İTİRİLMİŞ TORPAQ

Dərc etdi 29 Декабрь 2013 rubrika Romanlar. Şərhlər: 0

Itirilmis torpaqVüqar Dəmirbəyli

İTİRİLMİŞ TORPAQ

Roman

Toğan bəy

 

Miladla on beşinci əsrin ortalarında Türküstan — Xəzərin şərq sahillərindən Çinə qədər uzanan ərazi  — pərən-pərən yaşayan qəbilələrin ixtiyarında qalmaqda idi. Böyük Türk Xaqanlığı dağılandan sonra qismən Ərəb xilafətinin, sonra monqolların, daha sonra Teymurləngin tabeliyində olan bu qəbilələr başqa bir qüdrətli səltənətin meydana gəlmədiyindən daha birləşə bilmirdilər. Türküstan uzun müddətli müharibə və çəkişmələrdən sonra avazıyıb nisbətən sakit, dinc bir həyat yaşamaqda idi. Buradakı qəbilələr aralarında ittifaqlar yaradıb özlərinə bir xanı başçı seçir, onun başçılığı altında öz həyatlarına bir sahman verməyə çalışırdılar.

Təkə, çovdur, salar kimi qüdrətli boyları tabe etmiş Durmuş xan özü  yomud  boyundan idi. Bu boyları bir yerdə və itaətdə saxlamağın nə qədər çətin olduğunu qoca xanın özündən yaxşı heç kim bilmirdi. Bir də gördün bir boy o birinə nəsə boş bir şeyin ütündə düşmən oldu, bir-biriylə qanlı düşdülər. Ondan sonra gəl bunları ayır, iki tərəfi bir-biriynən barışdırana kimi nə qədər adamı qılıncdan keçirirdilər. Bir də gördün ki, bir boy ayağa qalxdı, ona tabe olmaqdan imtina elədi, o biri boyları da təhrik eləməyə başladı ki, onlar da xana qarşı çıxsınlar. Belə olanda Durmuş xan həmişə tədbirlə hərəkət eləməyə çalışardı; ən əsası o idi ki, boyları bir-birindən aralı saxlayaydın, ona qarşı birləşməyə qoymayaydın. Bir də gərək elə siyasət yeridəydin ki, lazım gələndə bir güclü boya qarşı başqa bir güclü boyu qoya biləydin, xanın qəbiləsinə rəqib ola biləcək qəbiləni isə ta gücdən düşənədək başqa qəbiləylə qırğına təhrikləyəydin. Amma gərək o biri yandan da bunlara imkan verməyəydin ki, davanı uzatsınlar, yoxa ölkədə qarma-qarışıqlıq yarana bilərdi. Bunun nəticəsində başqa boylar da xana tabe olmaqdan boyun qaçıra bilərdilər. Bir də gərək bir qəbilənin o biri qəbiləyə qalib gəlib güclənməsinə də imkan verməyəydin. Belə olanda onların heç biri həqiqi olaraq möhkəmlənə bilmir, ikisi də xandan asılı vəziyyətdə qalırdular.

Son vaxtlar özünü səlcuqlara bağlayan Toğan bəyin nəsli çox güclənmişdi. Kişinin var-dövləti, şan-şöhrəti getdikcə artır, ətrafı bürüyürdü. Durmuş xan indiyə kimi ona qarşı qoymaq üçün heç kimi tapa bilmirdi. Bütün qəbilə başçıları Toğan bəyə həm hörmət eləyir, həm də onun nüfuzundan, gücündən çəkinir, heç biri onunla kəllə-kəlləyə gəlmək istəmirdi. Xanı fikir götürmüşdü; belə getsə, deyəsən, xanlıq da axırda Toğan bəyə nəsib olacaqdı. Yenə bir dəfə ətrafdakılar Toğan bəyin dövlətindən, şöhrətindən, mərifətindən danışırdılar ki, Durmuş xan hövsələdən çıxdı:

— Bəri bax, mən o Toğanı çoxdandı heç görməmişəm. Neyniyir o, nəynən məşğuldu, vergini-filanı vaxtlı-vaxtında ödəyirmü?

Ona yerli-yerdən cavab verdilər ki, bəs bu kişi bu məsələdə hamıya nümunə olmağa layiq adamdı. Xanın xəzinəsinə vergini də həmişə vaxtında ödəyir, özü də düz-düznəqulu, təmiz, dürüst bir adamdı. Onu belə təriflədiklərini eşidəndə Durmuş xan hər dəfə əksinə əsəbiləşir, Toğan bəyin qarasınca deyinməkdə davam edir, ona qarşı pis bir söz deməkdən isə özünü zorla saxlayırdı.

Bu dəfə amma daha dözə bilməyib öz adamlarına dedi:

— Gedin, o Toğan bəyi harada olsa tapın, mənim yanıma gətirin.

Toğan bəyi tapıb Durmuş xanın əzəmətli alaçığına gətirdilər. Kişi içəri girib ədəb-ərkanla salam verdi və qoca xanın qulluğunda müntəzir durdu.

Xan onun salamına soyuq və ağızucu cavab verdi. Bir az ordan-burdan danışıb, qəfildən soruşdu:

— Toğan bəy, səni mən son vaxtlar çox az görürəm, nə yaylaqda hənirini eşidirəm, nə qışlaqda.

Yoxsa sən elə öz qohumlarınla bir tərəfə çəkilib güzaranını belə keçirmək istəyirsən? Bu eldən-obadan belə uzaq durmağının səbəbi nədir?

— Xana qulluq etməyi həmişə özümüzə şərəf bilmişik, — Toğan bəy təmkinlə cavab verdi. – Mən də, bütün qohum-əqrəbam da. Durmuş xan, elin xoş günü, ya dar günü olsun, biz səlcuq nəsli heç vaxt kənarda qalmamışıq .

— Necə kənarda qalmırsınız ki, siz özünə qürurla səlcuq nəsli deyənləri mən bir yığıncaqda, bir şadlıqda, bir yasda görmürəm. Başınız nəyə qarışıb sizin, Toğan bəy?

— Şadlıqlara ara-sıra gəlmədiyimiz olub son vaxtlar, doğru buyurursan, böyük Xan, amma yasda, matəmdə, elin ağır günündə biz də həmişə hamıyla bərabər olmuşuq.

— Amma səni verdiyin vergidən razı deyiləm, Toğan bəy, – Durmuş xan mövzunu dəyişdi, — gərək biləsən bunu. Bütün ətrafda hamı sənin günü-gündən artan dövlətindən, calalından danışır, sən isə vergini artırmağı heç ağlına da gətirmirsən, deyəsən. Sənin heç olmasa min qoyunun var, əkin yerlərinin isə ucu-bucağı yoxdu…

Toğan bəy yüngülcə gülümsündü:

— Bu gün deyərəm, əlli qoyun gətirərlər, bir yüz kisə də taxıl, xan.

Xan bu cavabı eşidib qəzəblə qışqırdı:

— Nə? Əlli qoyun? Yüz kisə taxıl? Deməli, sənin mənə olan hörmətin buymuş, Toğan bəy? Daha səndən mən heç beş yüz qoyun da almaram, biləsən bunu!

Toğan bəy yenə dillənmədi.

— Eşitdinizmi, Toğan bəyin dediyini? Mən boyda xana, Durmuş xana əlli qoyun, yüz kisə taxıl vermək istəyir. Bayaqdan ağızdolusu təriflədiyiniz Toğan bəyin mərifətini, xana, sizlərə olan hörmətini indi özünüz gördünüzmü?

Durmuş xanın bayaqdan dinməzcə dayanıb xanla Toğan bəyin danışığına qulaq asan əhli-əyalından yenə heç kim dillənmədi. Qoca xan aramla adamlarının hamısını bir-bir süzdü, sonra da üzünü qalib bir görkəmlə Toğan bəyə tutdu:

— Buyurub gedə bilərsən, Toğan bəy, sənin nə qoyunun, nə də taxılın mənə lazım deyil.

İçəridəkilərin hamısı pərt vəziyyətdə idilər, xanın Toğan bəyi yamanlamaq üçün bəhanə tapdığını başa düşür və bunun ədalətsiz olduğunu da bilirdilər. Amma heç kim xana qarşı çıxmaq cəsarətində deyildi.

Toğan bəy, xanın onunla bu cür davranmasından nə qədər hirslənsə də, yenə özünü

saxladı, hamıyla təmkinlə sağollaşıb, alaçığı tərk etdi.

Durmuş xanın yanından qayıdandan sonra Toğan bəy bir gün qohum-əqrəbasını başına yığdı.

— Xanla bu gün deyişməmiz oldu. Onun bizə qarşı bir tədbiri var, məni də bu gün çağırtdırmışdı hamıya göstərə ki, guya mən ona hörmət qoymuram. Əlinə bununla bir bəhanə keçirmək istəyirdi.

Bunu deyəndən sonra öz qohum-əqrəbasına bir nəzər saldı: aralarında bığıburma, qoçaq, vuran-tutan xeyli cavan vardı, amma bunları qırğına vermək heç insafdan idimi? Bir də ki, Toğan bəy artıq xanın nə etmək istədiyini başa düşmüşdü. Qoca xanın istədiyi buydu ki, Toğan bəyi öz nəsli ilə bərabər bu yerlərdən uzaqlaşdırsın. Toğan bəyin başqa yolu yox idi, ya xanla vuruşmalıydı, ya da baş götürüb getməliydi. Başqa yerə gedəndə də gənclər çox lazım olacaqdılar, ona görə də onları qorumaq vacib idi. Toğan bəy nə fikirləşdiyini adamlarına açıq dedi. Heç kim ona cavab vermədi, amma bunun Toğan bəyin qohumları üçün nə qədər acı olduğunu başa düşmək çətin deyildi. Yaxşı, deyək ki, mal-davarı hələ bir tövrlə gedəcəkləri yerə qovmaq mümkün oldu, bəs bu əkin yerlərini neynəyəsən? Onları istəsələr də, istəməsələr də burada qoyub getməli olacaqdılar. Amma başqa yerdə əkinsiz-biçinsiz necə dolanacaqdılar? Ən böyük dərd-müsibət buydu. Amma neynəyəsən, deməli olacaq beləymiş.

Qohum-əqrəbaya, sürüləri bir yer yığmağı, başqa lazım olan tədarükü görüb, yola hazırlaşmaq göstərişini də verəndən sonra, Toğan bəy alaçığına getdi. Arvadıyla yır-yığışla bağlı götür-qoy eləyirdi ki, nökər içəri girib, Durmuş xanın qohumlarından birinin onu görmək istədiyini dedi. Toğan bəy, arvadına süfrə açmağı deyib, nökərə buyurdu:

— De gəlsin içəri.

Ərsin bəy tək gəlmişdi. Bu adam Durmuş xanın yaxın qohumlarından idi, Toğanlasa həmişədən çox yaxşı münasibətdə olmuşdu.

— Buyur, Ərsin bəy, xoş gəlibsən, həmişə sən gələsən! – Toğan bəy ayağa durub qonağı mehribanlıqla qarşıladı və ona mütəkkələr düzülmüş xalıda yer göstərdi.

Qonaq minnətdarlıq elədi və yer seçib oturdu. Ərsin bəy tutqun idi və qayğılı görünürdü. Toğanın arvadının gətirdiyi çaydan bir qurtum içəndən sonra özü sözə başladı.

— Toğan bəy, mənim sənə nə qədər hörmətim olduğunu bilirsən, tək mənim yox, Durmuş xanın bütün nəsli sənə böyük hörmət bəsləyir.

— Sağ ol, Ərsin bəy, mənim də sizlərə ehtiramım böyükdü, — Toğan özünü qonağın qarşısında nə qədər tox tutmağa çalışsa da, yenə də səsində kədər və pərişanlıq duyulurdu.

Həm də hiss olunurdu ki, Toğan bəy qonağın bu vaxtsız gəlişinin səbəbini tez bilmək istəyir, Ərsin bəy isə hələ ki, mətləbə keçmirdi. Yenə bir az ordan-burdan, olub keçənlərdən, ötən vaxtlardan, əvvəlki savaşlardan, döyüşlərdən danışdılar. Sonra Ərsin bəy Durmuş xandan danışmağa başladı:

— Kişi lap qocalıb əldən düşüb, ağlı özünü girləmir. Axı bu nə qədər xan olub qalacaq? Hamı ondan, onun əməllərindən narazıdır.

— Sözünün canı nədir, Ərsin bəy, onu de! – Toğan bəy qonağın qırımından ortada nəsə mühüm bir iş olduğunu başa düşdü.

— Sözümün canı daha nə olacaq, Toğan bəy? Qoca bu gecə sənin üstünə böyük bir dəstə göndərəcək. Məqsədi səni qohum-əqrəbanla bir yerdə məhv eləyib, var-dövlətinə, sürülərinə, torpaqlarına sahib olmaqdı.

Ərsin bəy bunu deyib zənlə məşəl işığında Toğan bəyin bu sözlərdən sonra daha da tutulmuş, qaralmış kimi görünən sifətinə baxdı. Toğan bəy bu gözlənilməz xəbərdən sarsılsa da, yenə özünü ələ alıb, cavab verdi:

— Nolar, qoy göndərsin dəstəsini. Biz də səlcuqların kim olduğunu bir də bütün elə göstərərik.

— Toğan bəy, sənin üstünə bu gecə bir qoşun gələcək. Sən ona beş-on adamınla neynəyəcəksən? Siz nə qədər igid də olsanız, bu qoşunun qabağında dura bilməyəcəksiniz. Qırıb-çatacaqlar hamınızı, inan mənə.

— Mənə sözün nədir, Ərsin bəy? De, açıq de! – Toğan bəy Ərsin bəyin gizli bir fikri olduğunu və ona nəsə təklif etmək istədiyini artıq duymuşdu.

— Sözüm budur, Toğan bəy: biz hamımız, Durmuş xanın nəslindən də olsaq, sənə hörmət bəsləyirik. Qoşun böyükləri də bizdəndir, özün bilirsən. Mən onlarla da bu gün danışmışam. Heç biri sənin üstünə gəlmək istəmir. Biz istəyirik, bu qocadan canımızı qurtaraq, onun yerinə bizim nəsildən başqa birisi xan olsun.

— Yoxsa sən özün xan olmaq istəyirsən, Ərsin bəy?

— Bunu mən yox, Durmuş xanın ətrafı istəyir. Mən də razılığımı artıq vermişəm.

Toğan bəy Ərsin bəyi xan kimi təsəvvür eləməyə çalışdı; Ərsin hələ cavan da olsa, el içində igid, tədbirli bir adam kimi tanınmışdı. Bu məziyyətlərinə görə də yəqin ki, Durmuş xanın ətrafı onu xan etməyi qərara almışdı.

— Bizə lazım olan tək sənin bizim tərəfimizdə olmağın, bizim qərarımıza dəstək verməyindir, Toğan bəy. Bu yolla sən həm də nəslini qırğından qurtaracaqsan. Bundan sonra yenə əkin-biçininlə, mal-heyvanınla məşğul ol, sənə gözün üstə qaşın var deyən kimdi?

Toğan bəy dərindən köks ötürüb, gözünü qonağın gözünə zillədi.

— Çox sağ ol, Ərsin bəy, təklifinə görə, məni və nəslimi qurtarmağa çalışdığınız üçün də sənə və qohumlarına duaçıyam. Amma mən bunu eləyə bilmərəm. Bəylərə də bunu beləcə çatdırmağını rica edirəm. Mən Durmuş xana həmişə sədaqətlə qulluq eləmişəm, mən ona qarşı çıxa bilmərəm.

— Bəs qoşun gələndə neynəyəcəksən? – Ərsin məyus olduğunu gizlətmək istəmədən soruşdu.

— Tanrı bilən məsləhətdi. Onsuz da gec-tez onun istədiyi olacaq.

Ərsin bəy gedəndən sonra Toğan bəy yenidən qohum-əqrəbanı ayağa qaldırıb indicə eşitdiklərini onlara danışdı.

— Amma təşvişə düşmək lazım deyil. Kişilər silahlanıb mənimlə birlikdə alaçıqların qabağında keşik çəkəcəklər, qadınlarsa uşaqlarla bir yerdə dəyələrin içərisində oturub gözləsinlər. Amma siz də içəridə xəncərləri, qılıncları hazır tutun. Biz basılsaq, üstünüzə gələni doğrayın.

Doğan bəy alaçıqların qabağında hərləmə adamlarını düzdü, onlara, hücum olarsa, necə hərəkət etmək lazım olması haqda son məsləhətlərini verdi.

Gecədən xeyli keçmiş qoşun özünü yetirdi. Alaçıqların üzərinə hərəkətə keçəndə Doğan bəyin döyüşçülərinin müqavimətinə rast gəldilər. Qan su yerinə axdı. Doğanın adamları nə qədər şücaətlə vuruşsalar da, yenə də qoşunun qabağını almaq mümkün olmadı, igidlərin cəsədləri döşənib yerdə qaldı. Bir az da getsə qoşun alaçıqların üzərinə hücuma keçəcək, onları yerlə-yeksan edəcəkdi. Bu Doğamn bəyin nəslinin sonu demək olardı. İşi belə görəndə bir qolundan yaralanmış Doğan bəy qabağa çıxıb həyəcanla qoşun böyüklərinə səsləndi:

— Əl saxlayın, bəylər! Mən Toğan bəyəm! Siz məni hamınız yaxşı tanıyırsınız. Sizinlə danışmaq istəyirəm.

Qoşun bir azdan hərəkətini dayandırdı. Qoşun böyüklərindən biri qabağa gəldi. Toğan bəyi  bir tərəfə çəkib astadan dedi:

— Nahaq Ərsin bəyin dediyini qəbul eləmədin, Toğan bəy. Heç indi də gec deyil…

— Sağ ol, bəy. Amma bu mənim işim deyil, — Toğan bəy baş verənlərdən sarsılmış da olsa, yenə də özünü tox tutmağa çalışdı. – Durmuş xanın istədiyi mənim nəslimlə bərabər buradan uzaqlaşmağım deyilmi? Mən artıq onun iradəsini yerinə yetirməkdəydim ki, qoşunu üstümə göndərdi. Biz gedirik, bəy. Durmuş xana da bunu belə çatdırın. Nə qədər əkin yerlərimiz var, qoy onun olsun. Mal-davarımın da yarısını özümüzlə sürəcəyik, yarısı qalsın ona. İmkan eləyib ən yaxın vaxtda Türküstanı tərk edəcəyik.

Qoşun başçısı daha bir söz deməyib getdi, adamlarını da çəkib apardı.

Toğan bəy sağ qalmış qohumları ilə yır-yığış eləyib köçünü İrana tərəf sürdü. Böyük bir qoyun sürüsü qabaqlarında, beləcə bir neçə araba ilə əvvəlcə Xorasana daxil oldular. Bu tərəflərdə xalqı bu cür köçlə çətin təəccübləndirəydin, amma yenə də, bu köçün əzəməti istər-istəməz adamların diqqətini çəkirdi. Qur-quldursa köçün yanıyla at belində gedən, uzun əyri qılınclı, oxlu-kamanlı gənc bahadırları görəndə pis fikirlərindən daşınmağa məcbur olurdu. Toğan bəyin fikri Xorasan hakimiylə görüşüb ondan öz nəsli üçün torpaq istəmək, təzədən burada təsərrüfatını qurmaq idi.

O vaxt Qaraqoyunlular Xorasanı da, İranı da, Azərbaycanı da öz hakimiyyətləri altında saxlayırdılar. Xorasanı da onların təyin etdiyi adam idarə edirdi. Xorasan hakimi Toğan bəyi yaxşı qarşıladı. O Xarəzm türkcəsində danışırdı deyən, Toğan onu yaxşı başa düşürdü.

— Mən sənin haqqında eşitmişəm, Toğan bəy. Sənin amma Türküstandan buraya gəlməyinin səbəbi nədir?

Toğan bəy Durmuş xanla olan münaqişəsini necə var, eləcə də Xorasan hakiminə danışdı.

— Yaxşı, mən sənə öz tayfanla bahəm Xorasanda yer verə bilərəm, — deyə Xorasan hakimi Toğan bəyin başına gələnləri eşitdikdən sonra bildirdi. — Amma bu Xorasan ki var, bura Türküstandan da qarışıq yerdir. Sabah bilmirsən ki, nə olacaq, başına nə gələcək. Buna görə mən sənə məsləhət görərdim ki, Gəncəyə gedəsən. Orda həm torpaq çoxdu, həm də bu tərəflərə baxanda daha əmin-amanlıqdı. İstəsən, mən Gəncə hakiminə bir məktub da yazıb, sənə köməklik etməsini ondan təvəqqe elərəm. Amma bir məsələ də var ki, Gəncə hakimi Usuf xan özü də sizin tərəfdəndir. Bəlkə də özün onu tanıyırsan.

Usuf xanı Toğan bəy doğrudan da tanıyırdı, amma onun Gəncə hakimi olduğunu bilmirdi. Xorasan hakiminin yanından çıxan kimi Toğan bəy köçün istiqamətini Gəncəyə tərəf yönəltdi.

Amma yol uzaq idi: Xorasandan, İrandan keçib Azərbaycana gəldilər, Təbrizdən Lənkərana, ordan da Gəncəyə üz tutdular.

Gəncə hakimi Usuf xan Toğan bəyin gəlişinə bir yandan sevindi, bir yandan da onun başına gələnləri eşidib Durmuş xanı qınadı.

— Daha olan olub, keçən keçib, Toğan bəy. Gəl mən sənə elə burada — Gəncədə yer verim. Sat o qoyunlarını da getsin — nə çoxdu Gəncə ətrafında heyvan saxlayan – özünüzə ev tikin, bu yerli camaat kimi siz də başlayın ticarətə, alış-verişə.

— Çox sağ ol, Usuf xan. Amma bizimki, doğrudan da qoyunçuluqdu, o ticarətdən-filandan

bizim başımız çıxmaz. Onda biz bir kar eləyə bilmərik. Sən bu Gəncənin özündə yox, onun ətrafında bizə torpaq verə bilsən, sənə duaçı olarıq hamımız. Orda da həm əkinimizi əkək, həm də heyvanımızı saxlayaq. Biçinimizi də, südümüzü-pendirimizi, yunumuzu da gətirib Gəncə bazarında satarıq. Həm bizə yaxşı olar, həm də bu Gəncə camaatına.

Usuf xan gördü ki, Toğan bəy ağlabatan söhbət eləyir, ona görə də onun dediklərinə razı oldu. Gəncədən iki saatlıq araba yolu məsafəsində olan bir yerdə ona torpaq, bundan başqa həm orada, həm də yaylaqda örüşlük ayırmağı əmr elədi.

Toğan bəy köçü ilə gəlib ona ayrılan torpaqda yerləşdi. Alaçıqlarını qurub, sürünü örüşlüyə ötürüb təzə yerə gəlməklərini bayram elədilər, tanrıya şükür elədilər, qurban kəsib yoldan keçənə payladılar.

Toğan bəy adamlarıyla bərabər onlara ayrılmış torpaqlara baxırdı. Ətrafı xeyli gəzib, nəzərdən keçirəndən sonra tünd-qırmızı rəngə çalan torpaqdan bir xışma götürdü:

— Sağ olsun Usuf xanı, bizə gözəl torpaq ayırıb. Bilirsiniz, bu torpağın nə bərəkəti olacaq? Bura düşən hər dəndən iyirmi buğda yetişəcək.

Bura həm də Kəpəzin ətəyiydi. Həm dağlar, həm onlara orada ayrılmış örüşlük səlcuq nəslinin çox ürəyincə oldu. Yenə başladılar əkib-becərməyə, mal-heyvan saxlayıb pendir-motal tutmağa. Sonra da Gəncə bazarında özlərinə yer aldılar, başladılar mallarını da çıxarıb burada satmağa.

Üç-dörd ili belə sakitcə, əmin-amanlıqla yola verdilər. Bir gün Gəncədən adam gəldi ki, bəs Usuf xan Toğan bəyi yanına çağırır, deyəcək sözü var. Toğan bəyin ürəyinə dammışdı ki, bu gəliş sən deyən xeyirli gəlişə oxşamır, amma atını minib yenə getdi xanın hüzuruna.

Usuf xanın sarayında onu hörmətlə qarşılayıb yer göstərdilər.

                                                                                                                                                                                                                            (Ardı var)




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 15 + 7 ?
Please leave these two fields as-is: