İTİRİLMİŞ TORPAQ (DAVAMI)

Dərc etdi 29 Декабрь 2013 rubrika Romanlar. Şərhlər: 0

Deli AliVüqar Dəmirbəyli

İTİRİLMİŞ TORPAQ (DAVAMI)

Roman

Dəli Alının yuxusu

Alı yuxudan elə bil səksənib ayıldı. Tez əlini böyründə divardan asdığı beşaçılana atdı, balışının altına qoyduğu patrondaşını çəkib çıxardı. Cəmisi bir neçə saniyə taxtın üstündə oturub özünü cəmlədi,  sonra cəld ayağa sıçrayıb qırğı kimi pəncərəyə şığıdı, diqqətlə həyətə boylandı.

Arvadı Böyükxanım da tez oyanıb, taxtdan endi, yavaşca mətbəxə keçib, çay qoymaq istədi. Alının belə qəfil gecə yarısı oyanıb otaqda gərdiş eləməsi arvadı təəccübləndirmirdi. Böyükxanım Alının ikinci arvadıydı. Onunla yaşadığı bu neçə ildə Dəlinin davranışına, çılğın xasiyyətinə, gözlənilməz hərəkətlərinə öyrəşmişdi. Alı həmişə sayıq yatar, hər şıqqıltıya oyanıb əlini tüfəngə atardı. İndi də Mahya ondan heç nə soruşmaq fikrində deyildi, amma Alının özü birdən dilləndi:

— Arvad, yaman pis yuxu gördüm, ona görə ayıldım.

— Ə Alı, nədi, nə yuxu görübsən?

Alı hönkürdü:

— A-az, məni vuracaqlar…Arvadı:

— Ə, sən nə danışırsan? Səni kim vura bilər, səni kim vura bilər axı?

Arvadı adı gələndə ətrafda hamının lərzəyə düşdüyü, hökumətin də çəkindiyi bu adamdan heç vaxt belə davranış görməmiş, bu cür sözlər eşitməmişdi. Xanım hələ cavan ikən ərə gəldiyi bu adamın heç vaxt bir acizliyini, qorxaqlığını görməmişdi. Olmuşdu ki, rusun qoşunu olduqları yeri üzük qaşı kimi mühasirəyə almışdı, ya bir səfərdən qayıdanda ermənilərin əhatəsinə düşmüşdülər. Xanım belə məqamlarda da Alının heç vaxt özünü itirdiyini görmə-mişdi. Arvad-uşaq yanında olanda həmişə birinci onların qayğısına qalar, bir-iki silahlı atlıya qoşub aradan çıxardardı, özü isə, həmişə olduğu tək, bir nər kimi döyüşə atılardı. Ən ümidsiz vəziyyətdə belə Xanım bir dəfə də olsun Alıdan bir zəiflik, qorxaqlıq nədi, bir çəkingənlik belə görməmişdi. O ərinin gözlərində həmişə bir qətiyyət, ölümün özünə belə meydan oxuyan bir cəsarət görmüşdü. Bütün Gəncəbasarda Dəli Alının adı gələndə hamı az qala ayağa durur, onun necə igid, qorxmaz bir adam olmasından danışırdı. Ermənilərin hücumu zamanı öz dəstəsi ilə şücaət göstərib bütün ətraf kəndlərin əhalisini qoruması, “Nikalay paçcahın” öz hüzuruna çagırtdırıb onu əhv eləyib üzə çıxmasına icazə verməsi, el sənətkarı Aşıq Ələskərin onun haqqında dastan qoşması Alının adını dillər əzbəri eləmişdi.  Xanım bu on ildə bir gün də olsa rahatlığın nə olduğunu bilməmişdi. Onun da ən ümdə arzusu, bütün qadınlar kimi, ev-eşik düzəltmək, ailəsinin, uşaqlarının qayğısına qalmaq, onları xoşbəxt görmək idi.

                                                                                                                                                                                                                           (Ardı var)




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 10 + 14 ?
Please leave these two fields as-is: