bir az kimi görünən dəhlizə düşdüm.  Koridorun sonunda isə seyrək saqqallı bir  gənc oğlan təkcə oturmuşdu. Salam verəndən sonra, mən ondan ən ucuz otağın neçəyə olduğunu soruşdum.

— Hundert fünf und zwanzig Mark (yüz iyirmi beş markaya), — deyə gənc cavab verdi.

Mən əlimi yelləyib, yenidən qapıya tərəf getmək istəyirdim ki, oğlan başqa təklif etdi:

—  Es gibt auch Zimmer für fünf und neunzig Mark, sogar mit Frühstück (Doxsan beş markaya da otaq var, hətta səhər yeməyi də içində).

Düzünə qalanda bu qiymət də mənə sərfəli deyildi, amma yorğunluq hiss etdiyimdəm bu gün çox gəzməyə halım yox idi və həm də bir az dincəlmək istəyirdim. Buna görə də bu gəncin təklifini qəbul etdim. Amma qətiyyən şübhə etmirdim ki, daha ucuz qiymətə otaq tapa bilərəm. Həmin gənc həm də məni xəbərdar elədi ki, səhər yeməyini yeyən kimi mehmanxananı tərk etməliyəm.

Mənə verilən otaq çox balaca idi, onda ensiz çarpayı ilə kiçik bir paltar dolabı zorla yerləşmişdilər. Mən əzgin və süst idim, özümü bu tutduğum işə görə lənətləyirdim, amma özümdən də çox Rixteri.

Otağın pulunu ödəyəndən sonra mənim o qədər də çox pulum qalmamışdı, amma bir az da xırda pulum vardı – yeri gəlmişkən, bu metal monetləri almanlar öz pulqabılarında cingildətməyi yaman sevirlər. Bu pul mənə ancaq bir neçə gün burada qalmağa və ucuz bir bilet tapıb geriyə uçmağa bəs edərdi. Yadıma düşəndə ki, bu ağır yükümü bir də özümlə geriyə daşımalı olacam, qanım o saat qaralırdı: onu buraya gətirmək üçün saatlarla gömrük işçilərini inandırmalı olmuşdum ki, bu qab-qacağın, alətlərin tarixi dəyəri yoxdur, sadəcə bunları kimsə sonradan əskidən qalanlar kim düzəldib.

Otelin işçisi sabahısı özü məni aşağıda qarşılayıb yemək zalına apardı və orada bir masanın arxasına əyləşdirdi. Qonşu masanın arxasında yaşlı ər-arvad oturmuşdu, onlar mən tərəfə heç baxmırdılar da və lal-dinməz, üskük kimi kiçik fincanlarda qəhvə içməkdəydilər. Tezliklə otelin işçisi özü mənə yemək gətirdi: pendir, kərə yağı və süd, hamısı da kiçik, plastik qablarda.  Bunları tez yeyib qurtardım, sonra da yükümü götürüb oteli tərk etdim.

Mən bir neçə gün də qalıb geriyə qayıtmaq üçün ucuz bir bilet tapmaq, həm də Vormsu gəzib dolaşmaq istəyirdim. Gecəni dincələndən sonra, yükümü saxlama kamerasına qoyub özüm üçün gecələməyə ucuz otaq axtarmağa başladım. Qarşıma çıxan bütün elanlara göz gəzdirir-dim, birdən onlardan birində oxudum: “Prins” oteli – Vormsda və ətrafında ən ucuz qiymətlər”. Tez avtomatdan həmin elanda göstərilən nömrəyə zəng etdim. Mənə yaşlı bir kişi sakit və nəzakətlə cavab verdi.

— Guten Tag! Was kostet bei Ihnen das billigste Zimmer pro Nacht?” (Günortanız xeyir! Sizdə ən ucuz otağın gecəsi neçəyədir?),  — deyə mən soruşdum.

— Zwei und dreißig Mark (Otuz iki marka), — deyə kişi cavab verdi.

Mən eşitdiyimə inanmaq istəmirdim, buna görə də adama daha bir neçə mənasız sual da verdim və nəhayət sevincək ondan otelin ünvanını xəbər aldım.

Şəhəri gəzib dolaşandan sonra axşamı özümü həmin otelə yetirdim. O düz yolun kənarında tikilmiş kiçicik bir binada yerləşirdi, bina qızılı rənglə çəkilmiş təsvirlərlə və elə qızılı rənglə də çəkilmiş tac və əsa ilə bəzədilmişdi. Mehmanxanaya giriş küçədən yox, həyətdəki alçaq pilləkəni olan kiçik bir qapıdan idi. Qapı zənginin düyməsini basandan sonra, qapı öz-özünə açıldı, mən də yükümlə bərabər içəri girəndə, masanın arxasında oturmuş qoca bir kişi gördüm.

Onun beli çox bükük idi, bu da onu olduğundan xeyli kiçik göstərirdi, uzun aşarmış saçları isə onu bir qocadan daha çox bir qarıya bənzədirdi. Məni salamlayanda mən onun səsindən həmin gün bir neçə saat əvvəl telefonda danışdığım adam olduğunu başa düşdüm.

Əşyalarımı yerə qoyub, mən qiyməti bir daha dəqiqləşdirmək istədim, çünki o mənə hələ də inanılmaz dərəcədə ucuz görünürdü. Beli bükük olduğundan az qala çənəsi masaya toxunan qoca gözlərini qıyıb diqqətlə və maraqla mənə baxdı.

— Das billigste Zimmer kostet zwei und dreißig Mark, gnädiger Herr,  — deyə qoca mənə nəzakətlə cavab verdi. – Das ist fürs Zimmer mit der Dusche. Aber wenn Sie auf die Dusche verzichten wollen, kann ich Ihnen ein Zimmer für acht und zwanzig Mark anbieten.

(Ən ucuz otağın qiyməti otuz iki markdır, möhtərəm cənab. Bu içərisində duşu olan otağın qiymətidir. Əgər siz duşdan imtina etmək istəsəniz, onda mən sizə iyirmi səkkiz markaya da otaq təklif edə bilərəm).

— Ich nehme das Zimmer für zwei und dreißig, für zwei Übernachtungen — deyə kişinin sözünü kəsdim; vasvası almanların yanında özümü natəmiz, səliqəsiz adam kimi göstərmək istəmirdim.

(Otuz iki markalıq otağı götürürəm, iki gecəliyə).

— Dann ist es vier und sechzig Mark zu zahlen.

(Onda altmış dörd marka ödəməyiniz lazımdır).

Sonra o məndən Almaniyadakı ünvanımı xəbər aldı. Mən də cavabında dedim ki, buraya bir neçə aydır ki, gəlmişəm, qeydiyyatda olduğum əvvəlki mənzilimdə daha qalmıram və indi özümə yeni mənzil axtarıram. Kişi sonra da mənim alman dilini harada öyrəndiyimi soruşdu. Mən də cavabında dedim ki, alman dilini məktəbdə öyrənmişəm, sonra da universitetdə oxuyanda.

— Man merkt es, dass Sie Deutsch nach Büchern gelernt haben, — qoca, anketi doldurmağına davam edə-edə, gülümsəyərək dedi. – Und woher kommen Sie?

(- Alman dilini kitablardan öyrəndiyiniz hiss olunur. Bəs özünüz əslən hardansınız?)

— Ich komme aus Aserbaidschan, aus Baku, — deyə ona bir az duruxmuş cavab verdim (Mən Azərbaycandanam, Bakıdan).

Mənə artıq məlum idi ki, Almaniyada, eləcə də bütün Qərbdə mənim qədim vətənimi dünən peyda olmuş cırtdan ölkələrdən də az tanıyırlar, ya da ki, heç tanımırlar.

— Wie? Aus Aserbaidschan, aus Baku? – qoca mənim cavabımı eşidəndə nəyə görəsə həyəcanlandı və ayağa durdu (Necə? Siz Azərbaycandan gəlibsiniz, Bakıdan?).

Mən onun sualını təsdiqlədim və təəccüblə Azərbaycan haqqında haradan eşitdiyini soruşdum.

— Leider war ich dort niemals gewesen… Ich habe aber davon geträumt, sehr lange geträumt. Offensichlich war es vom Schicksal nicht erlaubt… Nennen Sie mir bitte Ihre Adresse in Baku und erlauben Sie auch in Ihren Pass reinschauen (Təəssüf ki, mən orada heç vaxt olmamışam… Amma oraya getməyi çox arzulamışam, lap çox… Görünür, qismət deyilmiş… İndi, zəhmət olmasa, mənə Bakıdakı ünvanınızı deyin və sizin pasporta baxmağa icazə verin).

O tələsmədən yazırdı, beləcə də tələsmədən əlində pasportumu bir neçə dəfə o yan bu yana çevirdi və vərəqlədi. Mən isə çaşıb qalmışdım və bir sual indi məni çox maraqlandırırdı: nəyə görə mənim vətənimin xatırlanması bu qocaya belə qəribə təsir göstərdi?

— Ich kämpfte im Kaukasus, in Siebzehnter Armee der Wehrmacht (Mən Qafqazda vuruşmuşam, Vermaxtın On yeddinci ordusunun tərkibində), — qozbel kişinin mənə nə isə danışmaq istədiyini hiss etdim, amma o birdən dayandı və daha heç nə demədi: ola bilsin ki, daha bu mövzuda danışmaq istəmirdi.

Sonra o, sakitcə üstündə otağın nömrəsi yazılmış olduğu kiçicik lövhəyə bərkidilmiş açarları mənə uzatdı. Məni bayaqkı sual nə qədər maraqlandırsa da, daha bir söz deyə bilmədim; eləcə açarları ondan alıb, əşyalarımla bir yerdə ikinci mərtəbəyə — mənim üçün ayrılmış otağa qalxdım.

Otaq olduqca kiçik idi, eləcə də kiçik dəhlizi vardı. İçəridə iki köhnə çarpayı qoyulmuşdu; bu o demək idi ki, əslində bu kiçik otaq iki nəfər üçün nəzərdə tutulmuşdu. Otaqda daha sonra üstünə gecə lampası qoyulmuş kiçik bir yazı masası, kürsü və qapısı olmayan paltar dolabı gözə dəyirdi – hamısı olduqca köhnə və çox işlənmiş kimi görünürdü.

Mən özümə burada yenicə yer eləmişdim ki, nədənsə birdən çox darıxdığımı hiss etdim. Saat hələ ancaq  səkkiz olardı, buna görə də yatmaq haqqında fikirləşmək tez idi. Yemək istəmirdim, çünki şəhərdə bir az əvvəl qəlyanaltı eləmişdim.  Bir az götür-qoy edəndən sonra qərara gəldim ki, bir-iki şüşə pivə ilə nisgilimi dayandırım. Pivəyə qalanda ondan ötrü heç yerə getmək lazım deyildi, otelin özündə bunu tapmaq olardı, daha doğrusu onun restoranında. Elə bir az əvvəl buraya qalxdığım həmin hər addımımdan yırğalanan, titrəyib əsən  dəmir pilləkənlə də aşağı endim.

Qozbel qoca yerində deyildi, restoranın isə qapısı bağlı idi. Amma ola bilsin, onun başqa yerdən girişi vardı, ya da elə bu vaxtlarda, yəni  axşam saatlarında açılırdı. İndi bütün bu oteldə bir nəfər də olsun gözə dəymirdi ki, onunla bu məsələni aydınlaşdıram. Birdən ağlıma gəldi ki, pilləkənin arxasına da bir nəzər salım. Oraya keçən kimi də gözümə bir qapı dəydi – qapı açıq idi və geniş bir otağa aparırdı. Qapıya çatanda dayanıb otağa bir nəzər saldım. İçəridə işıq yanırdı və otaq hər cür kör-köhnə ilə — mənim otağımdakından da çox işlənib sürtülmüş mebel, hər cür qab-qacaqla dolu idi. Otağın lap qurtaracağında da qozbel bir mətbəx masasınn arxasında oturub qalaq-qalaq kağızları araşdırmaqda idi.

— Herr…  (Cənab… ) , — deyə ona səsləndim, amma nə qədər eləsəm də, qocanın adın yadıma düşmədi ki, düşmədi. – Herr, — deyə mən cürətsiz, hətta bir qədər günahkar kimi, özümün də zorla eşitdiyim bir səslə onu bir də çağırdım.

Amma təəccüblü də olsa, deyəsən, qoca məni eşitdi, ya da burada ondan başqa daha kiminsə də olduğunu duydu. O mənə tərəf dönüb.

— Ah! Das sind Sie, Herr aus Baku! Was kann ich für Sie tun? (Ah! Bu sizsiniz Bakıdan gəlmiş cənab! Sizə mən nə qulluq göstərə bilərəm) ? – deyə soruşdu.

Onun belə nəzakətli davranışı — baxmayaraq ki, onu işindən ayırmışdım — məni cəsarətləndirdiyindən, daha bayırda qalmayıb otağa girdim.

— Ich wollte Sie nur fragen, ob das Restaurant heute auf ist (İstəyirdim ki, sizdən eləcə restoranın bu gün işləyib-işləmədiyini soruşam).

— Wollen Sie Abendbrot? (Şam yeməyi istəyirsiniz?)

— Nein, ich habe schon in der Stadt gegessen. Ich wollte nur ein paar Flaschen Bier.  (Yox, — dedim, — şəhərdə yemişəm. Eləcə bir-iki şüşə pivə olsaydı, pis olmazdı.).

— Wollen sie nur Bier trinken? Dafür müssen Sie nicht ins Restaurant gehen (Pivə içmək istəyirsiniz? Bunun üçün restorana ehtiyac yoxdur ki…)

Qoca yerndən qalxıb, gözləmədiyim bir cəldliklə qapıya sıçradı və üzünü boş dəhlizə tutub ucadan çağırdı:

— Heinrich, Heinrich!..

Tezliklə dəhlizin qaranlığa bürünmüş dərinliyindən hardasa altmış yaşında bir kişi peyda oldu; gümrah adam idi, əlində də tozsoranın borusunu tutmuşdu.

— Ja, Herr Becker, ich bin wieder da. Haben Sie weitere Aufträge für mich? Wenn es um den Staubsauger geht, funktioniert er wieder (Bəli, cənab Beker, mən burdayam. Mənə nəsə təzə bir sifarişmi vermək istəyirsiniz? Tozsorana qalanda o yenə işləyir), – bunu deyib kişi əlindəki tozsoranın borusuna işarə elədi.

Beker, yəni mehmanxana sahibi, bu kişini mənə təqdim etdi:

— Heinrich ist Hausmeister von unserem Hotel. Das ist Herr Safarow aus Aserbaidschanş (Haynrix bizim otelin ustasıdır. Bu da Azərbaycandan gəlmiş cənab Səfərovdur), — kişi sonda məni öz işçisinə təqdim etməyi də unutmadı.

Sonra yenə üzünü Haynrixə tutub:

— Ja, ich habe für dich auch einen anderen Auftrag (Hə, sənə başqa sifarişim də var),  — dedi.

Kitabı alın




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 14 + 6 ?
Please leave these two fields as-is: