DAĞLARDA

Dərc etdi 26 Декабрь 2013 rubrika Hekayələr. Şərhlər: 0

Murov

Vüqar Dəmirbəyli

DAĞLARDA

Hekayə

,,Dağlarda» hekayəsində mən Azərbaycan əyalətlərindən birində yetmişinci illərin yaylaq hə-yatını və məişət tərzini təsvir etməyə çalışmışam. Bəzi hallarda qeyri-Azərbaycan dilli kəlmə-lərin işlədilməsi, məsələn, anaya “mama» deyə müraciət edilməsini göstərməyim də təsadüfi deyil, yəni bu özü də bir növ reallığı əks etdirir. Bəzi epizodlarda isə insanın xüsusilə uşaqlıqda qarşılaşdığı, indi çox yerdə qəbul olunsa da, Azərbaycanda hələ də üstündən sükutla keçilən cinsi yetkinləşmə və özünüdərketmə məsələlərinə, qısa da olsa toxunmuşam. Mən həmin bu yeri yazandan sonra dəfələrlə onu saxlayımmı, yoxsa çıxarımmı deyə özüm-özümlə mübarizə aparmışam. Azərbaycan əxlaq normaları çox sərtdir, onlar insandan ideal olmağı tələb edirlər, amma bütün bunlardan kənarda həqiqi bir insan həyatı vardır ki, onun da öz axarı olur.

                                                                                                                                                                                                                                         ***

Lap kiçik yaşlarımdan anam mənə dağlardan çox danışardı: necə uzun illər boyu, kənddən bizim qəsəbəyə, atama ərə gəlməzdən əvvəl, hər il yayın başlanmasıyla ailəliklə dağlara qalxmalarını, üç ay alaçıq, ya biz tərəfdə deyilən kimi, dəyə qurub orada yaşamalarını dəfələrlə nağıl etmişdi.

   — Nə deyim axı bu qəsəbəyə, — söylənərdi anam. — Bura gələli dağ da, daş da yadımızdan çıxdı.

Qəsəbəmiz tam düzənlik bir yerdə yerləşmişdi. Qışda bura qar düşməzdi, nə qədər biz, xüsusən də uşaqlar, həsrətində olsaq da, yayı isə əsil cəhənnəm istisi olardı, bütün qəsəbə ilin bu vaxtında sanki bir təndirə dönərdi. Yaşlı adamların dili ilə desək, “elə bil göydən od yağardı”, nəfəs çəkmək olmazdı. Bir parça buludun qəhətə çıxdığı səmada tənbəl-tənbəl diyirlənən günəşin istisi bir yandan, onun az qala yandırıb külə çevirmək istədiyi, sanki qızıb kürəyə dönəcək yerdən qalxan bürkü də bir yandan adamların yaşayışını lap cəhənnəmə döndərərdi. Axşamlar isə günəş batsa da, yerdən qalxan bürkü daha da güclənir, hava boğanağa çevrilirdi. Bir də ki, mığmığalar. Atam nə qədər pəncərələrə tor çəksə də, yenə bir üsulla oradan içəriyə yol tapa bilir, bütün gecəni səhərə qədər bizi daraşa çəkirdilər. Pəncərəni bağlamaq istəyəndə də evin iç divarları gündüzlər çox qızmış olduğundan içəridə hərarət daha da yüksəlir, adam qan-tərə batır, yatmaq olmurdu.

Qəsəbənin bir tərəfi az qala gedib «ilan mələyən» Boz dağa dirənirdi. O Boz dağa ki, onun nə bir-birinə bağlanaraq qatar kimi uzanıb gedən, cansız qum-daş-torpaq yığnağı olan təpələrində, nə də ətrafında heç bir həyat əlaməti tapmaq mümkün deyildi. Qəsəbədən Boz dağın qarşısın-dan keçən uzun-uzadı şosseyə gedən yol iri yataqlı, suyu qurumuş, çoxdan uşaqların dava-dava oynamaq yerinə çevrilmiş Goran çayı ilə şoran torpaqlı Goran düzünün arasından keçərdi. Goran düzündə də ki, balaca, yerə yapıxmış ulğun kollarından başqa heç nə görməzdin. Həmin bu Boz dağın arxasında başqa dağ silsiləsi uzanırdı, Boz dağın həqiqətən də boz görkəmli təpələrinin arxasında bu dağlar öz ucalığı, əzəməti ilə seçilərdi, həmişə də, yayı da, qışı da zirvəsi qarla örtülü olardı. Bu daim qarlı dağlar silsiləsinin necə adlandığını kimdən soruşmuşdumsa da, hamı çiynini çəkmişdi. Bu qədər aydın və yaxın görünməsinə baxmayaraq, qəsəbə sakinlərinin dediyinə görə, bu dağ silsiləsi bizdən uzaqda idi, ona görə də bizim adamları maraqlandırmazdı — nə özü, nə adı. Nəhayət bir dəfə bizə təsadüfən, qohumlarımızdan biri ilə gəlmiş və özünü geoloq kimi təqdim edən, haradasa yaşı qırxı haqlamış bir kişi, yaxasından bərk yapışdığımı və bu dağ silsiləsinin necə adlandığını deməmiş əl çəkməyəcəyimi görəndə bildirdi ki, bu Böyük Qafqaz dağlarıdır ki, onun bir hissəsini də biz görə bilirik. Qaldı ki, bu silsiləyə tam əks tərəfdə dayanan dağlara, bunlar da Kiçik Qafqaz dağlarıdır.

Həmin geoloqun “Kiçik Qafqaz” dediyi dağlardan hamının tanıdığı və ən çox haqqında danışdığı Kəpəzlə Murovdu. Kəpəz elə bil bir çömçəydi, özü də daş-qaya kimi gözə çarpırdı və Murovun bir yamacı onun qarşısını qismən kəsdiyindən Kəpəzin dağətəyi demək olar ki, görünmürdü. Murov Kəpəzdən həm hündür, həm də xeyli enli, şaxəliydi, qonur-yaşıl göründüyündən torpaq və ağaclarla örtülü olduğunu zənn etmək olardı. Camaat arasında Kəpəz daha məşhurdu, əslində isə bu dağlar qoşaydı, hər dəfə baxanda, istər-istəməz ikisinə də diqqət eləyirdin və onları bir-birindən ayırmaq çətiniydi. Mən tez-tez günəşli günlərdə evdən uzaqlaşıb açıqlıq bir yerə getməyi və oradan bu sıra dağları seyr etməyi xoşlayardım. Bu zaman özümü iki dağ silsiləsinin arasında hiss edərdim. Qəsəbədən görünən dünya bir tərəfdə Böyük Qafqaza, əks tərəfdə Kəpəzlə Murovun da daxil olduğu Kiçik Qafqaza, yerdə qalan iki cəhətdə isə göy qübbəsinə dirənib bitirdi. Buraya biz aran deyərdik; bir dağ vardı burada yaşayan adamlar üçün, bir də aran. Dağ deyəndə isə ancaq Kəpəzdən, Murovdan söhbət gedə bilərdi, əvvəl dediyim kimi, adamların gözlərinin qabağında olsa da, Böyük Qafqazdan bir kimsə danışmazdı. Heç dağlar da həmişə görünməzdi, hava buludlu olanda qəsəbənin görüm sahəsi boz-bulanıq, hər tərəfdən daralmış, sıxılmış və kiçilmiş olardı, az buludlu olanda dağ silsilələrindən ya biri görünər, ya da ki, hər ikisi ala-yarımçıq görünərdi. Bəzən də dağların zirvəsi buluda-dumana bürünər, ancaq yamacları görünərdi. Bir də bu dağların arxasında nə vardı, başqa bir ölkəmi, başqa bir dünyamı, bu da əslində hamı üçün sirr olaraq qalardı. Biz uşaqlar böyükləri hərdənbir dəng edib dağların arxasında nə olduğunu öyrənməyə çalışanda, onlardan çox vaxt müxtəlif, bir-birinə bənzəməyən cavablar alardıq.

Amma qəsəbə əhlinin hamısı yay gələndə bizi kimi istidən «bişə-bişə» aranda, sabah-axşam günün istisi və yerin bürküsü ilə, gecə səhərə qədərsə mığmığalarla əlləşə-vuruşa oturmazdı. Bəlkə də camaatın yarıdan çoxu tədarük görüb, çadır tapıb, bir yük maşını kirayələyər, dağlara qalxıb ta havalar sınana, yəni avqustun axırlarına qədər orada oturar, yalnız bu vədə yetişəndə dağdan enib arana qayıdardılar.

Nəhayət bir gün gəldi ki, neçə vaxtdan bəri uzaqdan seyr eləyib köks ötürdüyüm dağlara bizim də yolumuz düşəsi oldu. Bir axşam bayırda maşın gurultusu eşitdik və bunun dalınca iri bir yük avtomobili taybatay açılmış darvazadan həyətimizə girdi. Sürücünün yanında atam oturmuşdu. O ağır-ağır kabinədən endi, bizlərə tərəf gəldi və dedi ki, çadır tapıb gətirib, indi göstərəcək necə olduğunu. O, sürücü ilə bərabər kuzovun böyür bortunu açmağa başlayanda anam bizə dedi ki, bu gecə dağa yola düşəcəyik, şey-şüyləri isə qablayıb, təkcə maşına yükləmək qalıb. Anam necə gün idi ki, doğrudan da yır-yığış eləyirdi, amma dağa gedəcəyi-miz haqqında bir söz demirdi. Biz uşaqlar sevincimizdən qışqıraraq atılıb-düşməyə başladıq və yüyürərək həyəti bir neçə dəfə dolandıq. Sakitləşib bir də maşına yaxınlaşanda isə atamla sürücünün artıq çadırı yerə sərmiş olduqlarını gördük. Bu çadır qəsəbə əhlinin ,,brezent» dedi-yi pambıq-kağız qarışıq möhkəm, hər saat cırılmayan materialdan idi. Atam əvvəlcə onun bir tərəfini, sonra da o biri tərəfini qaldırıb anama göstərdi:

   — Bax bu qapısıdır, bu da pəncərəsi.

Bunları eşidəndə biz də yaxınlaşıb atamın göstərdiklərinə tamaşa eləmək istədik. Onun “qapı» dediyi çadırın üstündə həmin materialdan kəsilərək düzəldilmiş, qıraqları yaxşıca tikilərək bərkidilmiş çərçivə idi, onu örtmək üçün həmin ölçüdə bir brezent parça da bir kəna-rından sallanırdı. Pəncərə də yenə elə, sadəcə qapıdan xeyli kiçikdi, bir də parçadan kəsilib çal-çarpaz çərçivəsinə bərkidilmiş barmaq enində iki mili vardı. Biz uşaqlar da, kömək eləmək üçün, hamımız çadırın kənarından yapışdıq və böyüklərlə bərabər çəkib onu həyətə sərdik, hər tərəfinə baxandan sonra onu qatlayıb maşının kuzovuna yüklədik, sonra da evə girib böyük otağa keçdik. Anam bəzi ləyənlərin, vedrələrin ağzını bağlamış, otağın bir küncünə yığmışdı, o biri küncdə isə özünün yay gələndə arıtlayıb təmizlədiyi yunlardan doldurub sırıdığı yorğan-döşəkləri, qaz, ördək, toyuq tüklərindən düzəldilmiş balışları yığmışdı. Nəhayət ki, bizə lazım olacaq əşyaların hamısı evdən çıxardıq, otaqlar və aynabənd də bundan sonra, demək olar ki, boşaldı. Aynabənddə saxlanılmış kiçik palazın üstündə uzanıb yastığa dirsəklənməyə və gecənin bir çağına qədər yuxu almağa biz uşaqlara izn verilmişdi, anamla atamsa evdə-həyətdə elə hey vurnuxmaqda davam edirdilər. Bir də gecənin bir vaxtıydı ki, anam bizi dümsükləyə-dümsükləyə durğuzdu. Gözlərimizi ovxalaya-ovxalaya, gicəllənə-gicəllənə birtəhər həyətə endik, mən uşaqlardan ən böyüyü olduğumdan və özümü qardaşımla bacımın yanında həm güclü, həm də dözümlü göstərmək istədiyimdən, yenidən bir tərəfdə mürgüləmək istəyəni ayıltmağa çalışır, tezliklə maşına minəcəyimizi, orada isə yat-maq imkanı olacağını onlara başa salmağa səy edirdim. Anam sonra mənə:

  — Evdə qalan palazla yastığı da gətir, — dedi.

Bu palaz köhnə idi, onu anamın anası, yəni nənəm toxumuşdu və anam ərə gələndə onu cehiz gətirmişdi. Həmin bu palazın üstündə çox gözəl naxışlar və fiqurlar vardı. Özü də, anamın dediyinə görə, cımxa yun iplərdən hörülmüşdü. Evimizdə sonradan anamın dükandan aldığı başqa palazlar da vardı. Amma bunlar ölçücə köhnə palazdan böyük obalar da, süni idilər, özü də, anamın dediyinə görə, bir şeyə yarayan deyildilər və bir elə dəyərləri də yoxdu. Yerə səriləndə də həmin dükan palazları ölü kimi döşəməyə yapışırdılar, üstündə gəzəndə də onlardan elə bir xoş təəssürat almırdın. Amma toxunma palaz elə bil canlı idi, üstündə gəzəndə də adamın ayaqlarının altını xoş qıdıqlayırdı, ondan həm də elə bil bir hərarət, bir ilıqlıq duyurdun.

Daha nə götürəcəklərini yada salmağa çalışan valideynlərimizin bizə nə vaxt kuzova minmək göstərişi verəcəklərini gözləyirdik. İstəsək də kuzova özümüz minə bilməzdik, lazımdı ki, böyüklərdən kimsə bizə kömək eləsin. Nəhayət anam:

   — Hə, indi kuzova çıxa bilərsiniz, — dedi və atamla hər ikisi arxadan, yancaqlarımızdan
tutub bizi kuzova qaldırdılar.

Mən kuzovun döşəməsiylə, kürsülərə, vedrələrə, ləyənlərə, onların qapaqlarına ilişib danqıltı-dunqultu sala-sala birtəhər baş tərəfə, kabinənin arxasına — yorğan-döşəklərin, balışların qalandığı yerə çatdım. Balacalar da yıxıla-dura özlərini ora çatdırdılar. Bura isə rahatdı, istifadə eləmədiyimiz, anamın həmişə çarpayılardan birinə yığdığı və yük” dediyi, təmiz yundan düzəltdiyi döşəklər indi də bura qalaqlanmışdı. Bunlar təzə və dopdolu olduğundan adamı yupyumşaq olan içərisinə alır, yavaş-yavaş havası boşalmış şar kimi yapıxlaşır, amma yenə də başqa, istifadə olunmuş döşəklərdən xeyli qabarıq qalırdı. Bir azdan anam da bizim yanımıza qalxıb yaxınlığımızdakı döşək və balışların arasında özünə yer elədi. Atam yerdən:

  — Saat üçə az qalıb, çıxsaq yaxşıdır, — dedi.

  — Hə, yolçu yolda gərək, amma nə qədər yoldu burdan ora maşınla, neçə saatlıq? — anam ondan soruşdu.

  — Əlli kilometrdi təxminən Dod dağının ətəyinə, hardasa on saatlıq yoldu yüklü maşınla, həm dikə çıxacağıq, həm də qabaqda aşırımlı yollar var, — deyə atamın qaranlıqdan səsi gəldi. — Allah qoysa, günortaya orda olarıq.

Maşın tırıltı ilə işə düşdü, küçəyə çıxıb dayandı, atam yerə düşüb təzədən həyətə girdi, darvazanı arxadan bağlayıb alaqapıdan çıxdı, onun da ağzından yekə bir qara qıfıl asıb yeni-dən kabinəyə mindi. Maşın yola düşdü, amma yüklü olduğundan ağır-ağır gedirdi. Gecənin bu vaxtında istər-istəməz yuxuya çəkdiyindən, əvvəlcə biz uşaqlar bir az mürgülədik, amma bir azdan nədənsə elə bil hamımızın yuxusu qaçdı.

Anam heç yatmamışdı, nə isə fikirləşir, dodaqaltı bir mahnını zümzümə edirdi, tez-tez də başını qaldırıb ulduzlara baxırdı, oyandığımızı hiss eləyəndə:

— Hə, durdunuzmu? — dedi, — Baxın görün, nə gözəl gecədir — ulduz ulduzu çağırır.

Yuxarı baxanda mənə elə gəldi ki, sanki indiyə qədər heç vaxt göydə bu qədər ulduz görməmişəm və səma heç vaxt mənə indi olduğu kimi, bir yandan sirli və qorxulu, bir yandan isə bu sayaq cazibədar görünməyib. Ulduzların sayı o qədər çox idi ki, Yeni ili qarşılayanda «yolkanın» ətrafında yandırdığımız metal çubuqlardan çıxan qığılcımlar kimi bir-birinə qarış-mışdı. Maşınsa yavaş-yavaş irəliləyir, bizi yumşaq yorğan-döşəklərin üstündə yüngülcə yırğalayırdı.

     — Mama, deyirlər hərənin göydə bir ulduzu var, düzdür? — deyə bacım soruşdu.

     — Hə, elə deyirlər, yəni adam anadan olanda özüylə bərabər onun ulduzu da doğulur, öləndə isə yavaş-yavaş hərəkətləyərək göy üzünü tərk edir.

     — Görən onda mənim ulduzum hansıdır? — bacım yenə soruşdu.

     — Onu bilmək mümkün deyil, — deyə anam sakitcə və təmkinlə cavab versə də bacımın bu yersiz və mənasız sualı məni hövsələdən çıxardı və özüm anamdan soruşdum:

    — Bəs nəyə görə axı insanın göydə özü ilə bərabər ulduzu doğulur? Nədən ötrü?

    — Bir insan öləndə bu hadisəni bütün yer üzündə yaşayanlar bilsinlər deyə. Adam öləndə bu müsibəti ancaq onun yan-yörəsi, yaxınları hiss duyur. Amma bu dünyada yaşayan insanların hamısı göy üzünü görə bilirlər. Ulduzun göy üzünü tərk etməsiylə onlar da heç olmasa qısa bir müddətə kədərlənirlərsə, bu həmin ölən adamı yad etmək deməkdir,
ölənin ruhuna təskinlik, qohum-əqrəbasına isə təsəllidir.

Bu minvalla bir xeyli gedəndən sonra yolumuz hiss olunacaq dərəcədə öz əvvəlki düzxətliliyini itirdi və hiss elədik ki, yuxarı çıxmağa başladıq. Maşın da indi daha ağır və daha çətinliklə irəliləyirdi. Bizim qəsəbənin adamları həmin yerdən ta dağların ətəyinə qədər olan əraziyə elə «yuxarı» deyərdilər. Yəni biri o birindən soruşanda ki, mənzilin haradır, cavab alardı ki, yuxarı.

Hamımız yenə də gözümüzü göyə zilləyib ulduzları seyr eləyirdik, həmin gecə ay yox idi, harasa yoxa çıxmışdı. Anamın dediyinə görə o hərdənbir göy üzünü tərk edib gedirdi ki, sonra yenidən doğsun. Getdikcə ulduzların pərçim olduğu səmanın yerliyi qara rəngini yavaş-yavaş itirərək bozarmağa, ulduzlar da əvvəlki parlaqlığını itirərək daha solğun görünməyə başlamışdılar. Bir az da keçdi və səmada ulduzların sayı xeyli azaldı, indi onları topa-topa göyün müxtəlif guşələrində görmək mümkün idi. Bu vaxt diqqətimizi sanki səmada o biri ulduzlardan xeyli aşağıda, bizə qat-qat yaxında yerləşmiş, başqalarından böyük görünən bir ulduz cəlb etdi.

   — Bu nə ulduzdur və niyə o birilərdən həm böyükdür, həm də elə bil bizə daha yaxındır? — bu dəfə hamımız az qata birdən soruşduq.

Anam yüngülcə köksünü ötürüb belə cavab verdi:

   — Deyilənə görə bir gün ulduzlar, günəş və ay sözü bir yerə qoyub yer üzünü yandırıb-yaxmaq və adamların kökünü kəsmək qərarına gəlirlər. Amma bizləri sevən və halımıza acıyan bir ulduz bu qəsd haqqında insanlara xəbər vermək və onları bu bəladan qurtarmaq istəyir. O yerə yaxınlaşıb göydəkilərin bəd niyyətini insanlara çatdırır, insanlar da ya qaçıb mağaralara girir, ya da üstü bağlı kümələr tikib özlərinə heyvandan-davardan da götürüb gizlənir və bu yolla xilas olurlar. Amma göydəkilər kimin bu sui-qəsd niyyətini adamlara xəbər verdiyini öyrənir və həmin ulduzu göy səltənətindən qovurlar. Həmin ulduz da yenə sevdiyi insanlara yaxınlaşır və özünə bizlərə yaxın bir yer seçir. Rəhmətlik anam, Allah hamının ölənlərinə rəhmət eləsin, deyərdi ki, bu ulduzun adı Zöhrədi, amma biz ona el-oba içində Dan ulduzu deyirik, çünki o bütün ulduzlardan sonra sönür və səhər açılana qədər onu görmək olur.

  —  Bəs niyə günəş, ay və ulduzlar insanları cəzalandırmaq istəmişlər, mama? — yenə mən soruşdum,

   — Vallah, düzünü heç kim bilmir, hərə bir cür deyir; kimi deyir, guya o vaxtlar yer üzü əsil cənnətmiş,  bütün  insanlar varlı yaşayır, bir-birinə can deyib, can eşidir,  qurd quzuyla otlarmış, amma göy üzündə vəziyyət başqaymış, ulduzlar bir-biriylə, günəş, də ay ilə yarışır, bir-birini gözümçıxdıya salırlarmış. Həsəd, paxıllıq, gözügötürməməzlik göy üzünü başına götürübmüş, belə olanda yerdəki insanların firavan, dinc yaşayışı onların xoşuna gəlmir və buna son qoymaq üçün yer üzünü yaxıb-yandırmağa qərar verirlər. Amma Dan ulduzu köməyi ilə insanlar bu bəladan qurtarsalar da, paxıllıq, həsəd onların da içinə yol tapır və yer üzündə hamı üçün çətin, ağır və sınaqlı günlər başlayır.

Getdikcə göy üzü daha da bozarırdı, indi ulduzların çox az bir qismi lap sönük, zəif işıq salırdı, tək Dan ulduzu, rəngi solsa da, yenə aydın görünürdü. Yol getdikcə daha da dikləşir, maşın get-gedə daha ləng və hiss olunacaq çətinliklə yuxarıya dırmaşırdı. Sərin meh əsir, yuxarıya qalxdıqca hava daha da soyuyurdu və biz artıq hamımız üşüməyə başlamışdıq. Aranın cırhacırından və bürküsündən sonra bu adama çox qəribə gəlirdi. Dan yeri isə sökülməkdə davam edirdi və nəhayət ulduzlar hamısı, lap sonda da elə bil bizdən ayrılmaq istəməyən Dan ulduzu da söndü. Beləcə səhəri dirigözlü açdıq. Bir azdan lap işıqlaşdı, amma yuxarıda hava buludlu olduğundan günəş hələ görünmürdü.

Bir qədər sonra isə maşınımız da dayandı. Atam kabinədən düşüb bizə tərəf gəldi və kepka- sını qaldırıb başını yüngülcə qaşıdı:

   —  Daha düşün, — dedi, — saat ondur. Bir az burada dincələk, sərin sudan içək, təmiz hava alaq, sonra yolumuza davam edərik.

Hamımız kuzovdan aşağı düşdük, anam özü ilə vedrə və bir metal parç da götürdü, bizdən başqa da bir neçə yük maşmı da dayanmışdı və yerdə xeyli adam vardı. Atam:

   — Bura Ortakənddi, yəni indikiynən desək, Şaumyan, — dedi. — Bu adamlar da bizi kimi dağa çıxırlar.

   —  Papa, bura artıq dağdırmı? — deyə soruşdum və ətrafdakı bir-birinə calanmış kimi görünən yüksəklikləri göstərdim.

    -Yox, — dedi atam. — Bura dağətəyidir. Dağların özü isə hava buludlu olduğundan görünmürlər, gördüklərin sadəcə təpəliklərdir, eləcə sən indiyə qədər gördüklərindən böyük-dürlər, üstləri də meşəlikdir.

    — Bəs ağacları niyə belə balacadır?

    —  Balaca deyil, adi ağaclardır, uzaqdı deyə sənə elə görünürlər.

Anam bulağa yaxınlaşıb vedrəni su ilə doldurdu. Daha doğrusu bu yerdən qaynayan bulağın üstündə təxminən bir metr hündürlüyündə ucaldılmış beton divara bərkidilmiş kran idi. Anam sonra parçı doldurub bacıma verdi. Hamımız bir-bir sudan içdik, o buz kimi idi, adamın diş-damağını, boğazını dondururdu, bir də ki, elə bil həmişə içdiyimiz sudan bir az yumşaq, bir az da dadlı idi.

Bir qədər də o yan-bu yana gəzişib ətrafı seyr edəndən sonra yenidən maşına minib yola düşdük. İndi maşın daha da bərkdən zarıyır, diki elə bil addım-addım çıxırdı. Bir azdan maşın dayandı, atam kabinədən çıxıb ayaqlıqda dayandı və bizə dedi:

    — Qabaqda aşırımdır, kuzanın bortlarından bərk yapışın, həm də çalışın aşağıya çox baxmayın.

Sonra kabinəyə oturub qapını örtdü və maşın yenə hərəkətə gəldi. Birdən o elə bil yavaş-yavaş aşağı enməyə, yəni enişlə hərəkət etməyə başladı, sonra isə düzəldi və sürətini lap azaltdı. Yana baxanda gördük ki, maşının bir tərəfi boşluqdur, bir az da diqqət edəndə məlum oldu ki, az qala uçurumun kənarındayıq, yəni üstünə qalxdığımız, atamın təpəlik hesab elədiyi yüksəkliyin lap kənarı ilə hərəkət edirik. Qarşıda daha böyük yüksəkliklər vardı, belə görünürdü ki, yolumuz onlardan keçməli idi və maşın da yuxarıya indi birbaşa yox, burula-burula qalxmağa başlamışdı. Yük maşını sanki spiral üzrə hərəkət edirdi; o yavaş-yavaş irəliləyir, bir dövrəni başa vurub o birisinə keçirdi və demək olar ki, bu keçidin harada baş verdiyini anlamaq çox çətin idi. Atamın tövsiyə etdiyi kimi hamımız kuzovun bortlarından bərk-bərk yapışmışdıq və ətrafa baxmamağa çalışırdıq. Mən hərdənbir, başımı dala verib, xəlvətcə gözümü qorxunc boşluğa tərəf zilləyirdimsə də, çox az şey görür və tez-tez anam duymasın deyə yenə gözümü oradan çəkirdim. Nəhayət ki, aşırım bitdi və maşın yenə yola çıxaraq dikə qalxmağa başladı. Təxminən bir saat da yol getmişdik ki, eniş başladı və o da qurtarandan sonra yenidən yoxuşa dırmanmağa başladıq. Bir az getmiş maşın dayandı və atam kabinədən yerə atılaraq;

    —  Düşün aşağı, — dedi. — Bu yoxuşdan sonra camaatın dəyə qurub dincəldiyi yerə çatırıq.

Hamımız kuzovdan endik. Yolun  hər iki yanı çəmənlikdi  və  indiyə qədər heç yerdə görmə-diyim çiçəklərlə örtülmüşdü: onların bir qismi qırmızıya, bir qismi isə sarıya çalırdı. Anam onlardan bir neçəsini qoparıb qoxuladı və sonra da biz uşaqlara tərəf uzadaraq:

    — Görün nə gözəl ətri var, — dedi. — Bu qırmızı qantəpərdi, sarı isə kəkotudur.

Doğrudan da çiçəklər çox gözəl qoxuyurdular və mənə elə gəldi ki, bu qoxu bütün ətrafa yayılıb.

    —  Bunlardan çox gözəl çay dəmləmək olur — kəkotu ona gözəl qoxu, qantəpər isə qırmızılıq verir, — deyə anam bir daha bu çiçəklərə işarə etdi, sonra isə ətrafa baxaraq köksünü ötürdü. — Əvvəllər, qızlığımda biz bu yolu kəl arabası ilə gələrdik, bir neçə gün yol gedərdik, buralarda saxlayıb həmin bu çiçəklərdən qucaq-qucaq yığardıq. Onun ləzzəti başqaydı, — dedi və gözləri yol çəkdi.

    Bir az keçmiş atam dilləndi:

    — Hə, di minin gedək, daha çatmışıq.

Maşın bu diki də birtəhər zarıya-zarıya çıxdı və birdən-birə gözlərimiz qarşısında o qədər də gözləmədiyimiz və bəlkə də biz uşaqların təsəvvür edə bilmədiyi bir mənzərə canlandı: aşağı-da adamlar dəstə-dəstə o cür də kom-kom qurulmuş dəyələrin ətrafında gəzişməkdə idilər. Dikdən aşağıya enməyə başlayanda, anam arxaya dönüb, maşının yavaş-yavaş geridə burax-maqda olduğu yolu göstərib dedi:

    — Bu yola «Dədəm gəldi” yolu deyirlər. Dağda hamının, ən çox da uşaqların gözü bu yolda olardı. Orada əgər bir at, bir araba peyda olardısa, onu yaylağın hər tərəfindən görmək olardı, uşaqlar gözləyərdilər ki, gələn onların atasıdır, arvadlarsa gözləyərdilər ki, onların əridir.

Yavaş-yavaş aşağı enməyə başladıq. Maşın kiçik, suyu qurumuş, lap dibindən çox zəif bir axarı olan çaya endi və onun üstündən qoyulmuş körpüdən keçib yenə də yuxarı çıxmağa başladı. Çayda mən olduqca böyük, az qala ikimərtəbəli ev hündürlüyündə iki daş gördüm. Onların materialı yenə çox zaman çayların kənarında rast gəlinən və sanki sement məhluluna çınqılın doldurulması ilə düzələn daşları xatırladırdı. Mən onların görəndə çox heyrətləndim və anamdan soruşdum:

   — Heç bu böyüklükdə də daş olar? Bunlar buraya haradan gəlib düşüblər axı? Anam da diqqətlə daşları nəzərdən keçirdi və yüngülcə gülümsəyərək dedi:

   — Bəzi adamlar deyir ki, guya bunlar yuxarıdakı dağların, Murovun, ya Kəpəzin qayalıqlarından qopub buraya gəliblər. Bəziləri də deyirlər ki, nə vaxtsa, lap çoxdan, buraya göydən düşüblər.

Nəhayət maşın bu alçaq təpəni də dəf etdi: indi qarşımızda həmin bu yamacdan başlayıb bir tərəfdə yamyaşıl otla örtülmüş hündür dağa — hər halda bu mənim indiyə qədər gördüyüm ən uca yüksəklik idi — qalan üç tərəfdə isə həmin bu dağın tədricən keçdiyi daha alçaq dağlara və ya yüksək təpəliklərə gedib dirənən bir düzənlik dayanmışdı. Hissə-hissə cərgələnmiş dəyələr indi daha yaxından görünürdü. Dəyələrin ətrafında dayanmış maşınları və ora-bura vurnuxmaqda olan adamları da görmək mümkün idi. Başımı kuzovun qabaq bortunun üstündən salladım və atamla sürücünün danışığına qulaq verdim. Sürücü:

   — Hə,  birinci  şenlik At qoruğudur,  ən axırda Körpü gözü gəlir. Dağın dalında, lap yuxarıda isə Məmmədöləndir. Siz öz dəyənizi harada qurmaq istəyirsiniz? – deyə atamdan soruşdu.

    — Qonşularımız At qoruğu ilə Körpü gözünün arasına düşüblər, amma heç bilmirəm o şenliyin adı nədi, — deyə atam cavab verdi.

Sürücü yenə nəsə dedi, amma bu dəfə maşın bərk guruldadığından sözlərini eşidə bilmədim. Sürücünün dediyi birinci şenliyin yanından ötüb daha böyük görünən ikinci şenliyə hələ çatmamış bir qədər kənarda bir necə dəyə gördük və maşınımız da elə onlara tərəf yan aldı. Qəsəbədəki qonşularımız — Sara arvadgil artıq burada alaçıq qurmuşdular, indi də elə bayırda dayandıqlarından bizi dərhal gördülər və sevincək üstümüzə yüyürüb maşını boşaltmağımıza kömək elədilər. Bir az qonşularımızın dəyəsindən aralı, fizıllığın demək olar ki, lap yanında bizim üçün yer seçildi. Böyüklərdən bir neçəsi dörd küncdə bellə dayaz çuxur qazdılar, sonra isə özümüzlə gətirdiyimiz yoğun ağac budaqlarından kəsilmiş payaları onlarda basdırdılar. Daha sonra çadır torpağa sərildi və yavaş-yavaş payalara çəkilməyə başladı. Bu da bitəndən sonra əşyalarımızı artıq qurulmuş dəyənin içərisinə daşıdıq. Bir azdan bu da sona yetdi və indi başqaları kimi bizim də qurulu dəyəmiz vardı. Mən bir az o yan bu yana gəzişdim və atamı tapıb ondan hansı dağın ətəyinə düşdüyümüzü soruşdum. Atam dedi ki, bura «Dod daği» deyirlər, amma əslində bu da dağ yox, təpəlikdir. Hələ ki, bütün ailə üzvlərimiz bayırda idi və qonşularımızın qoyduğu masanın arxasında samovar çayı içirdilər. Mən bir az hərəkət eləyib ətrafa baxmağı qərara aldım və yavaş-yavaş bizim yanımızdan başlayıb getdikcə yüksələn və gedib Dod dağına bitişən təpəyə dırmaşmağa başladım. Getdikcə bizimkilərdən uzaqlaşdığımı hiss eləsəm də bu məni o qədər də qorxutmurdu və təpənin üstünə çıxandan sonra da bir xeyli yol getmişdim ki, birdən yaxınlıqda itlərin hürüşməsini eşidib dayandım. Bəli, doğrudan da çoban itləriydi, özü də çoxdular. Qabağa daha getməyəcəkdim, bu aydın idi, amma necə hərəkət etmək lazım olduğunu da bilmirdim və duruxub qalmışdım. Birdən-birə necə oldusa dabanıma tüpürüb geri götürüldüm. Dəyələrdən xeyli uzaqlaşmış və xeyli yuxarı çıxmışdım, yəqin daha qışqırsam da eşidən olmayacaqdı. Amma yenə əllərimi ağzıma tutub bağırdım:

    — Mama!..

Yox, bunun xeyri olmadı, mənə heç kim hay vermədi. Getdikcə daha bərk qaçmağa çalışırdım, buna görə də bir yandan təngnəfəs olur, bir yandan isə qorxudan zəhrim yarılırdı. İtlərin hələ özlərini görə bilməmişdim, amma get-gedə mənə daha da yaxınlaşdıqlarını hiss eləyirdim. Bir azdan isə hürüşlərini az qala lap qulağımın dibində eşitməyə başladım və itlərdən birinin ilıq nəfəsi yalın topuğumu yalayıb keçdi. Deyəsən daha heç nə kömək eləməyəcəkdi və itlərin məni parçalaması qaçılmaz idi. Bunu düşünəndə bədənim qorxudan uçunmağa başladı və qeyri-ixtiyari əlimi ağzıma tutub bir də qışqırdım:

    — Mama!.. Ay mama!..

Bilmirəm, necə oldusa, birdən-birə yaşıl otun üstündə ayağım sürüşdü və böyrü üstə yerə gəldim, bura isə üstü ilə qaçdığım təpəliyin lap qırağı idi və yıxılan kimi də oradan sürətlə aşağıya yuvarlanmağa başladım. Nə baş verdiyini başa düşə bilmirdim və yalnız gəlib yerdən qaynayan bulağın qabağında palçıqdan hörülmüş kiçik çuxura düşəndə bir az özümə gəldim. Bir neçə qız — onların hər biri məndən beş-altı yaş böyük olardı — bulaqdan vedrələrə su doldururdu və az qala gəlib göydən düşən oğlanı onlardan biri dartıb çuxurdan çıxardı. Sonra o birilər də bir az üst-başımı çırpıb təmizlədilər və mehriban-mehriban gülümsəyib dedilər ki, dağda qaçanda bir az gərək ayağının altına yaxşı baxasan ki, yıxılmayasan. Amma qızlardan biri onlarla razılaşmayıb dedi ki, dağa gəldin yıxılmadın, heç ləzzəti olmaz. Düzü qızları görəndən sonra elə bil hər şey yadımdan çıxdı, indi heç onların yanından getmək istəmirdim, xüsusilə də məni çuxurdan çıxaran qız mənə çox mehriban görünürdü.

Gəlib təzə qurulmuş dəyəmizə çatanda hamını bayırda, masa arxasında oturub yemək yeyən gördüm. Mənim bir müddətdən bəri burada olmadığımı elə bil kimsə duymamışdı. Sadəcə bir kənarda mənə yer göstərdilər və qabağıma da bir boşqabda təzə kəsilmiş olduğu cəmisi bir neçə metr aralıdakı, üstü torpaqlansa da, qanlı izi qalan içalat yığnağından bəlli olan qoyunun ürək və ciyər tikələrindən qoydular. Onları hələ də isti və olduqca dadlı olduqlarından tez aşır-dım, bir az da masanın arxasında oturmaqda davam edən böyüklərin söhbətinə qulaq asıb və bir stəkan da çay içib yenidən kəşfiyyat aparmaq üçün ətrafı gəzməyə yollandım. Yolda təsadüfən Sara arvadın oğlu, məndən beş-altı yaş böyük olan İmranla rastlaşdım. İmran məni görəndə sevindi və onunla bir yerdə ətrafda gəzişməyi təklif etdi. Beləcə axşam düşənə kimi onunla gəzib dağları seyr elədik.

Mən həmişə özümdən yaşca böyük olanlarla təmasa can atar, onlardan hələ yaşıma uyğun olmayan çox şeyləri öyrənməyə çalışardım. Şübhəsiz ki, bunlar mənə ən çox tay-tuşlarımla söhbətlərimdə yarayırdı və onlara nisbətdə nə qədər çox şeydən xəbərdar olduğumu nümayiş elətdirmək mənə olmazın zövq verərdi, eyni zamanda bundan yana bəzi qüsur və çatışmamazlıqlarımı daha asanlıqla ört-basdır eləyə bilir və söhbəti istədiyim tərəfə yönəldir-dim.

Geri dönəndə artıq anam, atam və uşaqlar dəyənin içindəydilər. Anam iki dəmir çarpayını bir küncə qoyub qarşısına pərdə çəkmiş, biz uşaqlar üçün isə oradan bir neçə addım aralıda döşəmənin üstündə yer salmışdı. Artıq yorğan-döşəyi, balış, yastıq, yorğanüzü və döşəkağılarını arandakı evimizdə olduğu kimi başqa bir küncə yığmışdı. Bir küncdə yenə pərdə ilə çimmək yeri ayrılmış, başqa bir küncdə isə mətbəx masası və kürsülər qoyulmuşdu. Ayaqyolunu isə bayırda idi; onu qonşularımız qabaqcadan, sivrilib-yonulmamış yarımdəyirmi taxtalardan düzəltmişdilər və bizim də ondan istifadə etməyimizə razılıqlarını bildirmişdilər. Dəyənin lap ortasında isə bir odun sobası quraşdırılmışdı ki, onun yaxınlığında da yenə bir masa və bir neçə kürsü qoyulmuşdu. Həm mətbəxi əvəz eləyən küncdə, həm də dəyənin ortasında qoyulmuş masaların üzərində kerosin lampası da dururdu. Arandan gətirdiyimiz palaz-kilimin bir qismini anam yerə sərmiş, bir neçəsini isə çadırdan asmışdı. Bütün bunları mən burada olmadığım müddətdə, yəni İmranla ətrafda veyillənəndə, amma yenə yəqin ki, qonşularımızın köməyi ilə quraşdırmışdılar. Artıq bütün ailəmiz masanın dalında oturmuşdu və içəri girdiyimi görəndə məni tez süfrə başına səslədilər. Masanın üzərində lampa yanırdı, azacıq hiss və yanmış kerosin qoxusu ətrafı bürüsə də, bu o qədər də parlaq olmayan lampa işığının sanki bir ilıqlıq gətirdiyini və bizi bir-birimizə daha mehriban elədiyini duydum. Anam çırta-çırtla yanan odun sobasına yaxınlaşdı və onun üstündəki qazanlardan birini əlindəki əski ilə tutub masaya gətirdi, sonra isə iri çömçəyə əvvəlcə atama, ardınca da biz uşaqlara şorba çəkdi. Bu əslində şorba yox, bizim «qaşıqxəngəli» dediyimiz sulu yemək idi. Anam onu bişirməzdən əvvəl xəmir yoğurur, sonra onu tabağın üzərində nazikcə yayıb, bı-çaqla barmaq yoğunluğunda doğrayır, axırda da bu zolaqları çoxlu kvadratlara bölürdü. Bir-iki sümüklü tikə içinə atılanda da qaşıqxəngəli daha da dadlı olurdu. Səssiz-səmirsiz masanın arxasında oturmuşduq, başımızı sallayıb, yavaş-yavaş qaşıqxəngəlidən yeyirdik ki, birdən atam üzünü anama tütüb soruşdu:

   — Sürfüllü də bişiribsənmi?

Bu atamın ən sevdiyi yeməkdi: ümumiyyətlə, o ən çox xəmir xörəklərini xoşlayardı. Ələlxü-sus da sürfüllünü, atamgildə, özünün dediyinə görə, xəmir yeməklərə məhəbbət irsi idi və uzun müddət ondan yeməyəndə mədəsi ağrıyardı. Anam:

   —  Bişirmişəm, — dedi və yerindən qalxıb sobanın üstündəki böyük qazanı və orada yerə qoyduğu kiçik qazanı da masaya gətirdi.

Böyük qazandakı sürfüllü idi, kiçikdəki isə ərinmiş kəfə yağı. Sonra indi mətbəxi əvəz edəcək küncə keçib birlitrlik şüşə balonda qatıq və bir baş da sarımsaq gətirdi. Kiçik bir metal qabı masanın üstünə qoyub elə onun içindəcə rəngi bir az qaralmış taxta sarımsaqdöyənlə tək bir sarımsağı əzdi, sonra qatığı oraya töküb qarışdırdı. Sürfüllü qazanının ağzını açıb hərəmizə bir az qoydu, sonra da:

  —  Hə, indi də kim nə qədər istəyir, sarımsaqdan, yağdan töksün, — dedi.

Boşqabımızda buğlanan sürfüllünün üstünə əvvəlcə sarımsaq, onun da üstündən əridilmiş yäğ tökdük, sonra da ləzzətlə yeməyə başladıq. Xəmir xörəklərinə artıq biz də alışmışdıq; anam hərdənbir xəngəl də bişirərdi və dediyinə görə bunu ata evindən bilirdi, amma qaşıqxəngəli ilə sürfüllünü necə bişirməyi qaynanasından öyrənmişdi. Sürfüllü bizim evdə tez-tez bişirilərdi və əgər nə vaxtsa anam atamdan soruşsaydı ki, yeməyə nə bişirim, hökmən cavab alardı ki, sürfüllü. Buna görə də anam ondan nə bişirməyi heç soruşmazdı da, sadəcə imkan olanda sürfüllü bişirərdi. Atam bəzən anamın üst-başı unlu mətbəxdə əlləşməsindən sürfüllü bişirəcəyini duyanda ondan yeməyi bol eləməsini xahiş eləyər və bizdən o qədər də uzaqda yaşamayan qəsəbədəki qohumlarını, adətən şama dəvət eləyərdi. Onun qohumları üçün bu az qala bayrama çevrilərdi; bir qara dəstə adam yığışıb gələr, kürsü çatışmadığından köhnə qaydada yerdən oturar, çəngəl azlığından onun əvəzinə qarğını iki tərəfli yonub haça qarmaq kimi bir şey düzəldərdilər. Bu sürfüllü mərasimi saatlarla, gecədən xeyli keçənə qədər davam eləyərdi və nəhayət qonaqların yavaş-yavaş dağılışması ilə başa çatardı. Bir dəfə anamın kənddən qəsəbəyə iş dalınca gəlmiş qohumlarından biri qısa müddətə bizə dəyməyə gələndə sürfüllü məclisinin başlanmasının şahidi olmuş və bu qədər adamın yığışıb səbirsizliklə gözlədiyi, özünün ömründə adını belə eşitmədiyi bu bişmişin nə bişmiş olduğunu bilmək üçün ləngiyib, kəndə gec qayıtmağa qərar vermişdi. Nəhayət ki, sürfüllü ortaya gələndə onun necə acgözlüklə az qala yeməyə tərəf atıldığını hamı ilə bərabər mən də gördüm. O, qarğı qarmağın haçasını tez bir sürfüllüyə batırıb isti-isti, yandıra-yandıra ağzına dürtdü, tez-tələsik çeynəyib uddu, amma yeyəndən sonra da bunun nə olduğunu deyəsən anlaya bilmədiyindən, müəmmalı — müəmmalı başını  buladı və  bir tikə də götürüb yedi. Bundan sonra isə üzünü camaata tərəf tutub, daha  dərin təəccüb və narahatlıqla:

   — Əşi, bu ki, xamırdı?! – deyə qışqırdı.

Məclis əhli yer-yerdən pıqqıldaşdı, sonra bəziləri ona sürfüllünün bir sıra məziyyətlərini nə qədər başa salmağa çalışdılarsa da, bu adamı daha saxlaya bilmədilər və bir azdan o hamı ilə sağollaşıb getdi.

Bu hadisəni biz öz evimizdə tez-tez xatırlayar və qohumumuzun başına gələni yadimıza   sa-lıb gülərdik. Həmin bu “sürfüllü” dediyimiz, ölkənin çox yerində məlum olmayan xörəyi bişirmək üçün anam yaydığı xəmiri bir yarpaq ölçüsündə doğrayıb barmağı ilə onu burub eşirdi və nəticədə elə hərəsinin eni-uzunu barmaq ölçüsündə olan, gavalı formalı xırda xəmir parçaları alınırdı ki, bunlar da birbaşa qaynamaq üçün qazana atılırdı. Beləcə, həmin qohumumuz kimi bu xəmir parçalarının içində nə isə tapmaq istəyənin əlinin boşa çıxacağı da qaçılmaz idi. Sürfüllünün suyunu da bir az yağdan, sarımsaqdan qatıb içərdilər və adına da “həlim” deyərdilər.

Dəyədə artıq biz uşaqların da sevimli yeməyinə çevrilmiş olan sürfüllünü yeyib qurtarandan sonra bir müddət yenə sakitcə oturduq. Anam həmişəki kimi yadımıza saldı ki, xəmir yeməyindən sonra bir saat heç nə içmək olmaz. Bir az ordan-burdan danışdıq, sonra atam anama müraciətlə dedi ki, sabah gedir, bir də bir həftədən sonra qayıdacaq, nə gətirmək lazımdısa, desin. Anam bir az həyətdən-bacadan danışdı, bağ-bağçanı sulamağı unutmamağı tapşırdı və sonra də bəzi şeylər ismarladı.

Yerimizə girəndə üşüdük, yorğam başımıza çəkib şirin-şirin yatdıq. Səhər biz uşaqlar yerimizdən qalxanda atamızın artıq getmiş olduğunu gördük. Bu dağda qarşıladığımız ilk səhər idi. Mən səhər yeməyini yeyib dəyədən çıxdım, mənimlə bərabər gəlmək istəyən balacaları isə özümlə götürmədim.

Bir az ətrafı dolaşmışdım ki, yenə İmrana rastladım. O məni görəndə yenə də sevindi və tez xəbər aldı:

— Mənimlə Körpü gözünə getmək istəyirsənmi?

Mən heç onun orada nə iş görmək istədiyini soruşmadan tez-tələsik razılığımı bildirdim:

   — Gedək, mən hazır.

   — Amma anangilə bəlkə deyəsən, ola bilsin gec qayıtdıq.

   — Yox, əşi, bir şey olmaz, deməsəm də olar.

İmranla bərabər yavaş-yavaş bizim şenlikdən aralanıb «Körpü gözü» deyilən şenliyə tərəf yollandıq. Getdikcə yuxan qalxırdıq və həmin Körpü gözünə qədər arada hələ bir necə də şenlik keçdik ki, İmran da yanlarından ötdükcə bunların hamısının adını bir-bir mənə dedi.  Körpü gözü qalxdığımız tərəfdən sonuncu şenlik idi və düz Dod dağına dirənirdi. Nəhayət gəlib Körpü gözünə çatdıq, amma dəyələrin yanından ötüb, bir az da yol getdik. Bir az da üzü yuxarı dırmaşıb, İmranın göstərişiylə dayandıq. Gün çıxmışdı və o, arandakı kimi  çox da hərarətli olmasa da, yenə də adamın sifətini yandırırdı. İmran da əlini gözünə tutub günəşə tərəf boylandı.

   — Görürsən, dağın günəşi də adamı incidir.

Mən Imrandan bura niyə gəldiyimizi və niyə burada dayandığımızı soruşmaq istəyirdim ki, birdən-birə yan-yörəmizdəki kolluqlardan birindən cikkildəyə-cikkildəyə qalxan kiçik bilibit-dan quşu diqqətimi özünə çəkdi, amma binəva çox uzağa gedə bilmədi. Az qala başımızın üstü ilə uçanda qəfildən haradansa peyda olan qırğı ildırım sürətiylə ona şığıdı, qanadlarını gərərək göy üzündə bir müddət dayandı və caynaqlarını quşcuğaza keçirdi. Bilibitdan onun iti və amansız caynaqlarında pırıldayaraq onlardan qurtulmağa çalışdı və bir neçə dəfə qəmgin və şikayətli səslər çıxararaq çırpındı. Qırğı bir-iki dəfə də qanad çalıb havada öz müvazinətini saxladı və elə bil caynaqlarmı yazıq-yazıq civildəyən bilibitdanı cılız bədəninə daha da möhkəm batırdı, daha sonra şikarı ilə birlikdə sürətlə bizdən əks istiqamətə uçdu və yəqin ki, haradasa, dayandığımız yerdən bir az aralıda quşcuğazın işini tam bitirmək üçün bir yerə qondu. Bu səhnənin təsirindən və bilibitdana qarşı duyduğum rəhm hissindən hələ qurtarma-mışdım ki, gözləmədiyim halda İmran əsəbi şəkildə köynəyimdən tutub məni yan tərəfə dartmağa, hətta az qala sürütləməyə başladı. Mən onun bu qəfil hərəkətindən bir şey başa düşmədim və bununla öz narazılığımı bildirmək istəyirdim ki, birdən İmranın arxasında bir dəstə qızın bizdən bir az aralı keçib bulağa endiklərini gördüm.

    — Hə, nə olub? — deyə hər halda ona məni dartışdırmağından o qədər də məmnun olmadığımı bildirmək istədim.

Bəlkə də İmran mənim tay-tuşum olsaydı, bir az başqa cür, daha ehtiyatlı davranar və hər dəqiqə baş verə biləcək döyüşə hazır olmağa çalışardım. Amma o məndən böyük idi, düzdü, acıqlansa məni döyə bilərdi, amma bunu hər saat etməyəcəyinə, etsə də sonra hərəkətindən utanacağına əmin olduğumdan özümü onunla həmyaşıdlarımdan daha ürəkli apara bilər və ondan bəzi şeylərin hesabmı daha asan soruşa bilərdim. Fəqət bu dəfə baxanda gördüm ki, İmranda heç sifət deyilən şey qalmayıb, üzü ağappaq ağarıb kağıza dönüb. Sonra istər-istəməz bir də dönüb səs-küylə, deyə-gülə bulağa enməkdə davam edən qızlara baxdım və barmağımı dişlədim; yoxsa qızlardan biriydimi İmranı bu kökə salan? Hər halda işin içində iş varıydı. Bulağa gedən yol, söylədiyim kimi, dayandığımız yerdən bir az aralı keçirdi, təpədən oraya enmək rahat olsun deyə pillə-pillə qazılıb yol salınmışdı. Qızlar qablarını — kimisi vedrə, kimi-si bidon, kimisi çaydan götürmüşdü — doldurub qayıdıncaya qədər İmranın nə duruşu, nə sifəti dəyişmədi, onların səsi uzaqlaşandan bir qədər sonra axır ki,  dilləndi:

    — Nə oldu, getdilərmi?

    — Hə, getdilər.

Yalnız mənim bu cavabımdan sonra o qızların keçib getdiyi tərəfə çevrildi və dərindən köks ötürüb ağır-ağır dedi:

     — Zalım qızı məni görəndə elə bil cin-şeytan görür də…

Sonra başladı öz dərdini danışmağa:

     — Bu qızı üç ildi istəyirəm, bu il onların da ailəsi dağa gəlib, Körpü gözünə düşüblər. Amma elə hey dodağını büzür. Guya məndən yaxşısını tapacaq.

Onun dedikləri  mənə çox sirin,  maraqlı gəlir və nədənsə  məni  bir qədər də  həyəcanlandırdı:

    — Imran, o qız axı sənə necə yaxın gələ bilər, bəs atası, qardaşı, qohum-əqrəbası nə deyər — qızı birtəhər eləyərlər. Bəlkə o da səni istəyir, amma bunu bildirməyə qorxur, — deyə məhəbbətin çətinlikləri haqqında ordan-burdan eşitdiklərimi ona danışdım.

Imran yenə bir neçə dəfə dalbadal dərindən köks ötürdü və mənə bir az yanpörtü baxıb dedi:

   —  Bura bax, onu evdə saxlayıb turşuya basmayacaqlar ki, bir qız bir oğlanındır, heç kim bunu qadağan eləyə bilməz. Allahın əmri, peyğəmbərin buyruğudur, Quranda belə yazılıb. Sən uşaqsan, belə şeyləri başa düşməzsən.

    — Sən bunu özün Quranda oxuyubsan?

    — Yox, rəhmətlik babam belə deyərdi, o Qurandan çox şeylər əzbər bilərdi.

Sonra ikimiz də göy çəmənliyə oturduq, Imran torpağa dirsəklənib və başmı sağ əlinə dayayıb bir az fikrə getdi, sonra birdən məndən soruşdu:

     — Bəlkə dağa çıxaq, Dod dağının başına, heç olubsan orda?

     — Yox, olmamışam…

     — Onda vaxtı heç itirməyək, çıxaq dağın başına, sonra da enərik. Amma bu tərəfdən çox dikdi, Məmmədölən tərəfdən gərək qalxaq.

Dod Dağının ətəyiylə xeyli getdik, bir tərəfindən o biri tərəfinə keçdik, Məmmədölənə gəldik. Bura o biri şenliklərə nisbətən daha yuxarıda yerləşmişdi və lap aşağısından da qıraqları daşlı-qayalı çay axırdı. Imranın söylədiyindən də belə məlum olurdu ki, buralar əsasən qoyun sürü-ləri otaran çobanların oylağıdı. Sonra yavaş-yavaş üzü yuxarı, dağa dırmanmağa başladıq. Bütün yamac da başdan-başa kəsik-kəsik, irili-xırdalı daşlarla örtülmüşdü. Nə qədər pəncələ-rimizi ehtiyatla yerə basmağa çalışsaq da, demək olar ki, hər dəfə ayağımızın altından bir daş çıxıb aşağıya yuvarlanırdı. Mən tez-tez dönüb arxaya baxır, qopub yuvarlanan daşların uçuş xəttini izləməyə çalışırdım. Daşlar isə bir qayda olaraq sürətlə aşağıya dığırlanır, tez-tez dikin torpağına dəyərək, hər dəfə bir neçə metr hündürlüyündə yuxarıya qalxır, lap axırda isə çayın sahilinə yaxın bir yerdən bir də göyə sıçrayır və şappıltı ilə suya düşürdülər.

    — Bu çox təhlükəlidir, — dedi İmran. — Keçən il uşaqlarla dağa çıxanda ayağımızın altından çıxan daş bir qoyunu tutdu, düz başından, o saat kəlləsini parçalamışdı.

Dağa dırmanmağa davam edirdik, getdikcə həm budlarımda, həm baldırlarımda ağrı hiss eləyirdim və yuxarıya doğru hərəkətim çətinləşirdi. Bir azdan axır ki, dağın lap başına çıxdıq. Daşın başı çox genişlik idi, burada bir neçə futbol meydançası rahat yerləşə bilərdi. Bəzi keçəlləmiş yerlərini nəzərə almasaq, başı da yamacları kimi bütünlüklə yamyaşıl otla örtülmüşdü. Məni ən çox təəccübləndirən də «Dədəm gəldi» yolundan yaylağa doğru gələndə çayın yatağında gördüyüm iri, ikimərtəbəli ev böyüklüyündə olan daşlardan bir neçəsinin də burada olması idi. Bu daşlar bir-birindən xeyli aralı idilər və mənim istəyimlə onların hamısına bir-bir yaxınlaşdıq.

Mən sonra o yana bu yana qaçmağa, yerdəki xırda daşlardan götürüb gücüm gəldikcə uzaqlara atmağa başladım. İmran isə sakitcə bir tərəfdə dayanıb mənim hərəkətlərimi izləyirdi, amma birdən-birə təlaşla ardımca qışqırdı:

   — Dayan bir, deyəsən duman gəlir.

Gəlib İmranın yanına çatanda, o mənə qarşı tərəfi göstərdi:

   —  Bax, görürsən Kəpəzin alt tərəfini, duman ordan başlayıb biz tərəfə gəlir, bir azdan ola bilsin ki, Dod dağını da bürüyəcək.

Kəpəz

Kəpəzə baxdım, birinci dəfəydi ki, onu belə yaxından və demək olar ki, bütövlükdə görürdüm; yarısından yuxarısı ancaq görünürdü, qalan hissəsi işə dalğa-dalğa axan dumana bürünmüşdü və onun bizə doğru hərəkət etdiyini anlamaq da o qədər çətin deyildi. İmran:

    — Gəl o biri yandan enək, — dedi. — Körpü gözü tərəfdən, ordan daha yaxındı.

Amma bir neçə dəqiqə dağın başıyla getmişdik ki, duman bizi yaxaladı, bu birdən-birə və elə sürətlə baş verdi ki, onun bizə necə gəlib çatdığını və ətrafı necə bürüdüyünü heç sezmədik də, birdən-birə sadəcə hər tərəfin dumana qərq olduğunu gördük. Deyəsən, təkcə mən yox, İmran də çaşıb qalmışdı. Mənim əslində azmaq-filan o qədər də vecimə deyildi, çünki İmranın mənim də əvəzimə fikirləşdiyini bilirdim. Bir xeyli getdik, istədiyimiz istiqamətdə getdiyimi-zə və bir azdan Körpü gözü tərəfdən dağın yamacıyla aşağı enməyə başlayacağımıza heç birimiz şübhə eləmirdik. Amma dağ başının bitib yamacın başlandığı yer gəlib çatmırdı ki, çatmırdı. Duman birdən seyrəldi və dağın yuxarısı aydın görünməyə başladı, amma mənim nəzərim birdən Kəpəzin indi qarşımızda yox, az qala arxamızda göründüyünə sataşdı.

   —  Bura bax, İmran, — deyə onun böyrünü dümsüklədim. — Axı bayaqdan elə bil Kəpəz qabağımızda görünürdü.

İmran dönüb arxaya baxdı və daha da qayğılandı:

   —  Doğrudu! Kəpəz əslində həmişə qarşımızda olmalıdı. Deməli, tamam əks istiqamətdə getmişik. Geriyə dönməyimiz lazımdır.

Yavaş-yavaş Kəpəzi səmt tutub, geriyə dönməyə başladıq. Amma bir azdan duman yenə də qatılaşdı və indi nəinki Kəpəzi, heç bəzən cəmisi bir addımlıqda bir-birimizi də görə bilmirdik. Bir az da getmişdik ki, duman bir də seyrəldi və Kəpəz yenidən, bu dəfə sağımızda göründü. İmran bu dəfə də səhv getdiyimizi deyib, istiqamətimizi düzəltməyə çalışdı və yenə də xeyli getmişdik ki, xorla hürən, özlərini isə görə bilmədiyimiz itlərə rastladıq. İstiqamətimizi bir az dəyişməyə məcbur olduq, İmranın hesablamalarıyla onu sonra bir də düzəltdik, duman yenə seyrəldi və bu dəfə Kəpəzi doğrudan da qarşımızda gördük. Bizi Körpü gözünə çıxaracaq yola enməyə başlamışdıq ki, Imran məni saxlayıb dedi ki, indi də Dod dağının arxasına aparan yolla gedirik. Yenə geri qayıtdıq. Duman da seyrəlir, gah sıxlaşırdı, Kəpəz isə gah sağda, gah solda, gah arxada, gah qabaqda görünürdü. Beləcə girinc olmuşduq və vurnuxa-vurnuxa qalmışdıq. Axır ki, duman tam çəkildi və bir azdan Kəpəz də, Murov da bütövlükdə göründülər.

Nəhayət bizə lazım olan istiqaməti tapıb, Körpü gözü tərəfdən aşağıya enməyə başladıq, indi istəsən də yavaş-yavaş getmək mümkün deyildi. Ikimiz də möhkəm yellənmişdik və məcbur yüyürürdük. Mən bir-iki dəfə özümü saxlaya bilməyib yerə dəydim, amma birtəhər özümə güc gəlib ağrını İmranın yanında büruzə vermədim.

Dəyələrimiz qurulan yerə gəlib çatanda anamı, bacımı və qardaşımı Sara arvadla bərabər çöldəki masa arxasında oturan gördüm. Anam məni görüncə ayağa qalxdı.

    — A balam, bəs haradasan, uşaqların hamsını çimizdirmişəm, bir sən qalıbsan.

Düzü çimməyi o qədər də sevməzdim. Anam hər dəfə məni saatlarla dilə tutar, birtəhər çimməyə razı salardı. Əvvəllər, mən hələ lap kiçik olanda, hər həftə bütün ailəmizlə birgə qəsəbə hamamına gedərdik. Atam hamam müdiri ilə dost idi və biz orada pulsuz çimərdik. Hamamın su axarının sarı zolaq saldığı ağ boyaq çəkilmiş dəmir vannaları vardı, duş kranlarının isə çoxusu sınmışdı və su müxtəlif hündürlüklərdən axırdı. Sonra necə oldusa, anamdan eşitdiyimə görə, atamla hamam müdirini arası dəydi və biz daha oraya çimməyə getmədik. Sonrakı vaxtlarda anam bizi evdə çimizdirərdi. Qabaqcadan qaz plitəsinin üstünə metal vedrədə su qoyar, sonra isə hamımızı böyük dəmir ləyəndə bir-bir yuyardı. Bu gün də çimmək adını eşidəndə o qədər sevinməmişdim, amma anama qulaq asmaqdan başqa çarəm yoxuydu. Anam dəyənin içində pərdə çəkdiyi yerə iki vedrə gətirdi, biri isti, o birisə soyuq suyla doluydu. Soyunandan sonra anamın dediyi kimi ayaqlarımı, balaca dəmir vannanın içinə qoydum.

Amma istitəhər su başımdan tökülməyə başlayanda, bunun nəsə bir az başqa cür su olduğunu anladım. Anam məni çimizdirə-çimizdirə dedi ki, buna bir az qantəpərlə kəkotu qarışdırıb, bu uşaqların sağlamlığına və tez böyüməyinə kömək edir. Doğrudan da diqqət eləyəndə suyun bir az qırmızı rəngə çaldığını gördüm, özü də doğrusu heç vaxt olmadığı qədər bu dəfəki çimməkdən ləzzət duydum. Çiməndən sonra da anam mənə kəkotulu samovar çayı gətirdi, daha çölə çıxmayıb, elə dəyənin içindəcə onu içirdim ki, İmran gəldi.

— Hə, qəhrəman, necəsən, özünə gəldinmi? — Başımla onu salamladım və çayımı içməkdə davam elədim.

—  Sabah vannalara getmək istəyirsən? Qonşu şenlikdən iki nəfər də bizimlə gələcək — yevlaxlıdılar, yaxşı  uşaqlardı. Gəlmək istəsən, gərək özünlə məhrəba, bir də  sabun götürərsən, amma bu dəfə hökmən anana de, sabah altıda gəlib çağıracam.

İmran bunları deyib getdi. Onu da deyim ki, yevlaxlılar da indi yaylaqda çox idilər. Bizim qəsəbədə deyərdilər ki, Yevlaxda yayda bizdəkindən də isti olur və ilin isti vaxtı, yaxşısı budur heç oraya getməyəsən. Yevlaxda qaraçılar da yaşayırdılar və onlar hərdənbir bizim tərəflərə fala baxmağa, bəxt açmağa gəlirdilər. Güllü tuman geyinmiş arvadlar, qızlar, bir də gördün, dəstəylə qəsəbəmizin ortasında peyda olurdular. Bəxt açdırmaq, gələcək ərinin adını bilmək istəyənlər isə bizim qızların içərisində nə qədər desən varıydı.

Anam İmranla getməyimə bir söz demədi, sadəcə bir az ehtiyatlı olmağı, təhlükəli yerlərə çox baş vurmamağı tapşırdı.

—    Bəlkə balacaları da özünlə götürəsən? — deyə anam, artıq yuxuya getmiş olan bacımla qardaşımın yanında uzanıb yatmağa hazırlaşanda, birdən nəyisə xatırlamış kimi məndən so- ruşdu.

—    Məncə lazım deyil, yıxılıb eləyərlər, — deyə könülsüz cavab verdim.

İmran səhər saat altıda məni çağırdı, anamın dünəndən hazırladığı və bir kağız parçasına büküb kənara qoyduğu məhrəbanı, sabunu və dəyişək alt paltarmı qoltuğuma vurub çıxdım. O biri uşaqlar təxminən İmran yaşdaydılar və mənə, yəqin ki, onlardan bu qədər kiçik olduğum üçün, bir az istehzayla baxdılar.

Günəş üfüqdən, daha doğrusu ətrafdakı təpəliklərdən birinin arxasından yenicə qalxmışdı və biz dördümüz də, İmran qabaqda, mən arxada olmaqla, məhrəbalarımızı çiynimizə sallayıb aşağıdan Dod dağının ətəyindəki meşəyə tərəf uzanan cığırla qonşumun «vannalar» dediyi, hələ görmədiyim yerə üz tutmuşduq,

Bir azdan meşəyə çatdıq, o da yamacda yerləşdiyindən bir az maili idi. Meşənin içi ilə bir xeyli getmişdik ki, su şırıltısı eşitdik və gəlib ensiz bır çaya çatdıq, bu çayı tutub bir az da getdik və birdən-birə daşlı — qayalı bir yerə çıxdıq. Ən birinci diqqət elədiyim içərisindən axar suyun keçib çaya töküldüyü dolu çuxur oldu, onun eni təxminən bir, uzunu iki metr olardı. Başa düşdüm ki, İmran «vanna» buna deyirmiş. Mənimlə gələnlər, İmran qarışıq, heç bir izahat vermədən soyunub tək bir tumanda qaldılar və məhrəbalarmı götürüb vannaya düşdülər — böyür tərəf qayaydı və özümüz də daş ya qaya olduğu bilinməyən bir şeyin üzərində dayanmışdıq. Həmin bu vannaya düşmək üçün gərək ayağını ehtiyatla bu daş-qayanın üzərində haradansa açılmış nazik şırımın üstünə qoyub yavaş-yavaş aşağı düşəydin. Mən qorxa-qorxa da olsa böyüklər kimi eləmək məcburyyətində qaldım və yavaşca vannaya düşdüm. Su soyuqdu, amma birtəhər dilimi dişimə tutub dözdüm və kənara çıxmadım. Girdiyimiz vannanın bir başı gedib başqa vannaya dirənirdi. O biri bundan ölçücə bir az fərqli olsa da, bunun kimi hamar divarları vardı. Bir vannadan o birinə keçdik, bu vannadan da başqa birinə. Hər vanna bir başqasına gedib dirənirdi, beləcə bir növ vannalar silsiləsi vardı burada. Və nəhayət bu silsilənin lap başında bir şəlalə olduğunu da gördüm. Şəlalənin hündürlüyü haradasa beş metr olardı və ondan gələn su bir az daşlı-torpaqlı arxla irəliləyərək birinci vannaya daxil olur, oradan da bir-bir digər vannalara axıb gedirdi. Vannalar bitişikdi, amma hər növbəti gələn əvvəlkindən bir az aşağıdaydı və su o birindən keçib bir az yuxarıdan buna tökülürdü, bundan isə aşağıdakı vannaya axırdı. Hesabladığıma görə isə bütün vannaların sayı on dörddü. Ölçüləri bir-birindən fərqli olsa da, hamısı sanki betondan tökülmüşdü, içləri olduqca düz, kənarlarıysa düzgün ölçülüydü. Su bir az soyuq da olsa, mən də böyüklər kimi əvvəlcə suyu ayaqlarıma, qollarıma, sinəmə sürtdüm, sonra isə vannanın içərisinə uzandım. Əvvəlcə, üzə vurmasam da, soyuqdan az qala bütün bədənim qıc olmuşdu, amma bir az keçmiş o yavaş-yavaş isinməyə başladı və getdikcə saf dağ suyunun yaratdığı xoş gizilti bütün bədənimi bürüdü. Yaxınlıqdakı vannalardan biri o birindən təxminən iki metr hündürlükdə yerləşmişdi. İmran və onunla gələnlər tez-tez bu kiçik şəlalənin altına girir və xeyli müddət orada qalırdılar. Mən də onlar kimi eləmək istədim və öncə başımı oradan tökülən suyun altına tutdum, sonra da bütövlükdə bədənimi. Əvvəlcə, bilmirəm, soyuqdanmı, yoxsa havasızlıqdanmı az qala nəfəsim kəsiləcəkdi. Amma yenə də canımı dişimə tutub bir qədər dayandım və sonra dərindən nəfəs ala-ala şəlalənin altından çıxdım.

Bir azdan hamımız kənara çıxdıq və gətirdiyimiz məhrabalarla qurulanıb yola düşdük, Bundan sonra demək olar ki, hər gün dan yeri ağaran kimi İmran gəlib məni çağırır və bərabər vannalara çimməyə yollanırdıq. Daha o biri uşaqlar yoxdu və ikimiz bərabər çimir, bərabər də qayıdırdıq.

   —  İmran, — deyə bir dəfə ondan soruşdum, — bəs bu vannaları, özü də bir belə, kim tikib?!

İmran sualıma xeyli güləndən sonra mənə belə izahat verdi:

   — Sən nə danışırsan, bu qədər vannanı heç tikmək olar, özü də dağın ətəyində? Bunları həmin bu gördüyün çay uzun illər boyu daşlardan yonub düzəldib.

Sonra da əliylə vannaların içində və böyür-başında qalaqlanmış ağlı-qaralı çay daşlarını göstərdi. Amma mən buna heç cür inanmaq istəmədim və ondan:

   — Heç çay da belə vannalar düzəldə bilər? – deyə soruşdum.

Qonşum mənimlə həmin gün xeyli izahedici söhbət apardı, amma onun dedikləri ağlıma batmadı ki, batmadı. İmran yorulub məndən əl çəkəndən sonra da bu vannaların mənşəyi haqqında öz fikrimdə qaldım.

Biz səhərlər yenə də İmranla çimməyə yollanır, axşamlar isə hərdənbir Körpü gözünə adaxlıbazlığa gedirdik. Biz həmin qızın yaşadığı dəyənin, ya da ki, yaxınlıqdakı bulağın böyür-başında dolananda mən özümü çox mühüm bir adam, yəni adaxlının köməkçisi rolunda hiss eləyirdim, bu məni öz gözümdə xeyli qaldırır və qoltuğuma qarpız verirdi. Amma bizim səfərlərimiz şenliyin ətrafında dolaşıb, bulağa gedən yolun kənarında dayanmaq, oraya su doldurmağa gələcək qızlar dəstəsini gözləmək, sonra da onları uzaqdan seyr eləməklə sona çatırdı. Mən bir dəfə yenə də ordan-burdan eşitdiyimi İmrana məsləhət gördüm:

    — Qıza heç olmasa bir yaxınlaş, de ki, səni sevirəm. Soruş gör o da səni sevir, yoxsa başqasını…

İmran sözümü ağzımda kəsdi:

   — Eh, elə bilirsən asandı, ata-anası, qohum-əqrəbası adamı biabır eləyər.

İmran bununla vaxtilə mənim ona məhəbbətin çətinlikləri barədə dediklərimi az qala təkrar elədi. Mən istər-istəməz qürur duysam da, bunu büruzə verməməyə çalışdım.

Amma bir gün adaxhbazlıqdan yenicə qayıdıb dəyələrimizə yerləşmişdik ki, bayırda səs-küy qopdu. Mən də istər-istəməz yeməyimi yarımçıq qoyub bayıra sıçrayanda bir qadının Sara arvadı yamanladığını gördüm:

   — Oğlunu çək, ay arvad, qıçına bağla. Vallah, yoxsa onun başına bir oyun açarıq ki! Ərimi qoymadım gəlməyə, gəlsəydi onu qanına bələm-bələm eləyəcəkdi. Görsəm o köpəyoğlunu, qıçımı onun … soxacam.

Handan-hana anladım ki, bu gələn İmranın istədiyi qızın anasıdı və oralarda çox dolaşdığımızdan bütün ailə məsələdən duyuq düşübdü. Sara arvad onun dediklərini cavabsız qoymamağa çalışır və yeri gəlsə İmranın da tək olmadığını deyirdi. Anamsa bir yandan Sara arvadın tərəfini saxlayıb:

   — Əşi, heç nə olmaz, uşaqdılar, bir qız bir oğlanındı, — deyirdi, o biri yandan da məsələnin sülh yolu ilə bitməsi üçün qızın anasını sakitləşdirməyə çalışırdı.

Amma qızın anası sakitləşmək bilmir, gah Imranın özünü, gah da bütün ailəsini söyüb bulayır, hamısını hədələyirdi. Sara arvad da dinc dayanmır, onun hər sözünə qarşı söz qoyurdu. Beləcə, anamın bütün barışdırmaq səylərinə baxmayaraq, bir azdan ara qızışdı. İndi hər iki qadın bərkdən həm özlərinin, həm bir-birinin ayıb yerlərinə işarə eləyir, biri digərini namussuzluqda, hətta yad kişilərlə gizli əlaqələrdə ittiham eləyirdi.

Anam mənim hələ də dayanıb baxdığımı görəndə hirsləndi və oradan qovdu. Amma bir az kəinara çəkilsəm də, həmin yerdən o qədər uzaqlaşmadım və görünməmək üçün dəyənin bir küncünə qısılıb getdikcə qızışmaqda olan səhnəni seyr etməkdə davam elədim. Yavaş-yavaş başqaları da yığışmağa başladı, ən çox da qadınlarla uşaqlar. Gənclər və kişilər isə arvad qovğasına baş qoşmağı ayıb hesab elədiklərindən adətən belə hallarda gözə görünməzdilər. Adamların yavaş-yavaş toplanıb onları seyr elədiklərini duyanda, söyüşənlər səslərini daha da qaldırdılar və birdən qızın anası nə dedisə Sara arvad qollarını açıb ona cumdu. O biri arvad da ondan yapışdı, dırnaqlar, dişlər işə düşdü; onlar tutuşaraq yerlərində fırlanır, bir-birinin saçından yapışmağa çalışırdılar. Söyüşlər getdikcə daha da qəlizləşir, daha utandırıcı olur və daha da bərkdən səslənirdilər. Anam hey arvadları dilə tutmaqda davam eləyir, aralamağa çalışırdısa da bir şeyə nail ola bilmirdi. Birdən onları qoyub dəyənin içərisinə girdi və tez dolu bir vedrə ilə qayıdıb onun içərisindəki suyu dava eləyənlərin üstünə tökdü. Arvadlar hər ikisi möhkəm islandılar, soyuq su canlarına işlədiyindən, sanki qızınmaq istəyirmiş kimi, tez bir-birini buraxıb əllərini döşlərinə sıxdılar və yavaş-yavaş aralandılar. Qızın anası islanmış paltarının suyunu sıxmağa çalışaraq, deyinə-deyinə uzaqlaşdı, Sara arvad isə öz dəyəsinə getdi. Mən də dəyəmizə qayıtmaq istəyəndə anamın ona yaxınlaşan arvadlardan birinə dediyi sözləri eşitdim:

    — Mən dədəm evində öz bacımla qovğa eləyəndə, qardaşlarımız bizi ayırmaq üçün həmişə üstümüzə soyuq su tökərdilər.

Bütün bu müddət ərzində İmran bir dəfə də olsa bayıra çıxmadı. Həm də bundan sonra, mən nə qədər təəssüf də eləsəm, biz bir daha Körpü gözünə getmədik. Amma İmranla bərabər gəzib dolanmaqda davam edirdik: İndi o əvvəlkinə nisbətən bir az qəmgin və fikirli görünsə də, yenə tez-tez məni özüylə bərabər gəzməyə çağırırdı.

Atam artıq bir neçə dəfə gəlib-getmiş, gələndə bizə özüylə anamın sifariş verdiyi ərzaq və əşyalardan da gətirmişdi. O bizə əsasən, anamın yaddan çıxarıb, ya da burada lazım olacağını düşünməyib evdə qoyduğu qab-qacağı, bundan başqa samovar çayı qoymaq üçün kömür, bir də «salyarka» dediyimiz yanacaq gətirir və bunları qəsəbədən gələn yolüstü yük maşınlarından birinə yükləyirdi. Salyarkanı «maşınka» dediyimiz kiçik əl sobasını yandırmaq üçün işlədirdik. Anam kömürümüz qurtaranda samovar əvəzinə metal çaydanı maşınkanın üstünə qoyub qaynadır, odunumuz tükənəndə isə onda yemək bişirirdi. Düzdü, bu maşınka yananda bır az his eləyirdi, amma onda bişən yeməklər də odun sobasında olduğu kimi dadlı olurdu. Qalan şeyləri isə əsasən yan-yörəmizdəki kəndlərdən gətirib satırdılar.

Düşərgəmizin ətrafında kəndlər çoxdu: Mənəş, Erkəc, Buzluq kəndlərində ermənilər və malakanlar yaşayırdılar,  Dod dağının yaxınlığındakı bir təpəyə qısılmış  Baş Qışlaq dedikləri böyük kənd isə azərbaycanlıların məskəniydi.

Mən bizimkilərin ermənilər yaşayan kəndlərə gedəndə həmişə gərginlik keçirdiyini hiss eləyirdim. Bu ən çox məndən bir az böyük olan gənclərə sirayət eləmişdi. Erməni kəndlərinə gedəndə bəzən dava düşərdi, onlar biz tərəfə gələndə də. Bundan başqa arada çox güclü və barışmaz bir prinsipiallıq duyulmaqdaydı, hər iki tərəf özünün daha üstün olduğunu göstərməyə çalışardı. Amma yenə də ermənilərlə əlaqələrimiz, gediş-gəlişimiz çox idi, hətta bir çox müsəlman ailələri erməni ailələriylə çox yaxından dostluq edirdilər.

Erməni-müsəlman davası haqqında məndən yaşca böyük olan məktəblilərdən eşitmişdim. Onlar Cəfər Cabbarlının «1905-ci ildə» pyesindən danışar və deyərdilər ki, əsrin əvvəlində Bakıda erməni-müsəlman davası olub, aranı da o vaxtkı çar hökuməti qızışdırırmış, öz çirkin məqsədlərinə çatmaq üçün. Uşaq vaxtı bu mövzuyla çox maraqlandığımdan böyüklərin ədəbiyyat dərsliyini alıb həmin pyesi mən də oxumuşdum. Burada ermənilər bizə dost və qardaş kimi göstərilmişdilər, söhbət isə həm nahaq qırğından, həm də azərbaycanlı gənc ilə erməni qızının məhəbbətindən gedirdi. Məndən yaşda böyük olan məktəb uşaqlarına bu mövzu çox təsir eləyər, nahaq qırğın salanları yamanlayardılar. Yaşlı adamlara qalanda isə onlar nə Cəfər Cabbarlının özünü, nə də onun bu pyesini əməlli tanıyırdılar. Bizim evimizdə təmir işlərini atam erməni ustalara gördürərdi, çünki belə hesab eləyirdi ki, ən yaxşı sənətkarlar ermənilərdən olur.

Biz məktəbdə öyrənir və dərsliklərdə oxuyurduq ki, bizim dilimizdə danışanların adı azərbaycanlıdı, dinimiz haqqındasa heç bir məlumat verilmirdi. Böyüklər, ata-anam, başqa qohumlarımız və bütün yaşlı qəsəbə əhli deyirdilər ki, bizim adımız müsəlmandı, dinimiz də müsəlman dinidi, danışdığımız dil isə «musurmancadı». «Azərbaycanlı» sözüysə, atam nə qədər cavan da olsa onun dilinə yatmırdı  və  o bu  sözü  demək olar ki, işlətmirdi.  Məndən bir az böyüklər, yəni İmran yaşda olanlar gecə — gündüz azərbaycanlılardan danışırdılar, yəni bizim adımızın bu cür olduğunu və dilimizin də Azərbaycan dili olduğunu deyirdilər.Bizimkilərdən bütün tanıdıqlarım, o cümlədən mənim öz valideynlərim, xüsusən də atam, dini etiqaddan çox uzaq idilər və namazın, orucun nə olduğunu bilməzdilər, özlərini müsəlman adlandırsalar da. Mən, ümumiyyətlə, heç vaxt bu deyilənlərə əməl edən adam görməmişdim, amma eşitdiyimə görə belələrinə yaşlıların içərisində az-çox rast gəlmək olardı. Tək nəyə görəsə ermənilər biznm adımız başqa cür deyirdilər.

Lap birinci dəfə mən bunu yaylağa gəlməyimizdən iki-üç ay əvvəl evimizdə təmir işləri görən bir erməni ustadan eşitdim. Yuxarıdakı bir erməni kəndindən olan Sərkis atamın dostu idi, arabir həmkəndlisi Museslə bərabər gəlib bizim evdə təmir işləri aparardı. Bir dəfə onlar özləri ilə Suren adlı başqa bir həmkəndlilərini də gətirmişdilər. Amma Suren o biri ustalara baxanda qaşqabaqlı və sanki nədənsə narazı kimi görünürdü. Bir dəfə valideynlərimiz onlar üçün yaxşı süfrə açıb özləri işə getmişdilər, ustalarla tək biz uşaqlar qalmışdıq. Süfrədə araq da vardı və içəndən sonra Suren özünü daha da anlaşılmaz şəkildə aparmağa başladı. O erməni dilində o biri ustalara çox qızğın şəkildə nəsə danışır, sonra da bizi göstərib “türklər”, “türklər” deyirdi. Sərkis də, Muses də onu sakitcə dilə tutur, sakitləşdirməyə çalışırdılarsa da, Suren aram olmurdu ki, olmurdu. Bundan sonrakı günlərdə Suren özü biz uşaqlarla söhbət aparmağa başladı: o, məni, bacımı, qardaşımı və bizə gəlib-gedən başqa uşaqla­rı inandırmağa çalışırdı ki, bizim adımız əslində türkdü. Biz türklərin Türkiyədə yaşadığını deyəndə, o razılaşar və sonra da deyərdi ki, bizimkilər oradan buraya gəliblər, əslində bütün buralar hamısı ermənilərin torpaqlarıdı.

Bir dəfə, atamın dostu Mahmud dayı ilə iş yoldaşı Qurban kişi də bizdə olanda, elə onların yanındaca atama erməni ustalarından eşitdiklərimi danışdım və bunların doğru olub-olmadığını soruşdum. Atam bunu eşidəndə çox qeyzlənib:

– Qovacam getsin o köpəyoğlunu, – dedi. – Axı indi hansı vaxtdır ki, belə söhbətlər eləyəsən, özü də uşağın yanında? Eşidib bilən olsa, onsuz da dərisinə saman təpəcək.

Sonra da atam dedi ki, Suren erməni millətçisidir, guya buna görə onu hətta bir dəfə həbs də eləmək istəyiblər.

Mahmud dayı, traktorların təmiri üzrə çilingər  işləyən atamdan və Qurban kişidən fərqli olaraq, savadlı adamıydı, institut qurtarmışdı. O bu deyilənləri  eşidib üzünü, tənbeh edirmiş kimi, mənə tutdu:

– Belə şeyləri bir də orda-burda danışma, sənə də olmasa, atana zərəri olar. Stalinin vaxtı olsaydı, onların cəzasını dərhal verərdilər. Bir də axı nə dəxli var, biz kommunizm qururuq, belə söhbətlər bizim nəyimizə lazımdı?

– Bəs ermənilər niyə belə söhbət eləyirlär? – deyə məni narahat eləyən və düşündürən sualı bu adama verdim.

– Deməli, onlar kommunizmə bizdən gec çatacaqlar. Axı sənin özün də pionersən, sizə yəqin öyrədirlər ki, əvvəlcə insanların şüuru dəyişməlidir. Qurban kişi atamdan da, Mahmud dayıdan da yaşda xeyli böyük idi və mənim Mahmud dayı ilə söhbətimi eşidəndən sonra özü mənə izahat vermək fikrinə düşdü:

– Ay oğul, bizim buraya gəlmə olmağımız yalan söhbətdi. Min illər boyu bizim ata-babalarımız burda yaşayıb, onların qəbirləri də burdadı, biz axı nə təhər gəlmə ola bilərik? Sonra bizim Türkiyə ilə nə əlaqəmiz var axı? Ermənilərin özünü bura rus padşahı gətirib. Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik atam deyərdi ki, ermənilər bizim tərəflərə gələndə çox pis gündəydilər, qapı-qapı gəzib acından ölməmək üçün çörək istəyirdilər, bir qarın yeməyə hər cür işlərimizi
görməyə razı olurdular. Biz onlara çox kömək elədik, aclıqdan qurtardıq. Sonra birdən nə oldusa erməni-müsəlman davası düşdü…

Mahmud dayı bu yerdə onu dayandırdı:

– A kişi, bəsdi, burax bu söhbətləri, uşağın yanında belə şeylər danışma. Gedib orda-burda ağzından qaçırar, sonra atasını incidərlər.

Amma Qurban kişi davam elədi:

– Onların çoxunun evində pulemyotu da var, özləri də heç vaxt bir-birinin tərəfini verməzlər, bizimkilərsə özününküləri satmağa qoçaqdırlar, məbada biri  evində iki dənə patron saxlaya.

Mahmud dayı yenə hirsləndi:

– A kişi, sənə demədimmi belə söhbətlər eləmə. Rus heç imkan verərmi ki, ermənilərə, başlarını qaldıralar, həmin saat onları otuzdurar yerinə.

Qurban kişi ağır-ağır köksünü ötürdü:

– Əgər sabah yenə dava düşsə, bizim vəziyyətimiz çox ağır olacaq, çünki ermənilər ona həmişə hazırlaşırlar, biz isə hər şeyi yadımızdan çıxarmışıq.

Atam bu söhbətdən sonra da nə Surenə, nə də o biri ustalara toxunmadı,  çünki belə hesab eləyirdi ki, ən yaxşı sənətkarlar ermənilərdən olur.

Bizim əsas bayramımız novruz idi,  yasımız isə məhərrəmlik ayındakı Aşura. Anam novruza az qala bütün il boyu hazırlaşar, hər il onu əvvəlkindən daha yaxşı keçirməyimizi istəyər, bunun üçün aylarla çalışardı. Məhərrəmlik girəndə isə İmam Hüseynin qətli ilə bağlı bir həftə paltar yumaq və ütüləmək kimi məişət işlərini təxirə salardı. Həmin vaxt kişilər də bir həftə araq içməzdilər.

Bizimkilər on iki göy imama and içər, heyvan və quşları üzü qibləyə kəsər, qurban əti paylayardılar. Allahın adını məişətdə çox çəkərdilər, amma buna daha çox vərdiş olunduğunu güman etmək olardı. Bir də məhərrəmlik vaxtı bəziləri Cəncədəki Imamzadanı ziyarətə gedərdilər. Bir qisim isə bir niyyəti baş tutanda Toysal dediyimiz ocağa, ya başqa müqəddəs sayılan ocaqlara — bu daha çox otsuz — bitkisiz çöllüklərdə əmələ gəlmiş tənha ağaclar idi — gedib nəzir qoyardılar. Bu deyilənlərdən kənarda bizim həyatımızda din yox idi.

Bizim adamları ən çox maraqlandıran pul qazanmaq, bir-birinin bəhsinə daha yaxşı yaşamaq idi. İçkisiz məclisi isə ayıb sayardılar və ümumiyyətlə, yeyib-içmək, gəzmək və kef eləməkdən, ətrafın nəzərində həm «imkanlı», həm də, nə iş görsələr də, namuslu — izzətli adam kimi görünməyə çalışmaqdan savayı bizim adamlar az şey haqqında düşünərdilər. Bir də müsəlmanların içərisində kommunist erməni və ruslarda olduğundan qat-qat çox idi. Adamlarımızın çoxusu nəyin bahasına olursa-olsun kommunist partiyasına üzv olmağa çalışır, bunu cəmiyyətdə irəliləmək, var-dövlətə, firavan həyata çatmaq və öz həmcinsləri üzərində hökm etmək üçün çox mühüm şərt sayırdılar. Mənə elə gəlirdi ki, bu deyilənlərə can atanlar öz məqsədlərinə çatmaq üçün çox-çox şeyləri qurban verməyə hazırdılar. Bir də mənə elə gəlirdi ki, heç bir yerdə, heç bir xalqda kasıblıq bizdə olduğu qədər ayıb sayılmırdı və alçaldıcı deyildi, heç yerdə «imkanlı» adamlar bizdəki kimi qudurğan deyildilər və başqalarmı ayaqlamağa çalışmırdılar və bir də heç yerdə bizdəki qədər var-dövlətə can atmırdılar. Ordan-burdan eşitdiyimə görə bu məziyyətimizi ermənilər də bilir və bizim haqqımızda deyirdilər ki, onlara pul versən hər şeyə razı olacaqlar, onlarınkı pul və kef çəkməkdi. Milis, prokurorluq, dövlət və hakimiyyəti təmsil edən başqa idarələr bizim adamların «qanını içir», onlara zülm eləməkdən, əzab verməkdən olmazın zövq alırdılar. Amma ermənilər və malakanlara çox ehtiyatla davranıb, onlarla ünsiyyətdə qanun çərçivəsindən kənara çıxmamağa çalışırdılar.

Azərilər həm də beynəlmiləlçi idilər, yəni başqalarına baxanda. Tutaq ki, ermənilər və gürcülər başqa məmləkətə gedəndə dərhal öz aralarında birləşər, bir-birinə yardım etməyə çalışardılar. Azərbaycanlılarda da bu az-çox vardı, amma möhkəm deyildi. Belə ki, başqa yerdə yaşayan azərilər daha çox yerli adamlarla ünsiyyət qurmağa çalışır və bir-birindən qaçırdılar, xüsusilə də az-çox qalxa bilənlər. Yəni Azərbaycanda bir tərəfdən tayfaçılıq və yerliçilik, yəni ki, əyalətpərəstlik, nə qədər dəbdə olsa da, kənar yerdə bir toplum kimi birləşmə zəif idi, bəlkə də həmin tayfacılığın başqa bağları zəiflətməsinə görə. Digər tərəfdən, ola bilsin, bu onunla bağlıydı ki, azəri kənara çıxanda tayfa mübarizəsindən qurtulurdu və özünü reallaşdırmaq imkanı qazanırdı. Sadə azərbaycanlıların çoxusu cürətli, vəziyyətdən baş açmağı bacaran, əziyyətdən qorxmayan, zəhmətkeş adamlar idi, risk və çətinliklərlə dolu olan həyat yaşamağı sevirdilər, buna ğörə də onların başqa məmləkətlərdə mənsəbə çatıb, şöhrət qazanması nadir hadisə deyildi. Belə zənn etmək olar ki, azərilər mili çərçivədə çox sıxılırdılar və qabiliyyəti olanlar belə bunu həyatda göstərə bilmirdilər. Milli əxlaq tələbləri, davranış qaydaları da olduqca ağır və üzücü idilər. Kənara gedən adam bunlardan uzaqlaşan kimi bəzən öz həmvətənlərindən, həmin ağır, üzüntülü tələbləri xatırlamamaq üçün, üz döndərir, yerli adamlara, yerli həyat tərzinə, başqa millətlərin nümayəndələrinə nisbətən daha çox meyl edirdi.

İndi buraya, Dod dağının ətəyindəki düşərgəyə həm müsəlman, həm erməni, həm malakan kəndlərindən satmağa cürbəcür ərzaq, meyvə və başqa şeylər gətirirdilər. Müsəlmanlar ən çox toyuq-cücə, yumurta, kartof-soğan, göy-göyərti, odun, ermənilər isə cürbəcür meyvələrdən müxtəlif şüşə qablarda düzəldilmiş mürəbbə, cem, samogon araq, çaxır gətirirdilər. Malakanların gətirdikləri isə əsasən taxta çəlləklərdə yetişdirilən xiyar, pomidor, ağ və qırmızı kələm turşuları, bir də qaz idi. Qazı onlar kəsib, təmizləyir, sonra da çayda, göldə-nohurda gəzdiyindən ətinə sızan miz tamını yox eləmək üçün bir parça cunaya büküb evin eyvanından asır, üç gün bu vəziyyətdə saxlayırdılar. Bu üç gündə də qazın bütün iyi-qoxusu çəkilib gedirdi. Hər üç kənddən, yəni müsəlman Baş Qışlağı, Erməni Borisi, Rus Borisindən gələnlər mallarını əsasən «UAZ» maşınlarında, ya da at arabalarına yükləyib gətirərdilər. Bundan başqa düşərgə əhli özü də bəzən bazarlıq üçün bu adı çəkilən kəndlərə gedərdi. Anam, Sara arvad və İmranla bərabər mən də şey-şüy almaq üçün hərdənbir bu kəndlərə gedirdim. Baş Qışlağın camaatı çox kasıbdı, dolanışıqları ancaq bizlərə, ya köhnə Ortakənd, yeni Şaumyan bazarında göy-göyərti, mer-meyvə satmaqdan çıxardı. Onların həm özləri, həm məişətləri, həm davranışları çox sadə, yəni dağ adamlarına xas idi. Onlar elektrik nəydi bilməzdilər, radionun, televizorun haqqında deyəsən heç eşitməmişdilər də. Buna görə bizim qəsəbə sakinləri onlara yuxarıdan aşağı baxar, onların hər hərəkətini, danışığını lağa qoyub gülərdilər.

Baş Qışlaqda da bizim qəsəbədə və bütün ətrafda olduğu kimi bir dənə də olsun məscid yox idi; erməni kəndlərində bir-iki xaraba kilsə gözə dəysə də, onların da işləyən bir məbədi yox idi. Rus kəndlərində heç xaraba kilsələr də gözə dəymirdi. Deyirdilər ki, guya köhnə ayinçilərin kilsəsi elə evlərdə olur, amma buna da heç inanmağım gəlmirdi. Rus Borisinə gedəndə diqqəti ən birinci çəkən kiçik, çox vaxt taxtadan tikilmiş olan evlər idi. Biz müsəlmanlara baxanda rusların evlərində heç bir təmtəraq görməzdin, ermənilərdə də bu bizə baxanda az idi. Bi dəfə erməni kəndində dəfn mərasiminə rastladıq. Adamlar bir evin ətrafında toplaşmışdılar, biz də İmranla oraya üz tutduq. Evin içərisi çox qəşəngdi, heç belə gözləmirdim: divarlardan cürbəcür rəsmlər asılmışdı. İçəri adamla doluydu, bir nəfər uzun qara paltarlı və hündür şiş papaqlı şəxs nəsə oxuyur, içəridəkilər də xorla təkrar eləyirdilər. Bizə heç fikir verən yox idi, hamı öz işində idi. Rus Borisində də bir dəfə bir dəfn mərasimi gördük. Burada da evin içində ikonalar asılmış və şam yandırmaq üçün dəmir masalar qoyulmuşdu. Bura da adamla doluydu. Biz oradan çıxanda İmran müdrik görkəm alıb dedi:

— Bunlar köhnə ayinçilərdi, iki yüz il bundan qabaq Yekaterina onları Rusiyadan buraya sürgün edib.

Ermənl Borisi və Rus Borisi kəndlərində də elektrik yox idi, amma tez-tez adamların orada-burada yığışıb gəzdirmə radioya qulaq asdıqlarını görmək olardı. Həm də bu kəndlər Baş Qışlağa baxanda xeyli abad görünürdülər.

Malakanlar bizdən bir qədər təcrid olunmuş və bizimkinə o qədər bənzəməyən bir həyat keçirirdilər, amma onların da içində dostluq etdiklərimiz vardı.  Atamın dostluq etdiyi Nikolay bizim qəsəbədə yaşayırdı; o ustalıq edir, aldığı pulu da arağa verib içirdi. Çox vaxt qəsəbədə ona iş gördürər, pul əvəzinə isə araq verərdilər. Bizim evdə əsas işlərə atam erməniləri gətirsə də, xırım-xırda işlləri özü Nikolaya verərdi. Nikolay da səhərdən gəlib evimizdə işləyər, nahar hazır olanda isə birinci növbədə evdə arağın olub – olmadığını soruşardı. Atam həmişə Nikolay gələndə ya dükandan bir şüşə araq alar, ya da ki, ona çox vaxt evimizdə ehtiyatda olan samoqon dolu balondan stəkana töküb verərdi. Samoqonun dərəcəsi çox vaxt altmış olurdu, atam deyirdi ki, ona bir az su qatıb samoqonu qırxa, yəni arağın dərəcəsinə çatdırmaq lazımdır ki, içməli olsun. Bir dəfə isə elə oldu ki, mən evdə tək olanda Nikolay bizə gəlib məndən araq istədi. Mən də həmin samoqon doldurulmuş balondan bir stəkana töküb, oraya su da əlavə etdim və onu şəstlə Nikolaya verdim. Nilolay isə ondan bir qurtum alan kimi, üz-gözünü turşüdub:

— Это же вода! – deyə qeyzlə qışqırdı.

Mən stəkanı ondan geriyə alıb burnuma yaxınlaşdırdım: bu doğrudan da heç araq kimi qoxumurdu. Belə çıxırdı ki, atam bu balondakı samoqonu artıq araq dərəcəsinə çatdırmışdı, mən isə  samoqona yox, hazır arağa su qatmışdım.

— Налей из банки и принеси мне как есть. Твой отец уже сделал водку из самогона, — deyə qoca usta məni yenə də araq dalınca göndərdi.

Mən bir də stəkanı doldurandan sonra daha ona su qatmayıb Nikolaya gətirdim. O birnəfəsə stəkanı başına çəkdi, sonra da mənə «спасибо» deyib getdi. Nikolay arvadıyla bir yerdə kiçik bir mənzildə yaşayırdı; onların yeganə oğlu kiçik yaşlarında tələf olmuşdu, buna görə də bizim qəsəbədə deyirdilər ki, Nkolay bundan yana içir.

Bir dəfə Imranla ikimiz Rus Borisinə gedəndə camaatın kişili-qadınlı üstü örtülü bir meydançaya toplaşdığını gördük. İmran sevincdən az qala atılaraq məni oraya tərəf dartışdırdı:

— Tez gəl, bu gün deyəsən burada tansdı. Mən qızlardan birini dəvət eləyib oynayaram, sən də baxarsan.

Meydançanın girişində kiçik bir masa qoyulmuşdu və onun arxasında oturmuş iki nəfər kişi yanlarına çatanda bizdən o qədər də başa düşülməyən bir dildə nəsə soruşdular: bu rus dilinə oxşayırdı da, oxşamırdı da. Kişi bizim duruxduğu-muzu görüb bu dəfə Azərbaycan dilində soruşmağa cəhd etdi:

— Tans eliya bilirsen?

İmran buna müsbət cavab verəndə, kişi onun rəqs etməyi harada öyrəndiyini soruşdu. İmran da dedi ki, tanış uşaqlarla bir yerdə neçə dəfə Rusiya şəhərlərində „sezonda“ olub, orada tez-tez rəqs etməyə gedirmiş. Kişi bunu eşidəndən sonra İmrana dedi:

— Elli qapik.

İmran əlli qəpik ödəyib, tez rıəqs meydançasına keçdi. Bir az o yan — bu yana vurnuxandan sonra dolu bir qızı rəqsə dəvət etdi. Qızın bundan sevindiyini mən kənardan belə sezdim. O bir  əlini İmranın çiyninə qoyub o biri ilə İmranın əlindən yapışdı, İmran da onun belndən tutdu. Beləcə musiqiyə uyğun rəqs etməyə başladılar. Amma bir az o yan — bu yana fırlanandan sonra məlum oldu ki, İmran əməlli rəqs edə bilmirmiş; o gah addımını səhv istiqamətdə atır, gah qızın ayağını tapdalayır, gah da nəsə yöndəmsiz bir hərəkıt edirdi. Birdən qəz dayanıb, İmrandan bir addım geri çəkildi, ona nəsə deyib qeyzlə aralandı. O biri rəqs edənlər İmrangil tərəfə heç baxmasalar da, o bundan bərk pərt oldu və suyu süzülə-süzülə rəqs meydançasını tərk etdi.

Həmin hadisədən bir neçə gün sonra Imran özü yaşda olan dörd-beş nəfər gənclə Kəpəzə çıxdı. O məni də özüylə götürmək istəyirdi, amma anam qoymadı.

Səhərisi gün isə yenə həmin dəstə ilə bərabər mən də Baş Qışlağın yuxarısındakı Ağ Qaya deyilən yerə yollandım. Bir az maili dayanmış, uca qayanın üstündə çətinliklə də olsa duraraq xeyli dağ moruğu yığdıq. Sonra qayanın dibinə enib özümüzlə gətirdiyimiz yağdan, şordan, süzmədən, pendirdən, lavaşdan yedik. Çox acmışdım və heç vaxt belə ləzzətlə və iştahla yemək yeməyim yadıma gəlmirdi. Sonra aşağı endik və Baş Qışlaqla Körpü gözünün arasından axan Qıj-qıjçayda çimdik. Su gözyaşı kimi dumduru idi. Mən artıq vannalarda so-yuq suda qalmağa öyrəşmişdim və ona görə çayda çimməkdən ləzzət aldım.

Avqustun əvvəllərində güclü yağışlar başladı, o günlərlə davam edir, kəsmək bilmirdi. Aranla gediş-gəliş kəsilmişdi, heç özümüz də bayıra çıxa bilmirdik. Atam bazar günü gəlməliydi, amma maşınlar belə havada yuxarı qalxa bilmədiyindən gəlməyi müşkülə düşmüşdü. Anam indi çörək əvəzinə yuxa yayıb iri dəmir sacın üstündə bişirirdi, amma getdikcə hər şeyimiz — odun, kömür və arandan gətirilən ərzaq tükənirdi. Nə bişirsək Sara arvadgillə yarı bölür, çatışmayan şeyləri bir-birimizdən alırdıq. Ətraf kəndlərdən yenə bizə cürbəcür şeylər gətirib satırdılar. Həmişə bizə meşə əzgili gətirən Baş Qışlaqdan olan yaşlı bir arvad bu günlərdə xüsusilə tutqun görünürdü. Anam ondan nə olduğunu soruşanda, sifəti çox sirli-sehirli bir görkəm aldı və səsini aşağı salıb:

— Kəpəzə qar yağıb. — dedi.

Mən arvadın lap yaxınlığında dayanmışdım və mənə elə gəldi ki, o sanki həyatında olan ən mühüm bir şeydən xəbər verirdi. Əslində nəinki Kəpəz, Murov, heç yaxınlıqdakı təpələr də görünmürdülər. Zorla «Dədəm gəldi» yolunu seçirdik və həmin günlərdə hamı nəzərlərini ona zilləyib arandan gələcək ailə başçılarını gözləməkdə idi. Atam dediyi vaxtdan iki gün gec gəldi; o, şalvarının balaqlarını dizə qədər çırmamış, ayaqqabılarını isə bir payaya keçirmişdi. Özü də təkcə gəlmişdi. Atamı görəndə bizdən başqa ətrafdakı dəyələrdə yaşayanlar da yüyürüb onu əhatəyə aldılar. Hamını arandakı vəziyyət maraqlandırırdı. Atam aranda çox isti olduğunu və oraya bir damcı da olsun belə yağışın düşmədiyini dedi. Sonra da dedi ki, maşınla gəlirmiş, amma o düşərgədən on kilometr aralı olan Başkənddən bu yana qalxa bilməyib, ona görə də oradan buraya piyada gəlib.

Bir neçə gün sonra yağışlar kəsdi, gün çıxdı, atam yenə arana qayıtdı. Biz yenə İmranla hər gün vannalara çimməyə gedir, ətraf kəndlərə yollanırdıq. Avqustun axırlarında yavaş-yavaş düşərgə əhli yığışıb arana dönməyə başladı. Biz də qayıtdıq. Bütün yolu anamla biz uşaqlar yenə kuzovda döşəklərin üstündə dirsəklənərək gələn il hansı şenliyə düşəcəyimizi müzakirə elədik.

Cələn il yaylaq vaxtı gəldi, yenə qəsəbə əhlinin böyük bir qismi, o cümlədən İmrangilin ailəsi dağlara yollandı. Amma biz gedə bilmədik, bu, deyəsən, atamın işiylə bağlıydı. Saxladıq o biri ilə, gəl ki, o biri il də başqa bir əngəl çıxdı. Hər halda ildən-ilə yaylağa gedənlərin sayı azalır, adamların çoxusu istidən qovrula-qovrula aranda qalırdı. Bir az da keçəndən sonra isə ancaq çobanlar sürüləri ilə bir yerdə dağlara getməyə davam elədilər. Amma o vaxt Qurban kişinin xəbərdarlıq elədiyi kimi, erməni-müsəlman davası bir də başlayanda onların da yolu kəsildi.

 

                                                                                      Laubuseşbax, 2000-ci il 

 

 

 

 




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 7 + 8 ?
Please leave these two fields as-is: